BƏYLƏR ƏYYUBOV PƏRVİZ HƏŞİMLİNİ XİLAS ETMƏK İSTƏYİB – Klanlar, İç savaş

MTN həqiqətənmi Cavid Qurbanovun əleyhinə ifadə almaq istəyir?

Prezident seçkisinə 20 gün qalmış heç kimin gözləmədiyi bir hadisə baş verdi. Moderator.az saytının direktoru, “Bizim Yol” qəzetinin əməkdaşı və hüquq müdafiəçisi Pərviz Həşimli həbs olundu. Rəsmi məlumatda P.Həşimlinin silah alverinə görə saxlanıldığı bildirilirdi.

Həbsdən sonra baş verənlər isə silah məsələsinin formal mahiyyət daşıdığını ortaya qoydu. Jurnalistin evində 5 yaşlı qızının gözü qarşısında heç bir əndazəyə sığmayan formada axtarış aparılması, məhkəməyə başında qara torba keçirilməklə gətirilməsi, noyabrın 7-də keçirilən prosesdə isə qara maskalı əməliyyatçının nümayişkaranə şəkildə Pərviz Həşimlinin xirtdəyindən tutaraq itələməsi də sıradan olaylar deyildi. Bir jurnalistə, hüquq müdafiəçisinə qarşı bu qəzəb haradan qaynaqlanır?

Bununla bağlı tanınmış ekspertlərdən biri adının çəkilməməsi şərtilə “Yeni Müsavat”a bəzi ipucları verdi: “Pərviz Həşimlinin özü də, vəkili də deyir ki, ondan Əli Kərimliyə qarşı ifadə almaq istəyirlər. Əslində isə alınacaq ifadə Əli Kərimlinin adından istifadə edərək iki oliqarxı və bir generalı ”vurmağa" hesablanıb. P.Həşimlinin həbsinin arxasında hakimiyyətdaxili qruplaşmaların çəkişməsi və bu çəkişmənin kimin kimi yıxacağı qədər gərgin bir müstəvidə aparılması dayanır. Bu çəkişmələrin varlığını P.Həşimlinin atası Kamran Həşimli də dəfələrlə dilə gətirərək oğlunun müxalifət liderlərinin əleyhinə bəyanat vermədiyinə görə həbslə cəzalandırıldığını vurğulayıb.

P.Həşimlidən əleyhinə ifadə tələb olunan oliqarx və generalın adı da bəllidir:

- Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov;

- Müdafiə sənayesi naziri Yavər Camalov;

- Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini Əli Nağıyev və onun qardaşı, tikinti biznesi ilə məşğul olan Vəli Nağıyev.

Bu isimlərlə yanaşı, nəqliyyat naziri Ziya Məmmədovun adı da hallandırılırdı. Amma məlum olanı budur ki, nəqliyyat nazirinin adı əleyhinə ifadə alınacaq personalar arasında yoxdur.

Seçki öncəsi P.Həşimlinin həbsi onun vasitəsilə hakimiyyət daxilindən müxalifət düşərgəsinə, xüsusən AXCP-yə maliyyə ötürülməsinin ifşa olunmasına hesablanmış addım olub. Guya P.Həşimlinin vasitəsilə bu şəxslər müntəzəm olaraq AXCP-yə maliyyə yardımları edirmişlər. Lakin P.Həşimli ondan tələb edilən ifadəni verməyib və seçkiöncəsi həbs edilən jurnalistə qarşı qəzəbi birə beş artırıb. Bununla yanaşı, belə məlumatlar da var ki, P.Həşimli adı çəkilən vəzifə sahibləri ilə münasibətlərinin olduğunu inkar etməyib, deyib ki, həmin şəxslər ona ara-sıra köməkliklər ediblər. Amma həmin köməkliklər heç bir formada AXCP ilə əlaqəli olmayıb. (müsavat.com)

Pərviz Həşimlinin həbsində silah motivinin tamamilə qurama olduğu, bu həbsin pərdə arxasında daha ciddi məsələlərin durduğuna, əlbəttə, heç bir şübhə yoxdur. Bu baxımdan yuxarıda təqdim etdiyimiz məlumatlar diqqətçəkəndir və xeyli vaxtdır kuluarlarda müzakirə mövzusudur. Bunlara Pərvizin həbsi ilə bağlı AzPolitika.info-ya daxil olmuş çox ilginc bir məlumatı da əlavə edək. Deyilənə görə, Pərviz Həşimlinin həbsindən dərhal sonra Prezidentin şəxsi mühafizəsinin rəhbəri Bəylər Əyyubov ona kömək etmək istəyib. Pərvizlə general Əyyubovun şəxsi tanışlığı olub (Bilənlər bilir ki, B.Əyyubov jurnalistlərlə ünsiyyətə meyilli adamdır). General Pərvizin həbsi ilə bağlı dərhal Prezident İlham Əliyevə məlumat verib. Prezident soruşanda ki, həbsin səbəbi nədir, Əyyubov deyib ki, silah məsələsidir, amma inandırıcı deyil. Bundan sonra İlham Əliyev MTN başçısına zəng edib və Pərvizin həbsi ilə bağlı izahat istəyib. Bizə verilən məlumata görə, nazir cavab verib ki, onlarda bəzi məmurların Pərvizin vasitəsilə müxalifətə pul ötürməsinə dair məlumat var. Bundan sonra Prezident istintaqın tam ciddiyyətilə aparılması haqda göstəriş verib...

Bu, Pərvizin bundan sonrakı taleyi baxımından çox pis xəbər hesab oluna bilər. Çox guman ki, prezidentə bu izahatdan sonra istintaqçılar istədiklərini almayınca ondan əl çəkmək istəməyəcəklər...

P.Həşimlinin həbs işində ən maraqlı məqamlardan biri də, ilk gündən bu işdə deputat, “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun adının hallanmasıdır. “Yeni Müsavat”ın yazdıqlarından da belə görünür ki, jurnalistdən onun da əleyhinə ifadə almaq istəyirlər. Əgər həqiqətən belədirsə, C.Qurbanova qarşı MTN-in bu münasibətinə məntiqli izah tapmaq çətindir. Məsələ ondadır ki, əvvəllər Ziya Məmmədovun himayəsi altında olan C.Qurbanov hazırda “Paşayevlər” klanının “tam hüquqlu” üzvü hesab olunur. Xüsusən də, bu ailəyə mənsub bir xanımla ailə qurduqdan sonra C.Qurbanov hakimiyyət daxilindəki statusuna əlavə çalar qatıb və demək olar ki, “toxunulmazlıq zirvəsinə” yüksəlib. İndi MTN onu niyə, kimin sifarişi əsasında müxalifətlə bağlasın və vurmağa çalışsın? Bu suala məntiqi cavab tapmaq çətindir, xüsusən də nəzərə alanda ki, MTN-in özünün də “Paşayevlər”in nəzarəti altında olduğu haqda ictimai rəydə möhkəmlənmiş məlumatlar var.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar