"GENERALIN ÖLÜMÜNÜ ASLANOV TƏŞKİL ETDİRMİŞDİ...”"- Şok açıqlamalar

( II və III HİSSƏ yazının sonuna əlavə olunub)

"Aslanın tələbəlik dövründə bir qızla arasında çox ciddi qovğa olmuşdu. O qızın başına oyun açdı"

Şəmkir bazarının sahibi Elpərəst Həsənli qatı açılmayan cinayətlərdən danışdı"Fikrət Məmmədov qəzada ölməmişdi, onu maşından çıxarıb başının arxasına çəkiclə vurmuşdular"

“Lamiyə işi” Şəmkirdə baş verən, lakin indiyədək araşdırılmamış bir çox cinayətləri, qanunsuzluqları ortaya çıxarıb. Şəmkirə növbəti səfərimiz zamanı Aslan Aslanovun qətlindən əvvəl və sonra rayonda baş verənləri araşdırmağa çalışdıq.

Rayonda bu gün də Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlini ununtmayıblar. Sakinlər o günləri xatırlayarkən deyirlər ki, 2003-cü ildə yaşanmış bu hadisənin bir qədər əvvəl, bir qədər sonra baş verəcəyi gözlənilən idi. Sadəcə, bu iş Lamiyə ilə Vüqarın başında çatlayıb. Aslanovun cavan oğlu öldürülüb, oğlu əlindən gedib. Amma həmin günlərdə Şəmkirdə yaşayanlar bilir ki, o uşaq rayonda maşını ilə hansı oyunlardan çıxırdı.

Sakinlər belə deyir və oğul Aslanova atasına görə heç kimin dinib-danışa bilmədiyini vurğulayırlar. Qeyd edirlər ki, o dövrdə icra başçısı olan Aslan Aslanov heç kəsə qulaq asan adam olmayıb. Şəmkirin sayılıb-seçilən insanlarını belə eşitmirdi. Üstəlik, özü də camaatın başına oyun açırdı. Sakinlər oğul Aslanovun maşınla 3 uşaq anası Aybəniz Abbasəli qızı Məmmədovanı vurmasını xatırlayır, Şəmkirin 2-ci küçəsində baş vermiş həmin avtoqəzanın başqa bir şəxsin üzərinə qoyularaq ört-basdır olunduğunu da deyirlər.

Şəmkir bazarının sahibi Elpərəst Həsənlinin başına gələnləri isə rayonda bilməyən yoxdur. Onun özü isə illərdir susub. Deyir ki, ərizə-şikayətlərinin qarşısını alıblar. Şikayətlərinin ölkə rəhbərliyinə çatmasını əngəlləyiblər.

Aslanov dahi Nizaminin adını götürdüb kəndə atasının adını qoydurdu

“Aslan Aslanov mənə qarşı etdiklərini kimsəyə qarşı etməyib. Restoranımı yandırıb, bazarımı yağmalayıb, özümü, oğlumu həbs etdirib” - deyir Elpərəst Həsənli.

“Aslangilin ailəsi 1947-ci ildə Ermənistandan Şəmkirin Nizami kəndinə gəlib. İndi həmin kəndə atası Əlinin və babası Yaqubun adını birləşdirib və qoydurub. Kənd olub Əliyaqublu. O vaxt bizimkiləri Ermənistandan qovurdular. Atam 1951-60 illərdə Şəmkir Maarif (Təhsil) Şöbəsinin müdiri idi. Atam Aslanın atası Əlinin zootexnik düzəlməsinə, sonra isə kolxoz sədri təyin olunmasına köməklik etmişdi. Mənim 10 yaşım olanda atam dünyasını dəyişib. Amma Aslanın atası atamın yaxşılığını unutmamışdı. Məni görəndə atamın yaxşı insan olduğunu deyirdi. Atasının münasibətinə görə Aslan məni görəndə əmioğlu deyirdi. Deməyim odur ki, bizim yaxşı münasibətlərimiz vardı. Sonradan atası ”rayispolkom" (Rayon İcraiyyə Komitəsinin sədri-red.) təyin edildi. Rayondakı bütün zavod, sovxoz, kolxoz və idarə-təşkilatlar ona tabe idi. O vaxt atası Aslanı ovaxtkı Gəncə Kənd Təsərrüfatı İnstitutuna qoydurdu. Tələbəlik dövründə bir qızla arasında çox ciddi qovğa olmuşdu. O qızın başına oyun açdı. Orada oxuduğu vaxtlarda sovxoz və kolxoz, zavod direktorlarından pul alırdı. Deyirdi ki, imtahandan kəsilmişəm. Yəni bu adam cavanlığından belə bir hərəkətlər edirdi. Sonra etdiklərini oğlu təkrarlayırdı" - deyir E.Həsənli.

Camaat Aslan Aslanovun başçı təyin olunmasını qəbul etməyəcəkdi

982 aslan aslanovOnun sözlərinə görə, müstəqillik illərinin ilk vaxtlarında A.Aslanov Lideral Partiyasının Şəmkir özəyini yaradıb: “1993-cü ildə onu Şəmkirə icra başçısı qoydular. O vaxt təyinat məsələsi belə idi ki, icra başçısını təbliğat evində camaata təqdim edirdilər. Aslan Aslanovu isə arxa qapıdan gətirib İcra Hakimiyyətinə başçı qoyub getmişdilər. Aparatdan gəlib onu camaata təqdim edən olmamışdı. Bilirdilər ki, camaat Aslan Aslanovun başçı təyin olunmasını qəbul etməyəcəkdi. 3 gün sonra mənə zəng edib İcra Hakimiyyətinə çağırdılar. Orada xeyli adam vardı. Orada Aslan məndən sahibkarlıq fəaliyyəti ilə bağlı yeni qanun haqda soruşdu. Dedim ki, alverə icazə verən qanundur və sahibkarlara lisenziya verməlisiniz. Bundan sonra sərdi olduğum bazarda işçilərin sayını soruşdu. Aramızda sözləşmə oldu. Bu söhbətdən sonra Aslan mənim ”Ana Şəmkir" adlı restoranımın yandırılmasını sifariş verdi".

E.Həsənlinin bildirdiyinə görə, A.Aslanovun sifarişini Almaz adlı qadın və onun həyat yoldaşı Tofiq icra edib: “Almazla Tofiq restoranı icarəyə götürmüşdülər. Lakin işlədə bilməmişdilər. Sonradan Tofiqin qardaşı da oranı icarəyə götürdü və o da işlədə bilmədi. Bunun üstündə aralarında dava da düşmüşdü. Restoranım icra hakimiyyətinin 200 metrliyində idi. Oranı Aslan o adamlara yandırtdı. Gecə saat 3-də Almaz zəng elədi ki, restoran yanır. Mən başa düşdüm ki, bunu etdirən Aslandır. Ora səhər 8-də getdim. Gördüm ki, hələ də ”pojarnı" getməyib. “Pojarnı”ya Aslan göstəriş vermişdi ki, gəlməsinlər. Sonra bildim ki, camaat gedib “pojarnı”ya restoranın yandığını deyib, amma gəlməyiblər. 28 gün sonra Aslan Aslanov ora gəldi. Yanında da 30-40 nəfər adam vardı. Dayanıb baxırdılar. Elə bil şəkil çəkdirməyə gəlmişdilər. Yanındakılar dedilər ki, guya restoran qısaqapanmadan yanıb. Soruşdum ki, restoran binasının ətrafındakı “besedka”lar da qısaqapanmadan yanıb? Cavab verə bilmədilər. Restoranımı yandırdığına görə sonradan Tofiqi kolxoza sədr müavini qoydurdu, ona maşın verdi. İllər sonra Tofiq mənə etiraf etdi ki, restoranı Aslanın göstərişi ilə onlar yandırdıblar".

Söhbətə Heydər Əliyevdən Qorbaçova şikayət yazmaqlarından başladı

E.Həsənli danışır ki, sonradan A.Aslanov restoranının təmiri üçün təşəbbüs göstərib: “Səhv etdiyini başa düşmüşdü. Araya hörmətli adamları salmışdı ki, restoranı təmir etdirsin. Razı olmadım. Özünə də dedim ki, atamı 10 yaşımda itirmişəm. Həmin vaxtdan özüm-özümü dolandırmışam, pul qazanıb restoran tikdirmişəm. Atasız idim, amma məktəbdə yetim uşaqlara verilən geyimi almırdım. Pul qazanıb geyimi özüm alırdım. Özünə dedim ki, düşünürsən ki, sənin pulunu götürərəm? Sən Aslanı Şəmkir tanıyır. Amma onun atası öləndə getmişəm, nə lazım olub eləmişəm”.

A.Aslanov 1 il sonra yenidən E.Həsənliyə zəng vurub: “Dedi gəl söhbət edək. Getdim. Söhbətə Heydər Əliyevdən Qorbaçova şikayət yazmaqlarından başladı. Təklif etdi ki, Liberal Partiyasının rayon təşkilatının sədri olum. Razı olmadım. Özünə də dedim ki, YAP-ın Şəmkir təşkilatının yaranmasını nazir Samur Novruzov məndən xahiş edib.

Mən də adamlara kömək etmişdim, yaratmışdılar. Özünə də dedim ki, bilsəydim buna görə çağırmısan, gəlməzdim. 1998-də özəlləşmə aparıldı və mən bazarı özəlləşdirdim. Aslan mənim bazarımın böyük bir hissəsini alıb işçim Yaşar Cəfərova verdi. Adını da ”Həbibli" firması qoyub bu gün də işlədirlər. Məni həbs elətdirəndən sonra bazarımı xarabaya çevirdi. Qapısını bağladıb ora kimsəni qoymadı. Bu gün öz bazarlarından zibili daşıyıb bazarımın ərazisinə tökürlər".

General Fikrət Məmmədovu öldürdülər

E.Həsənli Aslan Aslanovla Səfər Əbiyevin münasibətlərindən də danışıb: “Səfər Əbiyev Qaxazda batalyon komandiri idi. Mən hərbi hissələrə yardım edirdim deyə, komandirlərlə tanış idim. Səfər Əbiyev Azərbaycan dilində danışmırdı deyə ondan xoşum gəlmirdi. Səfərlə Aslan o dövrdə tanış olublar. Sonradan Aslanın öldürülən oğlu Ruslanın kirvəsi də Səfər Əbiyev olmuşdu. Səfər Əbiyev müdafiə naziri təyin olunandan sonra həmin korpus Şəmkirə köçdü. General Fikrət Məmmədov da həmin korpusun komandiri oldu. Həmin vaxt hərbi hissəni təmir etdirdim. Fikrət Məmmədov milli adam idi, onunla yaxşı münasibətim yaranmışdı. Ümumiyyətlə mənim bir amalım vardı - qazancımın 50 faizindən artığını xeyriyyəçiliyə sərf edirdim.

Fikrət Məmmədov da xalqını sevən insan idi. Onun sənədləri hazırlanmışdı və nazir təyin olunacağı xəbəri vardı. Aslan Aslanov bunu bilirdi və ona qarşı idi. 2004-cü ildə Aslan Aslanov məni həbs etdirməzdən 3-4 ay əvvəl Səfər Əbiyev Fikrət Məmmədovu Gədəbəyə sərhədə göndərdi. Ora gedəndə yolda onu qəzaya saldılar. Bu işi Aslan təşkil etdirmişdi. Fikrət Məmmədov qəzada ölməmişdi. Onu maşından çıxarıb başının arxasına çəkiclə vurmuşdular. Bunu mən ”Hürriyyət" qəzetinə müsahibəmdə demişdim.

Bundan sonra Aslan Aslanov məhkəməyə müraciət edib məni ona böhtan atdığımı iddia etdi. Məhkəmədə tələb etdim ki, generalın meyiti ekshumasiya olunsun və başının arxa hissəsindəki xəsarətlərin hansı şəraitdə alması araşdırılsın. Məhkəmə vəsatəti təmin etmədi. Məhkəmədə məni Aslanın vəkili təhqir etdi, cavabını verdim. Elə oradaca məhkəmə məni 3 sutka həbs verdi və Bayıla göndərdilər. Halbuki, məni müvəqqəti saxlama yerinə aparmalı idilər. Bayılda dedilər ki, səni zakazla həbs ediblər. Orada Adil adlı nəzarətçi vardı. Şəmkirli idi. Aslanın adamı olduğunu çox sonralar bildim.

"Aslan orada da məni zəhərlətməyə nail oldu"

İş adamı deyir ki, onu 20-ci kamerada olan vərəmli xəstələrin yanında saxlayırmışlar: “3 gün 28 gün oldu. Həmin günlərdə oğlum Xəlilin xidmət etdiyi hərbi hissə komandiri Təbriz Dadaşovu da tutmuşdular. Onu da üzümə qoydular ki, guya məndən rüşvət alıb. Prokuror Təbriz Dadaşova 8 il, mənə 4 il cəza istədi. Hakim gəlib mənə 7 il cəza oxudu - yəni prokurorun istədiyindən 3 il artıq. Apelyasiya, sonradan Ali Məhkəmə də Aslan Aslanovun sifarişi ilə verilən həmin qanunsuz hökmü qüvvədə saxladı. Həmin vaxt Bayılda başıma oyun açırdılar”.

E.Həsənli iddia edir ki, Bayılda saxlanılarkən Aslan Aslanov ona zəhər verdirib: “Bayılda olanda rejim rəisi gəldi ki, Aslan Aslanov təcridxananın qarşısında ”nadzor" Adillə söhbət edir, ehtiyatlı ol. Az sonra Adil gəldi, yeməyimi verib dedi ki, ye. Çörəyimi yeyəndən yarım saat sonra mədəm qarışdı. Başa düşdüm ki, Adil məni zəhərlədi. Məni dustaqlar qatıq, çay sodası, marqansla xilas etdilər. 20 gün pis vəziyyətdə idim. Adil məni öldürə bilmədiyinə görə qəzəblənmişdi. Öldürmək üçün yollar axtarırdı. O vaxt Bayılda kimlərəsə sərf etməyən dustaqları taxta çəkiclə vururdular. Zəhərləyəndən sonra ölməmişdim deyə, Adil məni taxta çəkiclə vurdu. Zərbələr başıma, qabırğama, ayağıma dəymişdi. 4 qabırğam, ayağım, başım əzilmişdi. Huşumu itirmişdim. Zərbələrdən ağlımı itirmişdim. Bütün bunlar rəis müavini Ağammədlə rəis Dəmirin gözü qabağında olmuşdu. Onlar mənim müalicə olunmağıma da imkan vermirdilər. Sonradan məni 17 saylı cəzaçəkmə müəssisəsinə köçürdülər. Orada məni müalicə etdilər, sağaltdılar. Aslan orada da məni zəhərlətməyə nail oldu. Şairə adlı “nadzor” vardı, onun əli ilə zəhəri yeməyimə qatdırmışdı. Zülmlə ölümdən qurtardım".

“Aslanın mənə verdirdiyi işgəncələrə görə bir ayağımı kəsiblər...”

E.Həsənli 17 saylı cəzaçəkmə müəssisəsində 2 il 6 ay yatdığını deyir. Həmin dövrdə dəfələrdə zəhərlənib və əsassız yerə karsa salınıb: “Orada Xaləddin adlı rəis müavini vardı. Aslan ona sifariş verirdi və o mənə köməkçisi vasitəsilə zəhər verdirmişdi. Xaləddinin köməkçisi mənə yemək çəkdi, qoydu qabağıma. Özünə də çəkib gətirdi. Onun boşqabını aldım qoydum qabağıma. Dedim, mənə çəkdiyin yeməyi ye. Qoydu qaçdı”.

