Küllü aləm dəyişir, o, dəyişmək istəmir…

Dərc olunub: 22/10/2018 - 15:47

nureddNurəddin İsmayıl

Bu ölkədə populyar olmadan, titullar əldə etmədən, sözün saya salınmaz, ən qiymətli fikrə dəyər verilməz. İstər poetik yaz, istər siyasi, istərsə də fəlsəfi. Siyasi eynəkdən baxanlar səni yad sanıb yaxına buraxmaz, şeir monopolistləri köhnə bazara təzə nırx qoyanları xoşlamaz, adam bəyənməz, kafedral filosoflar da ürfani düşünənləri çaş-baş görər. Bu nə ölçü, bu nə yanaşma. Dağsan yamacın hanı, dəryasan sahilin hanı, şeir xiridarısan, söz ucalığın hanı, filosfsan təvazön hanı, əlçatmaz siyaçisən məkəbin hanı, mürşidsən müridin hanı.

Bəlkə söz də sizə birilərinə dədədən miras olaraq verilmiş. Çölündə var-gəl edib, iç qatına girə bilmədiyin söz başqa bir şey. Yanşağın qarın otarılan yerlərdə urvatdan saldığı söz deyil söz. Məddahın saraylarda boğazdan yuxarı dilə gətirdiyi söz deyil söz. Əriməsən qazanında, bilməzsən hikmətini yazında. Hikmətinə varsan hər əşya sözdür. Danışa bilsən, dindirə bilsən söykəndiyin qaya da, daş da sözdür. Sözdən oldu olanlar, boş olub sonradan dolanlar. Uzatmayaq sözü, Allahın “Ol” sözünə sadiqlər bilər nədir sözün içi.

Ruhun diktəsi, eşqin mələk dili, halın ifadəsi, ürək yanğısı, ilahi qəmə çağırış, maddi ehtiyacdan uzaq yalvarış dediyimiz şeir de bir başqa şey. Sən ha yazıb qalaqla kitabı kitab üstünə. Bəzən bir misra, bir beyt də bəs eylər haqqı dilə gətirən şairin incə duyğusunu anlatmağa. Yandırmasa, oyatmasa, özünə qaytarmasa, duyğularına hakim kəsilməsə, səni eşqin məcrasına salmasa şeir deyil şeir. Aşiqlər, eşqə sarılanlar bilər şeirin ruhu vəcdə gətirən ilahi gücünü.

Adam şərqin, qərbin fəlsəfi fikirlərini toplamış bir yerə, əvvəlinə şərh, sonuna şəkilini əlavə etmiş, himayəçilərini işə salmış, yazdıqlarını Ali Atttestasiya Komisiyasından keşmiş və olmuş fəlsəfə elmlər doktoru. Hər şeyin ziddinə gedir, ziddiyyət içində vəhdəti əsla xoşlamır, tək olmağın, vahid olmağın Allaha məxsusluğunu unudub, özünü fəlsəfi dünyanın təki sayır. Təkdə cəmin, cəmdə təkin, təsdiqdə inkarın, inkarda təsdiqin ilkin nur mənbəyindən necə mayalandığını, “OL” sözünün min rəngə düşüb necə boyalandığını dərk etmək feyzindən məhrum olub. Amma nə deyəsən, adam məzkur komissiyadan keçib deyə, olub filosof.

Biri də olmuş ambisioz siyasətçi. Köhnəllərlə yola getmir, təzələri bəyənmir, siyasi astanaya qədəm qoyanların ayağına daş atır, iqtidarda yerini itirmiş, müxalifətdə sözü keçmir, avtoritar rejimi hədəfləyir, avtotitar təfəkkürün sıxıntısını yaşayır, demokratk gəlişmədən danışır, demokratik gerilik içində çabalayır, siyasi uğursuzluq içində, tükənən tərəfdarlarına özünə tərif dediditməkdən zövq alır, alternativ fikirdən də heç xoşlanmır. Bir sözlə, küllü aləm dəyişir, o, dəyişmək istəmir.

 

Silsən qəzəbi kin, gedər

Gələn əlbət, bir gün gedər,
Dünya fanidir çün, gedər,

Qaydadır, ey insan oğlu,
Gecə gələndə gün, gedər.
Qalmaz yerdə axan qanlar,
Atəşlərdə yanan canlar,
Bunu yalnız qanan anlar,
Yerdən göylərə ün, gedər.

Burax getsin xurafatı,
Xoş görünən hər sifəti,
Şüar eylə mərifəti,
Uysan məzhəbə din, gedər.

Tumurcuqdan ləçək olar,
Ləçək dönüb çiçək olar,
Sevən könül göyçək olar,
Silsən qəzəbi kin, gedər.

Biri sultan, biri xandı,
Bəslədiyi quru candı,
Nur çiləyən çıraq yandır,
Ruhdur əbədi, tən, gedər.

Qürurlanma sən ey hərif,
Yıxar səni ucuz tərif,
Zatındakı Məndir, zərif,
Səndə olan o mən gedər.

 


loading...




Fikrinizi bildirin