Zırramanın biridir, amma özünü alim kimi göstərir…

Dərc olunub: 13/12/2018 - 18:42

Seymur verdizadeSeymur Verdizadə

Biz onunla sinif yoldaşı olmamışıq. Əsgərlikdə bir yerdə xidmət etdiyimiz də yadıma gəlmir. Bu ağlın sahibi ilə eyni auditoriyada mühazirə dinləməyim isə əsla mümkün deyil. Yüz faiz əminəm ki, onunla yollarımız heç vaxt kəsişməyib. İlk dəfə qarşılaşdığım bu adamın əlini ərklə çiynimə qoyub, cıqqılı intellektinə yaraşmayan “müdrik” məsləhətlər verməsi məni əməlli-başlı təəccübləndirdi. Hərbi xidmətdə olarkən eyni boşqabdan perlova yediyimiz əsgər yoldaşım Mirzə mənimlə hələ bu qədər ərklə danışmayıb…

Küçənin ortasında qəfildən qarşımda peyda olandan sonra salam-kəlamsız mətləbə keçdi: “Sən niyə o cür səviyyəsiz verilişlərə gedirsən?”

Telekanallara ayaq döydüyüm 10 il ərzində hər cür tiplə qarşılaşdığım üçün halımı pozmadım: “Siz hansı verilişləri nəzərdə tutursunuz?”

Pencəyinin düyməsi açıq olduğu üçün çətinlik çəkmədən qarnını qaşıyıb, belə cavab verdi: “Məsələn, Zaurun verilişini götürək. Axı siz niyə qızıl kimi vaxtınızı həmin verilişdə keçirirsiniz?”

Səs tonumu azca yüksəltməyə qərar verdim: “Mən heç vaxt həmin verilişdə qonaq olmamışam!”

Uzun, çirkli dırnaqları ilə başını qaşıyıb, belə dedi: “O cür verilişlərə ehtiyac yoxdur. Siz niyə intellektual verilişlər hazırlamırsınız?”

Suala sualla cavab verdim: “Axı siz həmin verilişin nəyini bəyənmirsiniz?”

Bilirsiniz, nə baş verdi? Verilişinin dünənki versiyasını əvvəldən axıra kimi mənə nəql etdi. Hövsələm bir tikə olmuşdu. Dilimin ucuna qədər gələn sözləri geri qaytarmaq niyyətim yox idi: “Bəyənmədiyiniz, səviyyəsiz hesab etdiyiniz verilişə niyə baxırsınız? Bəlkə kimsə sizi televizorun qarşısında zəncirləmişdi?”

Donquldana-donquldana çıxıb getdi işinin dalınca…

Televiziya verilişlərinin səviyyəsi məni də qane etmir. İki həftə əvvəl yazdığım “Efir təlxəkləri” adlı məqaləmdə bu problemə ətraflı toxunmuşam. Amma o da var ki, həmin verilişlərin reytinqi intellektual, maarifləndirci verilişlərlə müqayisədə iki-üç dəfə yüksək olur. Həmin verilişlərin özlərini intellektual göstərməyə çalışan tamaşaçıların hesabına reytinq qazandığına zərrə qədər də şübhəm yoxdur. Hansı ki, həmin verilişlərə heç kim baxmasa, telekanal rəhbərləri gec-tez onları proqramdan çıxaracaq…

Bu cür tiplərlə tez-tez qarşılaşıram. Beş-altı ay əvvəl uzaq bir tanışım küçədə məni bağrına basıb, yanaqlarımdan öpmüşdü. Çaşıb qaldığımı görəndə isə əlavə izahat verməli olmuşdu: “Çingiz Əhmədovun verilişində müğənni Elariz Məmmədoğlu haqqında dediyin sözlərə görə qarşında baş əyirəm”.

Aradan iki gün keçəndən sonra həmin adamın yaxın qohumlarımdan birinin toyunda Elariz Məmmədoğlunu bağrına basıb yanaqlarından öpdüyünü, sonra isə qoluna girib xatirə şəkli çəkdirdiyini öz gözlərimlə görmüşdüm…

Azərbaycan cəmiyyəti yeni azara tutulub. Hamı özünü intellektual göstərməyə çalışır. Qabağıma kim çıxırsa, səviyyəsiz verilişlərdən, bayağı mahnılardan şikayətlənir. Guya bu ölkədə hamı Şopeni dinləyir. Elələri də var ki, özünü savadlı göstərmək üçün ateist libasına bürünüb. Hansı ki, qabağına qara pişik çıxanda qayıdıb oturur evdə…

Heç kim inciməsin. Biz intellektual cəmiyyət deyilik. Əgər hamımız oxumağa belə həvəsliyiksə, niyə ən istedadlı yazarlarımızın kitabları 500-600 nüsxədən artıq satılmır? Əgər musiqi zövqümüz yüksəkdirsə, niyə “Ceyranım”, “Can-cana” kimi bayağı mahnılar bir toyda ən azı beş-altı dəfə sifariş olunur? Savadlı adamların yaşadığı ölkənin küçələri siqaret kötükləri, boş su qabları ilə dolub-daşarmı? Heç intellektual cəmiyyətdə falçı müəllimdən, həkimdən yaxşı yaşayarmı? Bahalı kostyumlar, qırmızı qalstuklar insanı ağıllı göstərmir. Bahalı kostyum geyinən adamın toyda çəkdiyi siqaretin tüstüsünü üzbəüz əyləşdiyi qonağın sifətinə püflədiyinin özüm şahidi olmuşam…

Heç kim bizi intellektual görünməyə məcbur etmir. Əgər kiminsə ən böyük arzusu toyda Nadir Qafarzadə ilə şəkil çəkdirməkdirsə, bunu inkar eləməsin. Biz kiçik bir ölkədə yaşayırıq. Kimin hansı ağlın sahibi olduğu onsuz da hər kəsə bəllidir…

(Moderator.az)










loading...


Fikrinizi bildirin