E.Həsənli 2 il 6 ay cəza çəkəndən sonra əfvlə azad olunub: “Aslan mən həbsdə olarkən oğlum Xəlili öldürtmək istəyirdi. Ona görə də oğlumu saxta ittihamla tutdurmağa nail olmuşdu. Zamində olan oğlum sifarişli həbsdən qurtulmaq üçün Rusiyaya qaçdı. 2006-cı ilin oktyabrında əfvlə azad edildim. 2007-ci ildə oğlum gəldi və həbs edildi. Onu Bayıla aparmışdılar, qabağına Adillə Ağamməd çıxmışdı. Demişdilər ki, atan bura 3 günlük gəlmişdi, 7 il ”srok" aldı. Sən də 3 günlük gəlmisən, bilmək olmaz nə vaxt buradan çıxacaqsan. Atana de, bizə pul gətirsin. Bütün bunlar Aslanın sifarişi ilə olub. Bu illər ərzində Aslan vəzifədə idi. Şikayətlərimin qarşısını alırdılar. Aslanın mənə verdirdiyi işgəncələrə görə bir ayağımı kəsiblər. Aslan məni bu günə saldırıb. Bazarım 10 ildir bağlıdır. Restoranım əlimdən çıxıb. Mən Baş Prokurorluğa müraciət edirəm ki, dediklərimi araşdırsınlar".

 

III HİSSƏ

“Getdik gördük ki, Aybənizin meyiti ortalıqdadır”

3asŞəmkirin Həzi Aslanov küçəsi 78 ünvanında yaşayan Yaqub Hüseynov A.Aslanovun icra başçısı olduğu illəri həyəcanlı günlər kimi xatırladığını deyir: “Hər gün nəsə bir pis xəbər yayılacağını gözləyirdik. Onun özü, qohum-qardaşı ağa, biz rəiyyət idik. 2001-ci ildə onun oğlu Aybəniz adlı qadını vurub öldürdü. Aybəniz mənim yoldaşımla bazarda pal-paltar satıb 3 körpəsini dolandırırdı. Rayona xəbər yayıldı ki, maşınla adam vurdular. Getdik gördük ki, Aybənizin meyiti ortalıqdadır. 3 uşağı yetim qaldı, qanı batdı. Sonra dedilər ki, qara ”07" vurub, Aslanın oğlu... Axşam da hadisə şahidlərinə gəlib təzyiq etdilər və cinayət gizlədildi. Görənləri elə qorxutmuşdular ki, onlar da dedi ki, görmədik. Aslandan bütün rayon qorxurdu, kim idi onun qabağına çıxan? Qəbuluna gedənləri söyüb yola salırdı. Nə qadın bilirdi, nə də kişi. Kimdən istəyirdi gedib hesab alırdı. Aybənizin də qətlini ört-basdır elədilər".

Aslan Aslanov həkimin lotereyadan udduğu pula şərik çıxıb

Y.Hüseynov o dövrdə icra başçısı olan A.Aslanovun həkimin lotereyada udduğu pula şərik çıxdığını da xatırlayır: “Aslan Aslanov elə bir adam idi ki, bütün sahibkarlara haqq qoymuşdu. Zakir adlı diş həkimi vardı. O, lotereyadan böyük məbləğdə pul udmuşdu. Onu kabinetinə çağırtdırıb hesab almışdı. Demişdi ki, o pulu tək yeyə bilməzsən, mənə də ver. Bütün rayonun sahibi idi, həkim pulu verməsəydi, başına min oyun açdırardı”.

