Ziya Məmmədovun qardaşı niyə geri cəkildi?

Türkiyənin “Hürriyet” qəzetində Anar Məmmədovla bağlı gedən yazıdan sonra nəqliyyat naziri bu ölkənin rəsmi çevrələri ilə anlaşaraq məsələnin gündəmdən çıxarılmasına nail olub

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədov Türkiyə vətəndaşına məxsus “Lyuks-Sönməz” MMC ilə yenidən məhkəmə çəkişməsinə başlasa da, iki gün öncə gözlənilmədən geri çəkilib. Bu barədə mia.az saytı məlumat yayıb.

Saytın məlumatına görə, deputata məxsusluğu şübhə doğurmayan “Bakı XXI ƏSR” MMC-nin “Lyuks-Sönməz” MMC-yə qarşı iddiasının səbəbi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10 yanvar 2008-ci il tarixli sərəncamından qaynaqlanır. Sərəncamın 1.1 bəndində çox aydın şəkildə deyilir: “Binəqədi rayonu ərazisində yerləşən Motodromun qərb hissəsində Qərb Universitetinə idman kompleksinin tikintisi üçün yer ayrılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin 07 yanvar 2004-cü il tarixli sərəncamı və Biləcəri qəsəbəsi, Sumqayıt şosesində Dövlət Yanacaq Komitəsinə yanacaqdoldurma məntəqəsinin tikintisi üçün yer ayrılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin 22 fevral 1993-cü il tarixli 311 saylı sərəncamları ləğv edilsin və həmin ərazidə yerləşən tikintilərin köçürülməsi mövcud qanunvericiliyə əsasən ”Bakı-XXI Əsr" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən həyata keçirilsin.

Bu sərəncamın əhatə etdiyi ərazinin 0,47877 hektarı isə “Lyuks-Sönməz” MMC-yə məxsus olduğundan tərəflər arasında 5 ildir mübahisə yaranıb. Təsisçilərindən biri Türkiyə vətəndaşı Nacı Uzun olan şirkət ərazidə xeyli tikinti işləri də aparıb. Ancaq Bakı Şəhər İcra Hakimiyyəti başçısının yuxarıda qeyd olunan sərəncamı (2008-ci il, 10 yanvar, 9 nömrəli) ilə xüsusi mülkiyyətdə olan həmin torpaq sahəsi “Bakı-XXI Əsr” MMC-yə verilib. Bu MMC-nin təsisçisi isə Britaniyanın Vircin adalarının hüquqi şəxsi olan “Trans-Eyransan Leasinq Grour Ltd” şirkəti olsa da, Bakı Beynəlxalq Avtovağzal və onun ətrafına sahib olan həmin MMC Elton Məmmədova məxsus olması ilə bağlı təkzibolunmaz məlumatlar var. Ən başlıcası isə bu faktı E.Məmmədovun özü də mediaya açıqlamalarında etiraf edib.

Maraqlısı budur ki, aradan ötən 5 ildə Elton Məmmədov Hacıbala Abutalıbovun sərəncamından irəli gələn məsələləri həll etmək əvəzinə, istər torpaq sahəsini, istərsə də onun üzərində olan mülkiyyətləri qarşı tərəfdən məcburi almağa çalışıb. Buna görə də ortaya o vaxtdan problem çıxıb. Elton Məmmədovsa sərəncamda göstərilənlərin əksinə olaraq, öhdəliyi “Lyuks-Sönməz”in özünün həyata keçirməsinə çalışır. Ancaq bununla bağlı “Bakı XXI ƏSR” MMC-nin “Lyuks-Sönməz” MMC-yə qarşı tələbi birinci instansiya məhkəməsində təmin edilməyib".

Məlumata görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qətnaməsindən verilmiş şikayət Bakı Apelyasiya Məhkəməsində hakim Cahangir Yusifovun sədrliyi ilə araşdırılıb: “Hakim Cahangir Yusifov ”Bakı XXI ƏSR"in “Lyuks-Sönməz” MMC-yə qarşı şikayəti üzrə avqustun 29-na iclas saatı təyin etmişdi. Lakin həmin günü deputatın nəzarət etdiyi şirkət gözlənilmədən şikayətindən imtina etdi. Bunu nəzərə alan hakim Cahangir Yusifov da apelyasiya şikayətinə xitam verdi".

Etibarlı mənbələrdən “Yeni Müsavat”a daxil olan məlumata görə, E.Məmmədovun geri çəkilməsinə Ziya Məmmədovla Türkiyənin hakim çevrələri ilə anlaşması fonunda baxmaq lazımdır.

Yada salaq ki, bir qədər öncə Türkiyənin ”Hürriyet" qəzetinin köşə yazarı və baş redaktoru Yalçın Bayer 17 iyul tarixli köşəsində adını gizli saxladığı mənbələrə istinadla Z.Məmmədovun oğlu Anar Məmmədovun türk cangüdəninin güllələndiyi, eləcə də onun Bodrum yaxınlığında 40 milyon dollara ada aldığını yazmışdı. Bunun ardınca Anar Məmmədov qəzetə təzib göndərmişdi. A.Məmmədovun rəhbəri olduğu “Amerika-Azərbaycan Alyansı” adından verilən təkzibi də yazar Bayer 19 iyul tarixli köşəsində dərc etdirib. Təkzib məktubunda məlumatların doğru olmadığı bildirilir.

Məktubun ardınca Bayer qeyd edib ki, A.Məmmədovla bağlı əldə etdiyi məlumatları ictimailəşdirəndən sonra mövzu ilə bağlı çoxlu məktublar alıb. Ondan dəqiqləşdirilmiş təfərrüat istəyiblər. Lakin o, məlumat verməyi doğru bilməyib. Yalçın Bayer məsələylə Türkiyənin Azərbaycandakı səfirliyindən də maraqlandıqlarını yazıb: “Bakıdakı Türkiyə səfirliyindən arayan konsul Behzat Erdəmə məlumatlar verdik. Konsul maraqlananda xarici işlər naziri Əhməd Davudoğlu da Bakıda idi”.

“Yeni Müsavat”a məlumat verən mənbə iddia edir ki, bu məsələ Davudoğlunun Bakı səfərində ayrıca müzakirə edilib. Bundan sonra siyasi hakimiyyət Z.Məmmədova məsələni sakit yolla çözməyi tapşırıb. Z.Məmmədov da öz növbəsində məsələnin gündəmdən çıxarılması ilə bağlı Türkiyənin bəzi çevrələri ilə danışıqlara başlayıb. Türkiyənin müəyyən çevrələri ilə anlaşan Z.Məmmədov məsələnin gündəmdən çıxarılması müqabilində müəyyən öhdəliklər götürüb. Bu öhdəliklərə yol-keçid layihələrində Türkiyə şirkətlərinə pay ayrılması, nəqliyyat sektorunda türk iş adamlarının bizneslərinə yaşıl işıq yandırılması, onların təhlükəsizliyinə təminat verilməsi daxildir. “Lyuks-Sönməz” MMC ilə bağlı mübahisələrə son qoyulması da bu öhdəliklərin detallarından biri olub. Elə ona görə də E.Məmmədov iddiasından geri çəkilib. 5 ildir davam edən məhkəmə çəkişmələrinə son qoyulmasının gerçək səbəbi də budur

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar