ŞƏMKİRDƏ VÜQARA İŞGƏNCƏ VERDİRƏN GENERAL KİM OLUB? - Araşdırma

Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin və 10 il həbs cəzası verilən Lamiyə Quliyevanın başına gətirilənlər ölkə gündəminin əsas mövzusu olaraq qalır. Vaxtilə Vüqarın nişanlısı olmuş Lamiyə Quliyevanın 4 saylı Cəzaçəkmə Müəssisəsində ana olması xəbərinin yayılmasından sonra ortaya çıxan faktlar böyük ictimai rezonans doğurub. Hazırda cəzası sonradan 5 il 6 ay artırılan L.Quliyevanın həbsxanada necə ana olmasından çox, ona və keçmiş nişanlısına qarşı qisasçılq zəminində həyata keçirilən cəza tədbirləri ictimaiyyətin diqqət mərkəzindədir.

Belə ki, Aslan Aslanovun oğlunun qətlinin əsl səbəbini gizlətmək üçün həm Vüqar Əliyevə, həm də Lamiyə Quliyevaya istintaq dövrü və həbsdə olduqları vaxt ağır işgəncələr verildiyinə, sifarişlə cəzalarının artırıldığına, onların öldürülməsinə cəhd olunduğuna dair çoxsaylı məlumatlar yayılıb. Bu azmış kimi hər iki məhkumun bütün ailə üzvləri repressiyalara məruz qalıb. Artıq bütün bu və digər faktlar Respublika Prokurorluğu tərəfindən araşdırılmaqdadır. Bu istiqamətdə vəkillər də müvafiq materiallar toplamağa başlayıblar.

Elə bu məqsədlə vəkili Adəm Məmmədov bu günlərdə müvəkkili Vüqar Əliyevlə görüşüb. Qobustan Qapalı Həbsxanasında baş tutan görüşdə ömürlük cəzaya məhkum edilən V.Əliyev vəkilinə başına gətirilən müsibətlərin təfərrüatlarını açıqlayıb. Bu haqda saytımızda

Ancaq vəkil A.Məmmədovun Vüqar Əliyevlə görüşünə dair açıqlamasında diqqətimizi çəkən bir məqam oldu ki, onun üzərinə yenidən qayıtmağı lazım bildik. Belə ki, vəkil A.Məmmədovun sözlərinə görə, Vüqardan həbs olunması ilə bağlı soruşduqda, onun cavabı belə olub: “Vüqar həbs olunandan sonra Şəmkir Rayon Polis İdarəsində ona amansız işgəncələr verilib. Həmin vaxt orada iştirak edən, sonradan ömürlük cəza verilərək Qobustan həbsxanasına göndərilən generalla orada təsadüfi görüşü olub. Vüqar Əliyevə “Vüqar müəllim” deyə müraciət edən sabiq generala o, “Mən müəllim deyiləm, Vüqaram! Xatırlayırsınızmı mənə verdirdiyiniz işgəncələri” deyə sual edib. Ona “o zaman siz vəzifənizdən sui-istifadə edib mənə işgəncələr verilməsinə fərman verənlərlə eyni cərgədə idiz, indi isə siz də mənim kimi dustaqsınız” deyib. Sabiq general isə susub… Bu, Allahın ədalət nişanələrindən biridir ki, haqsızlıq edənə cəza Allah tərəfindən verilir…” .

Qeyd edək ki, hanssısa səbəbdən vəkil A.Məmmədov həmin generalın adını çəkməyib. Ancaq “AzPolitika.info” kiçik araşdırma aparmaqla bu generalın adını müəyyənləşdirə bilib.

Belə ki, məlum olduğu kimi, Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilən Vüqar Əliyev və Lamiyə Quliyeva 2003-cü ilin mayında həbsə alınıblar. Yəni, Vüqar Əliyevin həbs olunandan sonra ona Şəmkir Rayon Polis İdarəsində amansız işgəncələr verməkdə ittiham etdiyi sabiq general həmin vaxt azadlıqda olub - 2003-cü ildən sonra həbs edilib.

2003-cü ildən sonra həbsə alınıb, ömürlük azadlıqdan məhrum edilmə cəzasına məhkum edilən və Qobustan Qapalı Həbsxanasına göndərilən yeganə general isə vaxtilə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi olmuş Zakir Nəsirovdur.

Xatırladaq ki, Z.Nəsirov 2005-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi «Qara kəmər» əməliyyatından sonra həbs olunub. Ona işçisi olmuş DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun adam oğurluqları və sifarişli qətllər həyata keçirən dəstəsini himayə etməklə bağlı ittihamlar verilib. Z.Nəsirov isə məhkəməsində bu ittihamları rədd etsə də, ona ömürlük həbs cəzası verilib.

İstintaq dövrü Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanan sabiq general məhkəmənin hökmündən sonra Qobustan Qapalı Həbsxanasına köçrülüb.

Böyük ehtimalla, Vüqar Əliyevə “Vüqar müəllim” deyə müraciət edən sabiq general da məhz Zakir Nəsirovdur.

Sabiq general Zakir Nəsirovun həmin vaxt Şəmkirə bu qətl işini araşdırmaq üçün ezam olunduğu, yoxsa Aslan Aslanovla dost olduğu üçün getdiyi isə məlum deyil.

Rasim Əliyev

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar