MEDİA MƏKANINDA DİL VƏ MƏDƏNİYYƏT

Şəmsəddin Əliyev

Azərbaycan Mətbuat Şurasının icraçı katibi

“Dilini tərbiyə etməzdən öncə qəlbini tərbiyə et”.

C. Rumi

Kütləvi informasiya vasitələrində dilin  mədəniyyətlə qarşılıqlı əlaqəsini təhlil etməzdən öncə onların birmənalı qarşılanmayan  məzmunu ilə mahiyyətinə diqqət yetirmək lazımdır. Bu mənada  KİV-in dilindən çox, ədəbi dilimizdən nə dərəcədə istifadə etməyimizin qayğısına qalaq. Çünki KİV-in dili bədii dilin tərkib hissəsi, geniş mənada isə mədəniyyətin bir qoludur. Hər birimiz ana dilimizdə necə danışırıqsa, elə də varıq-desəm yanılmıram. Ana dili bizi mədəniyyətə və sivilizasiyaya aparan, bizə bələdçilik edən fenomendir. Tərəddüdə qapılmadan demək olar ki, ana dilimiz zəngin xəzinəmiz, ulularımızın adı ilə bağlı olan ləyaqətimizdir.

Döyüşçü silaha nə dərəcədə güvənirsə, ədəbiyyatçı, jurnalist, media məkanında çalışan hər bir əməkdaş da bədii arsenalı olan ana dilinə güvənməli, onunla “döyüşməyi” bacarmalı, təhqir və ləyaqəti alçaltmaqdan, böhtandan uzaq durmalıdır. İnformasiya mənbəyi həm media nümayəndəsi üçün, həm də oxucu kütləsi üçün durulan suyun dibindəki daşlar qədər aydın görsənməlidir. Dilini mükəmməl bilən media əməkdaşı tənqidi təhqirdən rahat ayırmağı bacarır. Cümləni qurmaqla fikrini tamamlayıb oxuculara çatdıra bilirsə deməli, dili də bilir. Bu, bir növ jurnalist texnikasına yiyələnmək və ondan məharətlə istifadə edə bilməkdir. Jurnalistin fəaliyyətinə, xəbər portalına qiymət vermək üçün isə heç bir monitorinq keçirmədən bircə yazını oxumaq kifayət edir. Taftalogiya(ritorik fiqur,məntiqi mənada isə buraxılan səhvin son halı, eyni fikrin təkrarı) eyni və ziddiyyətli məlumatlar olduqda müəllifin cəmiyyətə nə demək istəməsi anlaşılmır.

Tarixən dili bilənin dünyası geniş olur-deyirlər. Mücərrəd ideologiyası olan informasiya portalı nümayəndəsinin yazılarını anlamaq oxucu üçün çox çətin olur, bəzən də cəmiyyətdə çaşqınlıq yaradır. Zənnimcə “Mən” dünyaya nisbətdə necədirsə, dil də jurnalistlə cəmiyyətə nisbətdə dəyişən  media mühitidir. Dil bəzən də jurnalistin ustalıqla istifadə və qət etdiyi labirintli-dolanbaclı bir yoludur. Səmərəli və orfoqrafiyaya uyğun istifadə edilmədikdə maraqlar toqquşur. Səhih mənbələrə söykənməyən mətnlərin qurbanları(informasiya qurbanları)isə tədbir görülməsi üçün ya Mətbuat Şurasına, ya da, məhkəmələrə müraciət etməyə məcbur olurlar.

Böyük Cəlaləddin Ruminin sözləri ilə ifadə etsəm,“Dilini tərbiyə etməzdən öncə qəlbini tərbiyə et. Çünki, hər qələmə alınan və dil ilə ifadə olunan söz ürəkdən gəlir”. Cəmiyyətin hər bir üzvünə yönələn təhqiramiz və ləyaqəti alçaldan ifadələr tərbiyə olunmayan qəlbin məhsuludur. Belə olmaz!  

Tarixən dil  insan kollektivinin əsas ünsiyyət vasitəsi kimi işarələr sistemi,  təfəkkürün inkişaf vasitəsi və nəsildən nəsilə ötürülən xalqın mədəni tarixi ilə vəhdət təşkil etmişdir. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Rəsul Rza ana dilimizin inkişafı ilə bağlı mülahizələrinin birində demişdi: “Metal alət işlədilməsə, paslanar. Dil də işlədilməsə, get-gedə kəsərini, məna dəqiqliyini və dərinliyini, ifadə incəliyini və gözəlliyini itirər, inkişafdan qalar.”

Son zamanlar demokratik Azərbaycanın media məkanında informasiya agentlikləri və xəbər saytları yağmurdan sonra artan göbələklər qədərdir. Qoy olsun. Ölkədə məlumat azadlığı var. Amma hər bir xəbər məkanı ana dilinə uyğun ad tapmalıdır. Əcnəbi dilindəki belə məlumat məkanları mədəniyyətimizə zidd və milli ruhumuzla uzlaşmır. Məsələn,  “Open.az” kimi sonu .az ilə bitən dilimizə yad o qədər xəbər portalları var ki, faktiki olaraq və hüquqi baxımdan fəaliyyətlərinə nəzarət etmək də çətindir.Bunlara sahiblik və “dur”deyə  bilən,vətəndaş cəmiyyətinin ruhunu oxşayan bir qanun olmalıdır. Yəqin  ki,olacaq.

Başqa lüğətlərə istinad etsək mədəniyyət insan cəmiyyətinin istehsalatda, ictimai və mənəvi həyatda nailiyyətlərin məcmusu kimi müəyyənləşir və zamana görə konkretləşir.

Bəzi alimlər mədəniyyəti təsəvvür edilən münasibətlər və dəyərlər kodeksinin mürəkkəb kompleksi kimi  qəbul edirlər. İnsanın harada doğulub boya-başa çatmasına və harada olmasına baxmayaraq düşüncəsinin dərinliyinə qədər etika, siyasət, din və incəsənətə, sadə anlamda isə tərbiyəyə, etik və siyasi davranışları ilə mədəniyyətə  köklənməlidir.

Klifford Gekts (Amerikan antropoloqu və sosioloqu) mədəniyyəti müəyyən edərkən yazmışdı:” Bu, tarixən ötürülən əhəmiyyətli model, təsəvvürlərin vərəsəlik sistemidir ki, ildən- ilə və nəsildən-nəsilə  ötürülür, bunun əsasında insanların həyat haqda bilgiləri inkişaf edir, bir –biriləri ilə ünsiyyətdə olurlar”.

Beləliklə, linqvistik terminoloji lüğətdə ayrıca mədəniyyət termini yoxdur. (Nitq mədəniyyəti, danışıq mədəniyyəti var.) Ona görə də mədəniyyətlə dil müstəqil olsalar da, bir-birilərinin təməlini təşkil edirlər. Biz yuxarıda qeyd etdik ki, mədəniyyət dil vasitəsilə müəyyən edilir. Bütün hallarda dilin iştirakı olmadan mədəniyyətin anlayışını açmaq mümkünsüz və sadəlövhlükdür.  Bu, o deməkdir ki, dil mədəniyyətin anlayışına daxildir və orada  özünəxas “özəlləşmiş” yeri var.

Yenə, ötən illərdən qalan dəfinə dəyərli bir iqtibas gətirirəm. 1939 –cu ildə Azərbaycan Sovet Yazıçılar İttifaqının sədri Rəsul Rza Sovet İttifaqının təşkil etdiyi dil müşavirəsindəki çıxışında demişdi: “Aydındır ki, dilin zənginliyi sözün çoxluğu ilə ölçülmür. Şüurun əsas elementi olan dil ictimai dəyişikliklər, tarixi inkişaf nəticəsində şüurun özü kimi dəyişir və inkişaf edir. Böyük Fransa revolyusiyası zamanında fransız dili o qədər dəyişmişdi ki, Napaleon Bonapart və ondan sonra gələn Fransa padşahları da dilin köhnə aristokrat qayda və çərçivələrinə qayıtması üçün xüsusi qanunlar verməyə məcbur olmuşdular. Lakin canlı həyatı əks etdirən dil geri qayıtmadı. Pol Lafarq (görkəmli siyasi xadim, fransız iqtisadçısı, ölkəyə marksizmi gətirən mütəfəkkir)  yazırdı ki, XVIII əsrin yazıçıları ölən dilin yatağı qarşısında bir şəfqət bacısı kimi oturub akademik qərarların köməyilə bu xəstənin ömrünü uzatmaq istəyirdilər” Lakin alınmadı.

Rəvayət edirlər ki, fransız dilində əmələ gəlmiş yeni sözlər və yeni ifadələr o qədər çox və qəliz idi ki, XIV Lüdoviqin saray adamlarına bu dili anlatmaq üçün o dövrün qəzet və kitablarını təmiz fransız dilinə tərcümə etmək lazım gəlirmiş... Daha sonra, unudulmaz xalq şairimiz  Rəsul Rza ana dili haqqında fikirlərini davam etdirir:... Biz ərəb, fars, osmanlı dillərinin təsiri ilə mübarizə deyəndə, o illərin vaxtilə dilimizə soxulmuş ruhu ilə mübarizə məsələsindən danışırıq... Xalqımıza yad olan, xalq tərəfindən mənimsənməmiş, xalqın dilinə girməmiş, dilimizin ruhuna uymamış sözlərin və ifadələrin  dildən qovulmasından danışırıq...” Amma çox təəssüf ki, bu işdə solçuluq edənlər və mahiyyətini anlamayanlar  o dövrdə də olub, bu gün də var.

Azərbaycanın media məkanına diqqət yetirdikdə ya təkrarçılıq baş alıb gedir, ya da hakimiyyətin budaqlarında çalışan yüksək çinli bəzi məmurlara  qarşı sanki  savaşa meydan açılır. Təbii, ölkə Prezidenti  dəfələrlə vəzifə və səlahiyyətlərindən sui-istafadə edən məmurlar barədə hər zaman məlumatın verilməsini zəruri sayır. Lakin, yanaşma yalan, böhtan xarakterli  və qərəzli olmamalıdır.

Sui-istifadə ilə bağlı faktlar real və səhih mənbələrə istinadən verilmirsə və qarşı tərəfin də münasibətlərinə yer ayrılmırsa bu, dezinformasiyadır, bilərəkdən yanlış, səhv informasiya verməkdir və böhtandan başqa bir şey deyildir. Məqsəd isə cəmiyyətdə çaşqınlıq yaratmaqdır. Hələ yazılı təhqirləri və ləyaqətin alçaldılmasını demirəm. Məsələn yazırlar ki, “İcra başçısı Prezidentə yalan məlumat verdi....” mətnin  məzmununda isə təsdiqləyici heç nə yoxdur. Belə, yazıq görkəmdə olan xəbər portallarının nümayəndələrinin düşüncəsinə görə Administrasiyanın icra məmurlarının fəaliyyətləri barədə məlumatları seyrəkdir.(?)Çox təəssüf!

Mən,əldə edilən səhih, etibarlı mənbələrdən alınan məlumatların konservasiyasının əleyhinəyəm. Məlumatların həqiqiliyi şübhələr doğurmursa və qarşı tərəfin də mülahizələrinə yer ayrılmışsa belə məlumatlar dərc edilməlidir.  Mediada hamı  “bakirə” məlumatları yaymağa çalışır. Burada  da bir rəqabət var. Sensasiyalı məlumatı ilk olaraq kim yayacaq?  “Yarış”  belə başlayır... Bu yarışda bəs uduzan kim, udan kim?!

Elə özəl saytlar var ki, nə gəldi yazırlar, hətta fahişəlik təşviq olunur. İnformasiya qurbanlarını hədsiz aşağılayan mətnlər bəzən ailələrin dağılması ilə nəticələnir. Həyat intiharla üz-üzə qalır, ac qurdlar kimi... Məs: “Sinif müəlliməsi şagirdindən hamilədir!(?)” Həyasızlığın və məlumat azadlığının ifrat dərəcəsinə diqqət edin, şərə, ləkəyə və böhtana baxın!. Və yaxud, ailəli rəfiqələrin “eyni cinsdən olanların segisindən” yazmaqla ağır cinayətlərin törədilməsinə şərait yaradılır...

Belə məlumat azadlığı olmaz. Bəs, mənəvi dəyərlərimiz necə qorunmalıdır?! Konstitusiya söz və fikir azadlığını belə diktə etmir. Ehtiyatlı və ətrafın hüquqlarına hörmətlə yanaşmaq hər birimizin vəzifəsidir. Bəzən xəbər portalları ilə tanış olduqdan sonra belə təsəvvür yaranır ki, “Yəqin sözlər dəyərini itirib”. Əslində söz yox, insan dəyərsizləşib. Söz, nə qədər ki, deyilmir sahibinin köləsi və ondan asılı olur. Müxbir öz dəyərini etik davranışları ilə təsdiqləyə bilmirsə, ondan qiymətli söz gözləməyə də dəyməz. Belə gedərsə ana-dövlət dilimizin bəkarətini də qoruya bilmərik! Təbii, Mətbuat Şurası oxşar şikayətlərin müzakirəsi zamanı prinsipal mövqe tutur, ictimai mənəviyyatın qorunmasına çalışır...

Bəzən zərrə qədər “zəhəri” olan sözü zarafatla da söyləmək mümkün olmadıqda, belə yazıları saytlarda oxuyur və “ah” çəkirik. Nə etmək? Media məkanı ilə cəmiyyət və hakimiyyətin budaqları arasında münasibətləri tənzimləyən təkmil bir normativ hüquqi akt qəbul olunmalıdır. Hər bir xəbər portalı media meydanına vəsiqə almaq istəyirsə, rəsmi qeydiyyata alınmalı, jurnalist fəhmi, bədii bacarığı və qabiliyyəti, peşə hazırlığı, şəxsi keyfiyyətləri, dil biliyinin səviyyəsi, hətta dünyagörüşü barədə sınağa çəkilməlidir. Belə yanaşma dilimizə və mədəniyyətimizə olan məsuliyyətin canlı təzahürü kimi xoş ovqatla qarşılanardı. Zənnimcə çox gecikirik, çox! Demokratiyadan və məlumat azadlığından hədsiz sui-istifadə edilir. Sonu olmalıdır. Bu günə qədər olanlara “amnistiya”elan olunsun. Mən, heç bir qələm sahibinin cəmiyyətdən təcrid olunmasının tərəfdarı deyiləm. Hər biri cəmiyyətin üzvü, ailənin başçısı, bir kollektivin ayrılmaz hissəsi, ən başlıcası isə dövlətlə siyasi və hüquqi bağlılığı olan vətəndaşıdır. Onların haqq yoldan azmasına imkan verməməliyik. Onlar bizimdirlər.

Paradoksal haldır ki, dil mədəniyyətin anlayışına daxil olmaqla, həm də onunla fəal əlaqədə olur.  Belə qarşılıqlı əlaqənin iki magistral istiqamətini qeyd etmək istərdim:

  • Mədəniyyətin tərkib hissəsi kimi dil onun inkişafını sərtləndirir :
  • Dil mədəniyyətin müstəqil substansiyası (Bütün əşya və hadisələrin ilkin əsası, mahiyyəti) olmaqla mədəniyyətlə fəal qarşılıqlı əlaqədə olur, onun xarakterinə və spesifikasına təsir edir, bir birini tamamlayırlar.

Dil mədəniyyətlə bir yerdə mənimsənilir(qavranılır).  Dil həm də, mədəniyyətin inkişafına imkan yaradır, onun formalaşmasında iştirak edir, xarakterini cilalayır, istənilən danışıqda mədəniyyətin xüsusi funksiyasını yerinə yetirir və qoruyur.

Ədəbiyyat və məlumat üçün dil təkcə fikirlərin ifadə vasitəsi deyil, mövcudluq üsulu, estetik, bədii və spesifik təsir vasitəsi kimi əhəmiyyət daşıyır.

Dil həm də, ədəbiyatın, istənilən mətnin dayağıdır. Bir-birini dəyişən ədəbi axının – klassizmin, sentimentalizmin, (əxlaqi həyatın ölçüsü olaraq duyğunu əhatə edən təlimlərin ümumi adı. Ədəbi termin kimi ilk dəfə 1868-ci ildə İngiltərədə istifadə edilmiş, fransızca hiss, duyğu mənasını verir) romantizmin və realizmin estetik istiqamətində ifadə olunur. Nəsrdə, lirikada yalnız dil komandanlıq və dominantlıq edir. Dil, mən deyərdim ki, müəlliflə bərabər, həmmmüəllifdir. İstənilən yazının kökü dilə söykənir. Müəllifin fikrini diktə və ifadə edə bilən başqa vasitə yoxdur.

Müasir Azərbaycan Respublikasının xəbər portallarında geniş oxucu kütləsinə çatdırılan informasiyalar ilk növbədə redaksiya heyətinin ədəbi bacarığını, milli ideologiyanın və dilin  nə dərəcədə  mənimsənilməsini cəmiyyətə çatdırır. Jarqon, vulqar ifadələr, səviyyəsiz yazılar, ictimai mənəviyyata zidd halların təbliği, yerli-yersiz məmurların ünvanlarına utanc gətirən ifadələr, məs: “iri buynuzlu məmurlar” ifadələri, (bax. Demokratik az.) Prezidentin vəzifəyə təyin etdiyi və səlahiyyətlərinə xitam verdiyi yüksək çinli vəzifəli şəxslər barədə “sensasiya” xarakterli məlumatlar cəmiyyətimizin, daha çox KİV məkanının və jurnalistin faciəsidir. Əslində belə əyri qələm sahibləri dövlət qulluqçularını qəsdən təhqir edir, onların nüfuzlarını vətəndaşlar arasında aşağılayır, onlara etibarı azaltmaqla lağ obyektinə çevirirlər. Bu gün, jurnalistkada gömrükçü ixtisası ilə çalışanlar, və yaxud, ədəbi, milli dili zəif mənimsəmiş, publisistik fərasəti olmayan, bədii fəhmindən(əgər varsa) faydalana bilməyənlərin sırasında xəbər portallarına rəbərlik edənlər də var. Doğrudanmı XXI əsr çağdaş Azərbaycan mediası bu dərəcədə zəifdir?

Bir az dərinə gedəndə, belə xəbər saytlarının “rekvizitləri” də şübhə doğurur.  Əlaqə telefonları, ünvan və redaksiya heyəti barədə məlumat da bəzən olmur və s. Belə prezumpsiya “Reket” fəaliyyətlərini təsdiqləmiş olur.

Əgər XIX əsrdə ədəbi dilin inkişafı bədii ədəbiyyatın dili ilə assosiasiyalaşmışdısa,(ittifaq,birlik,qruplaşmış) müasir dövrümüzdə ədəbi dilin tam hüquqlu və nüfuzlu nümayəndəsi kimi KİV dili çıxış edir.

Müasir anlamda isə KİV-nin dili millətin ümumi dili, kütləvi kommunikasiya dilidir. Kütləvi kommunikasiya vasitələrinin mühüm funksiyası cəmiyyətin əksər hissəsinin ona dəstək verməsi, orada standartların saxlanılması ilə ölçülür. Bu hal Azərbaycan dilinin stilinin qorunmasına imkan verir. KİV-nin dili ədəbi dilin stilistik sistemində həm mərkəzi, həm də  orta yer tutur. Kütləvi kommunikasiya dili funksional stilin hamısına yaxındır, xüsusi ədəbi biliyin tapşırıqlarına cavab verir. Lakin, bəzən xəbər saytlarında ədəbi və milli dili ehtiva etməyən, azərbaycan dilinin orfoqrafik lüğətində olmayan sözlər cəmiyyətə KİV dili kimi məcburən sırınır məs: “gözükməyən” (Bax yenə Demokrtatik az.)

 Son zamanlar media portallarında dövlət məmurları haqqında xəbərlər qərəzli başlıqlarla, mətnin məzmunu ilə heç bir əlaqəsi olmayan sərlövhələrlə diqqət çəksin- deyə dərc edilir və uzun müddət manşetdən silinmir. Bu, sözün həqiqi mənasında təqibin, hədənin və tələb etmənin XXI əsrə xas media yoludur.

Azərbaycan  Mətbuat Şurasına daxil olan  belə şikayətlərə mahiyyəti üzrə  baxılsa da, tənbeh etmək imkanları məhduddur. Demokratik, hüquqi dövlətin vətəndaşları kimi qanunun və hüququn aliliyini qoruya bilmirik. Allahın xəlq etdiyi belə qələm sahibləri müqəddəs kitabların qələmlə yazılmasını anlamır, qələmə müqəddəs alət kimi yanaşmırlar. Mətbuat Şurasının ictimai nəzarətin həyata keçirilməsi, media mühitinin  sağlamlaşdırılması, KİV məmur və vətəndaş KİV arasında olan münasibətlərin  tənzimlənməsi üçün  yeni normativ hüquqi akta ehtiyac var.

“Reket” jurnalistikaya qarşı hüquqi “həblər”və müqavimət olmazsa, həm ədəbi, həm də milli dilimiz korlanacaq, mədəniyyət(mədəni)lövhəmizdə qara ləkələrin sayı artacaq. Özünə hörmət edən jurnalist, qələm sahibi tarixən yığcam olub. Amma nə etmək, meşələr əyri ağaclarsız olmadığı kimi, xəbər portalları da qüsurlu “yazar”lardan xali deyil.

Qeyd etmək yerinə düşərdi ki, hərəkət və hərəkətsizliyə yol verən KİV nümayəndələri ilə bağlı Azərbaycan Mətbuat Şurasına daxil olan şikayətlər artımla müşahidə edilir. Şikayətlərin mahiyyəti üzrə müzakirəsi zamanı yazının müəllifi və yaxud, sayt rəhbəri bir daha jurnalist nüfuzu ilə bir araya sığmayan hərəkətlərə yol verməyəcəyi barədə söz versə də, bu vədlər qısa vaxt ərzində pozulur.  Bu cür hallar, KİV subyektlərinin öz hərəkətlərini ölçüb – biçə bilməməyinin, daha çox şəxsi maraqlara üstünlük verməsinin nəticəsidir. Etiraf edək ki, daha çox şikayətlər internet xəbər portallarının nümayəndələrinin məlumatları ilə bağlı olur.

Dənizdə çalışanlar küləyi heç vaxt arzulamadıqları kimi, “Reket”lər  də adətən qınağı xoşlamırlar, məhkəmələrə üz tuturlar və yaxud, istifadələrində olduğu, sahiblik etdikləri səhifələrdə yenə yalan və böhtan yazıların müəlliflərinə çevrilirlər.  Ona görə də Mətbuat Şurasının səlahiyyət dairəsini imperativləşdirmək üçün yeni qanunun qəbulu çox vacibdir.

Ümumiyyətlə KİV dili ədəbiyyatla sıx əlaqədə olduğu üçün ədəbi dilin inkişafında  əsas faktor kimi qəbul edilir. Lakin klassik ədəbiyyat üçün o ambivalent rolda çıxış edir. Yəni bir tərəfdən yamsılayır, digər tərəfdən isə özündən itələyir, bu da qəzetin və ya xəbər portalının dilindən asılı olur.

Azərbaycanın ahıl və gənc jurnalistlərinə yalnız həqiqəti yazmaq arzusu ilə...

Şərhlər

t.ədalət 2019-01-16 10:25:26

Dilimizin bəlası Rus dilidir.İşğal olduğumuz illərdə və indi şüurumuza zorla dürtülən rus dili, bizi ana dilimizdə rəvan danışıb yazmaqdan aralı salıb.İşğal qulları olan alimlərimiz isə dilimizin qurluşunu rus dilinin qaydalarına pərçimləməklə məşğul olublar.İndi də deyirik ki,gəlin dilimizi qoruyaq.Axı,necə?İndi işə düzələn gəncləri zorla rus dilini öyrənməyə məcbur edirlər.Dilimizi qorumağa burdan başlamalı,onu ilk olaraq rus dilinin işğalından azad etməliyik!

Son yazılar