“XƏZƏR ADALARI”: FANTASTİKA, YOXSA REALLIQ? – “Böyük yalan”ın və 1 milyardın izi ilə…

Dərc olunub: 26/11/2013 - 18:58

Haci-maketHacı İbrahimin müəmmalı layihəsinin hakim ailə ilə bağlılığı varmı?

Neft lənətinin qara üzünü qeyri-adi, möcüzəvi layihələrlə ağartmaq cəhdi bu dəfə Bakıda baş tutacaqmı? Ərəblərin belə bir cəhdi Dubay möcüzəsinin timsalında baş tutmuş sayıla bilər. Səhranı cənnətə çevirməyə nail olan ərəblər, bununla kifayətlənmədilər və Fars Körfəzinin 6.5 kilometr dərinliyində bu dəfə dəniz şəhərini – “Palma adaları”nı salmaqla, dünyaya “səkkizinci möcüzə”ni bəxş etmiş oldular. Dəniz üzərindəki “Palma adaları” bəlkə də yeganə şəhərdir ki, dünyada hamı onun barəsində məlumatlıdır. Dünyanın məşhur adamları, müğənnilər, futbolçular, iş adamları, hətta siyasətçilər belə “Palma adaları”nda dəyəri milyonlarla ölçülən əmlaklara sahib olmaq üçün yarışa girdilər. Ərəblər, nə qədər bədbəxt millət olsalar da, belə bir fantastik layihəni həyata keçirdiklərinə görə özlərini xöşbəxt saya bilərlər.

Lakin belə görünür ki, bu dəfə növbə bizə çatıb – Bakıda dünyanın “doqquzuncu möcüzəsi” reallaşandan sonra biz bədbəxt azərbaycanlıların da özümüzü “xöşbəxt” saymağımız üçün bir əsasımız, layihəmiz olacaq. Söhbət Hacı İbrahim Nehrəmlinin tikintisinə başladığı “Xəzər adaları” layihəsindən gedir.

khazar-maketƏlbəttə, hər hansı bir azərbaycanlının, istər Azərbaycanın özündə olsun, istər dünyanın başqa bir güşəsində, “Palma adaları” tipli, buna bənzəyən və bənzəməyən, sadəcə qeyri-adi, diqqətçəkən, qürurverici layihə həyata keçirməsindən gözəl nə ola bilər millət adına? Hacı İbrahim məhz belə bir layihəni reallaşdırmağa çalışır. Hər halda, kağız üzərində bu nəinki belədir, hətta dünyanın səkkizinci möcüzəsi adlandırılan “Palma adaları” “Xəzər adaları” ilə müqayisədə, demək olar ki, “uşaq işidir”.
“Xəzər adaları” isə çox qısa zaman ərzində, təxminən Bakını yenidən qurmaq deməkdir. Özü də dənizin içində. Bu heç də şişirtmə deyil. “Xəzər adaları”nda nə az-nə çox, 1 milyon sakinin məskunlaşacağının vədi verilirsə, təxminən 20 il əvvəl Bakıda elə bu qədər adam yaşayırdısa, deməli bu layihə elə Bakını yenidən tikməkdir ki var.

“Xəzə adaları” haqda rəsmi, layihə rəhbərinin məlumatına görə, bir milyon əhalinin yaşaması üçün nəzərdə tutulan şəhər bütövlükdə 15 ilə hazır olacaq. Amma 2016-cı ilə qədər şəhərin 10 faizi istifadəyə veriləcək ki, bu da ilkin mərhələdə 100 min əhalinin burada yaşaması deməkdir. Mənzillərin bir kvadrat metri 3500 manatdan başlayacaq. Vikipediya-ya yerləşdirilən məlumatlara görə, layihənin dəyəri 100 milyard dollar təşkil edəcək. Burada 150 məktəb, 50 xəstəxana, parklar, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, hətta Formula-1 trası və Azerbaijan Tower (azərb. Azərbaycan qülləsi) tikiləcək (tikilərsə dünyanın ən hündür binası olacaq).
38538-khazarisDünyanın ən hündür, 185 mərtəbədən ibarət oteli də burada olacaq.

Burada eləcə də dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılır. Bütün bu tikililərin 9.0 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi planlaşdırılır.
Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilir.

Bütün bunlar layihə müəlliflərinin “Vikipediya”ya yerləşdirdikləri, həmçinin zaman-zaman yerli və xarici mətbuata təqdim etdiyi məlumatlardır.

Lakin təəsüf ki, “Xəzər adaları” layihəsi xoş arzudan başqa bir şey deyil və bu layihənin reallıqla uzaqdan-yaxından heç bir əlaqəsi olmadığını yuxarıda təqdim etdiyimiz məlumatlardan görməmək mümkün deyil. Ya da ən yaxşı halda bu layihənin həyata keçməsi üçün azı 50 il vaxt və 100 milyardlarla vəsait gərəkdir. Təqdim edildiyi şəkildə “Xəzər adaları” layihəsi sadəcə olaraq fantastikadır, həyata keçirilməsinə nəinki hörmətli Hacı İbrahim Nehrəmlinin, heç nağıllardakı sehirli çubuğun da gücü çatmaz.

tikinti-sehraCəmi 12-13 il ərzində, dəniz üzərində 1 milyon adamın yaşayacağı şəhərin salınacağına inanmaq üçün insan gərək ağlını itirmiş olsun. Bu baxımdan, heç şübhə etmirik ki, gələcəkdə “Xəzər adaları” layihəsi dünyanın “doqquzuncu möcüzəsi” ola bilməsə də, “dünyanın ən böyük yalanları” siyahısında doqquzdan da əvvəlki yerləri tutmaq şansına malik olacaq.

“Xəzər adaları”nın fantastik bir layihə olduğunu sübut etmək üçün əlavə arqumentlərə heç bir ehtiyac yoxdur. Yuxarıda qeyd etdiyimiz kimi, bu reallıq elə layihəyə dair rəqəmlər, məlumatlardan o qədər açıq görünür ki…
Ona görə də bu layihənin özü haqda müzakirə açmaq, nəyisə sübut etməyə çalışmaq, mütəxəssislərdən rəy öyrənmək artıq işdir.

Lakin fikrimizcə Hacı İbrahim Nehrəmlinin mətbuatda dərc olunan sonuncu müsahibəsini diqqətdən kənarda qoymaq düzgün olmazdı. Nədən ki, bu müsahibədə bir xeyli maraqlı, düşündürücü, ziddiyyətli məqamlar var ki, onlara mütləq aydınlıq gətirilməlidir. Əks halda “yalan nə qədər böyük olarsa bir o qədər inandırıcı olar” prinsipi işə düşər. Ortada böyük bir yalanın və müəmmanın olduğu isə şübhəsizdir.

Bu müəmmalardan sadəcə birinə diqqət edək. Hacı İbrahim Nehrəmlinin “Yeni Müsavat” qəzetinə sonuncu və silsilə müsahibəsindən oxuyuruq:

“Bu şəhəri ölkəm və millətim üçün tikirəm, özüm üçün yox. Bu layihəyə indiyədək 1 milyard manatdan çox sərmayə qoymuşam. Azərbaycan bankları mənə bu işə görə kredit verməyiblər. Xərclədiyim pullar son qəpiyinə kimi şəxsi vəsaitimdir. Bu 1 milyard pul mənim nəyimə bəs deyildi?!”

Bunları hörmətli Hacı İbrahim Nehrəmli müsahibənin əvvəlində deyir. İndi isə müsahibənin son hissəsindən bir sitat:
“6 ay səhərə kimi gözümə yuxu getmədi. Qan-tərə batırdım. Bir gün ağsaqqal dostlarımdan biri məsləhət gördü ki, evə girən kimi işi unut. İlk günlər çətin oldu, amma sonra gördüm ki, yavaş-yavaş düzəlir hər şey. Buranı başlayanda cəmi 50 milyonum vardı. İndi hesablayanda baxıram ki, hardasa 1.2 milyard manat xərcləmişəm. Bəzən özüm də məəttəl qalıram ki, bu işləri mən necə gördüm…”

Göründüyü kimi, təkcə bu iki sitat arasında xeyli şübhəli, ziddiyyətli məqamlar var.

Əvvəla, “Xəzər adaları”nda indiyədək görülən işlərə sözün hərfi mənasında “şəhər tikintisi” adını qoymaq, üstəlik də buna görə millətə hələ bir minnət də vurmaq gülüncdür. Tikinti sahəsindən paylaşılan şəkillərdən də açıq görünür orda elə də böyük miqyaslı işlər görülmür.

Haci-mainİkincisi, necə olur ki, “ölkə və millət” üçün tikilən bir “şəhər”də hələ bircə bina istifadəyə verilmədiyi halda, hörmətli Hacı İbrahim ən azı 1 milyard 150 milyon manat pul qazanıb. İşə başlayanda 50 milyon pulu olan Hacı İbrahim, qısa müddətdən sonra şəxsi vəsaitini 1.2 milyard manata necə çatdırdı?
Cəmi bir neçə il əvvəl iflas olan, özünün də dediyi kimi kirayələrdə yaşayan, dostlarının 500 dollar yardımına möhtac qalan Hacı İbrahim, necə oldu ki, qısa müddətdən sonra 1.2 milyardın sahibi oldu? Bunu hansı qanuni yolla qazandı, nə qədər vergi ödədi, dünyanın rəsmi milyarderləri sırasında adı niyə yoxdur və sairə, bu kimi suallar açıq qalır.
İndiyədək cəmi üstü açıq bir mini futbol stadionu istifadəyə verilən “Xəzər adaları”nda 1.2 milyard manatlıq ev, əmlak satılması versiyası isə qəti inandırıcı deyil. Azərbaycan o qədər varlı ölkə deyil ki, minlərlə insan gözünü qırpmadan fantastik, reallaşacağı böyük şübhə altında olan bir layihədən kvadrat metri 3500 dollardan ev ala bilsin. Hacı İbrahimin dediyinə inansaq, indiyədək “Xəzər adaları”nda orta hesabla 4 min ev satılmış olmalıdır. Hər biri orta hesabla 350 min manat olan bu qədər evin satılması inandırıcıdırmı?

Bu layihəyə xaricilərin real marağından danışmaq isə lap ağ eləmək olar.
Təkcə bu ziddiyyət “Xəzər adaları” layihəsinin arxasında böyük bir müəmmanın olduğunun ən bariz sübutudur.

Elə barəsində danışdığımız müsahibədə Hacı İbrahim yerli mediadan şikayətlənərək deyir: “Bu günlərdə xaricdən jurnalist gəlmişdi. O jurnalist mənə söylədi ki, öz ölkəndən çox xaricdə məşhursan. “Khazar İslands” layihəsinin dünyaya səs saldığını dedi. Məəttəl qalmışdı ki, bu qədər genişmiqyaslı iş görürəm, amma Azərbaycan mediasında bu öz əksini tapmır”.

Xarici medaida “Xəzə adaları” layihəsinə ciddi maraq varmı, biz bu barədə məlumatlı deyilik. Təkcə onu bilirik ki, yüksək qonorar qarşılığında bəzi nüfuzlu qəzetlərdə “Xəzər adaları”nın reklam materialları yerləşdirilib. Lakin yerli medianın bu layihəyə marağı həqiqətən də aşağıdır və bu, heç də təəcüblü deyil.
Reallıqdan uzaq görünən, hətta dəfələrlə qeyd etdiyimiz kimi, fantastika təsirini bağışlayan, maliyyələşməsi şəffaf olmayan, müəmmalarla dolu, rəhbəri mütəmadi olaraq mətbuatda müxtəlif ittihamların obyekti olan bir layihəyə yerli medianın, cəmiyyətin, həmçinin investorların ciddi maraq göstərməməsi tamamilə təbiidir. Fikrimizcə, hörmətli Hacı İbrahim bunu nəzərə almalı və ilk növbədə layihənin maliyyələşməsində şəffaflığı təmin etməli, həmçinin reallıqla uzlaşmayan, inandırıcı görünməyən vədlərdən uzaq qaçmalıdır. Bəzən yalan nə qədər böyük olsa da, bir o qədər inandırıcı ola bilmir.

Arif PBəzi iddialara görə, Hacı İbrahimin “Xəzər adaları” layihəsinin arxasında, əslində ikinci hakim ailə olan Paşayevlər var. Layihənin maliyyələşməsinin məhz Paşayevlər tərəfindən həyata keçirildiyi bildirilir. Lakin bu, o qədər də inandırıcı deyil. Hakim ailənin belə fantastik layihəyə milyardlarla sərmayə qoyduqlarına inanmaq çətindir. Bununla belə, bu söz-söhbətlərin müəyyən əsası da ola bilər.
Bizə verilən məlumata görə, “Xəzər adaları” ilk əvvəl sırf Hacı İbrahimin layihəsi kimi ortaya çıxıb. Lakin bu işi həyata keçirmək üçün əlində vəsaiti olmayan Hacı İbrahim, uzun cəhdlərdən sonra Arif Paşayevdə layihəyə maraq oyada bilib. Məhz bundan sonra özünün də etiraf etdiyi kimi, cəmi 50 milyonla işə başlayıb və ciddi öhdəliklərdən sonra müəyyən maliyyə kanalları əldə edib.

Əslində layihənin təqdim olunduğu şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü Hacı İbrahimin özü də yaxşı anlayır. Plan bundan ibarətdir ki, işlər bir neçə mərhələdə həyata keçiriləcək və nə qədər irəli getmək mümkünsə, o qədər də gediləcək. Hazırlanan gözqamaşdırıcı “Xəzər adaları” maketi isə, piardan başqa bir şey deyil. Məhz bu piar sayəsində ilk mərhələdə tikilən yaşayış binalarının real dəyərindən dəfələrlə baha qiymətə satılması qarşıya əsas hədəf kimi qoyulub. Bakının mərkəzində evlərin kvadrat metri maksimum 2000-2500 manat olduğu halda, “Xəzər adaları”nda, başqa sözlə “dünyanın o başında” və çölün düzündə 3500 manatdan təklif olunur. Bu o deməkdir ki, bir binadan təxminən 10 ev satmaqla, bütövlükdə binaya çəkilən xərc çıxarılır. Yeganə məqsəd də budur ki, “dünyaya səs salan” piar sayəsində müəyyən qədər satışa nail olunsun, qazanc kimi yerdə qalan evlər isə uzunmüddətli kreditlə satılsın və ərazidə məskunlaşma təmin olunsun. Yəni əsas odur ki, planın birinci mərhələsi uğurla həyata keçsin, mini şəhərcik salınsın, milyardlar qazanılsın, burda fəaliyyətə başlayacaq restoranların, digər obyektlərin hesabına daimi gəlir mənbəyi əldə olunsun, bundan sonrası o qədər də önəmli deyil. “Azərbaycan bürcü”nün, “dünyanın ən hündür oteli”nin, “ən böyük məscidi”nin tikilib-tikilməməsi isə o qədər də prinsipial məsələlər sayılmır. Lakin bu gizli planın baş tutacağı da inandırıcı deyil. Qiymətlər o qədər bahadır ki, Azərbaycan cəmiyyətindən çoxsaylı alıcılar tapılacağı ağılabatan deyil. Xaricilərin isə layihə tam reallaşmamış burdan evlər, obyektlər alacaqlarına inanmaq sadəlövhlük olardı.

Qısası, “Xəzə adaları” mifdir, reallıqdır, yoxsa fırıldaqdır, bu barədə özünüz nəticə çıxarmağa çalışın.

Rasim ƏLİYEV
AzPolitika.info

khazar-makettikinti-sehra








loading...


Fikrinizi bildirin