KƏMALƏDDİN-“PİNOÇET” – Fövqəlnazirin bir aşkar, bir gizli ləqəbi haqda

Dərc olunub: 09/12/2013 - 10:40

15Xəbər verdiyimiz kimi, Lion islah məhkəməsi Azərbaycan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovu 50 min avro cərimə edib.
Fransanın RUE89LYON saytının “Azərbaycan oliqarxı Loin məhkəməsi qarşısında” adlı dərc etdiyi məqalədə deyilir ki, noyabrın 27-də Apellyasiya məhkəməsi Lion islah məhkəməsi tərəfindən qəbul olunmuş bir qərarı təsdiqləyib. Azərbaycanın ən nəhəng oliqarxlarından olan Kəmaləddin Heydərov 50 000 avro, iş adamı, 2011-ci ildən Fransa reqbi Stadionunun direktoru Pyer Arnal 20 000 avro cərimələnib.
Cərimənin səbəbi “Sosial mülkün sui-istifadəsi” faktlarıdır. Məhkəmə müəyyən edib ki, adları çəkilən hər iki şəxs 2001-2005-ci illərdə Azərbaycan prezidentinin bacısı Sevil Əliyeva və onun uşaqlarının Fransada keçirdikləri özlərinə xas həyatın qanunsuz maliyyələşdirilməsində iştirak edib.
Bu məhkəmə çəkişməsinin mahiyyəti haqda ətraflı məlumat verilib deyə, bu haqda yazmaq niyyətimiz yoxdur. Bizim diqqətimizi çəkən məhkəmə prosesində qeydə alınan kiçik bir epizoddur.

Məhkəmə istintaqı zamanı bəlli olub ki, fransız iş adamı Pyer Arnal Kəmaləddin Heydərova öz aralarındakı telefon danışıqlarında “Şef” deyə müraciət edirmiş…
Pyer Arnal 2001-2005-ci illər ərzində şirkət kimi fəaliyyət göstərən Eternal Luxury-nin meneceri olub. O, məhkəmədə etiraf edib ki, “Eternal Luxury” şirkətinin faktiki meneceri Kəmaləddin Heydərov olub. Başqa sözlə, Pyer Arnal cənab Heydərovun işçisi olub və nazirə “Şef” deyə müraciət edib.
Məsələ ondadır ki, Kəmaləddin Heydərova “Şef” deyə müraciət edən təkcə fransız Pyer Arnal deyil. Fövqəladə hallar nazirinə bu adla xitab və müraciət edən minlərlə adam var. Nəinki onun saysız-hesabsız, sərhədləri Azərbaycanı çoxdan aşaraq dünyanın dörd bir tərəfinə yayılmış biznes subyektlərində çalışanlar, hətta FHN-in işçiləri, onun maliyyələşdirdiyi mediada çalışanlar, himayəsi altında olan siyasətçilər belə cənab Heydərova “nazir” əvəzinə “Şef” deyə xitab edirlər. Məsələn belə: “Şef işə gəldi…”, “Şef Qəbələyə getdi…”, “Şef dünyanın ən varlı adamlarından biridir…” “Şeflə fəxr edirik…”, “Şef pulumuzu yubadır…” və sairə.

Əlbəttə, nazir Kəmaləddin Heydərovun “Şef” Kəmaləddin Heydərova çevrilməsində təəcüblü bir şey yoxdur. Milyardlarla pulu olan cənaba, biz də etiraf edirik ki, “nazir” sözü o qədər də yaraşmır. “Şef” isə pis deyil. Hər halda, ondan Azərbaycanda bir dənədir…

Ancaq bizə çatan məlumatlara inansaq, Kəmaləddin Heydərovun bu ümumişlək ləqəbindən (“Şef”) başqa, bir də gizli ləqəbi var ki, bu haqda yalnız onun işçiləri, ətrafı məlumatlıdır. Məlumatlı mənbə deyir ki, kimlərsə Kəmaləddin Heydərovla Çilinin keçmiş diktatoru Auqusto Pinoçet arasında bir bənzərlik taparaq, “şefə” “Pinoçet” ləqəbini də taxıblar. Yəni cənab Heydərova uca səslə “şef” deyə müraciət edənlərin, pıçıltı ilə ona “Pinoçet” deməkliyi də var.

Mənbə deyir ki, bu ləqəbi nazirə həm sərtliyinə (diktatorluğuna), həm də Pinoçetin gənclik şəkillərinə bənzərliyinə görə veriblər (Müqayisə üçün şəkillər aşağıda təqdim olunub).

Qeyd edək ki, Kəmaləddin Heydərov FHN-də, eyni zamanda biznes subyektlərində həqiqətən də ifrat sərt (intizamlı) idarəçilik üsulunun tətbiq edilməsi ilə seçilir. Deyilənlərə inansaq, onun üçün vazkeçilməz iki prinsip var: İş və sədaqət! Bəlkə də milli “Pinoçetimizin” uğurlarının kökündə də elə bu sirr yatır.

pinochetkamaleddin_heydero_v_y

Rasim ƏLİYEV
AzPolitika.info










loading...


Fikrinizi bildirin