10 uşağımın çörəyini kəsdi

Rayonda məskunlaşan Ermənistan qaçqını Telman Vəliyevin 70 yaşı var. Deyir ki, icra başçısının ona qarşı etdiyi haqsızlıq övladlarını orta təhsilsiz qoyub: “Şəmkirə 1988-ci ildə gəlmişəm. 10 övladım var. Uşaqlarımdan Qarabağ veteranı olanı da var. Yoldaşım qəhrəman anadır. Şəmkirdə Sabir küçəsində yaşayırıq. Ermənistandan qaçqın düşəndən sonra Şəmkirdə məskunlaşıb ”Aşıq Teymur" adına sovxozda traktorçu işləyirdim. Həmin traktor mənim çörək ağacım idi. Bunu Aslan Aslanov da bilirdi. Bir gün adam göndərdi ki, traktoru versin, alıb təzəsini verəcəyik. Əlimdən traktoru alıb satdı. Aslan məndən traktorumu aldı, uşaqlarımı ac qoydu. Uşaqlarıma paltar alıb məktəbə göndərə bilmədim. Oxuya bilmədi uşaqlarım. Dəfələrlə getdim, qəbul eləmədi. Yazdım, qulaq asmadı. Yalandan dedi ki, narahat olma, traktoru qaytaracağıq. Torpağımı da vermədi. Aldatdı məni. Gəldilər qapıdan traktoru apardılar. Dedilər ki, guya hökumətindir, hökumətə qaytarır. Bu gün də işığım, qazım borcladır. Bizə qarşı belə bir Allahsızlıq elədi. Bu gün o traktorum olsaydı, uşaqlarla biçin vaxtı pul qazanıb dolanardıq. Oğlum Oruc Vəliyev Qarabağda minaya düşüb. Veterandır. Mənim və yoldaşımın aldığı təqaüd dolanışığımıza çatmır. 10 uşağımın çörəyini kəsdi. Bu gün də özümə gələ bilməmişəm. Dövlətə müraciət edirəm ki, mənə qarşı haqsızlığı aradan götürsün".

“Döyürdülər, çəkiclə vururdular, təpikləyirdilər...”

Arzu Sadıqov haqda ötən saylarımızda yazmışdıq. Onu 2003-cü ildə R.Aslanovun ölümündən sonra tutublar. R.Aslanovun qətlində istifadə edilən bıçağı Vüqar Əliyevə o satıb. İstintaq zamanı onu yalan ifadə verməyə məcbur ediblər. Amma düzünü deyib: “Məni tutandan sonra döyürdülər. Tələb edirdilər ki, bıçağı Vüqara deyil, onun atasına satdığımı deyim. 7 ay həbsdə saxlayıb başıma oyun açdılar. Deyirdilər ki, bıçağı Vüqarın atasına verdiyini de. Döyürdülər, çəkiclə vururdular, təpikləyirdilər. 7 ay ”içəri"də, sonra da bayırda mənə zülm verdilər. Onlara deyirdim ki, Vüqar heyvan kəsib ət satırdı. Bıçağı da ona satmışam. Təzyiq edirdilər ki, de bıçağı atasına vermisən. Mən də həqiqəti deyirdim. Evimizdə çörək olmamışdı, bıçağı Vüqara satmışdım ki, çörək almağa pulumuz olsun".

“Aslan bu gün də etdiklərinə görə cəzasız qalıb”

R.Aslanovun qətlinə görə hazırda ömürlük həbsdə olan Vüqar Əliyevin əmisi Əli İsmayılov həmin günləri xatırlayərkən həyəcanını gizlədə bilmir. Deyir ki, oğlunun qətlindən sonra A.Aslanov onların ailəsinə qarşı qəddarlıq edib: “İpək Yolunda işləyirdim. Aslan Aslanov məni işdən çıxartdırdı. Yol polisində işləyən qohumu Orucu iş yerimə göndərib işdən qovdurdu. 86 yaşlı anamın təqaüdünü kəsdilər, uşaqlarımı məktəbdən çıxardılar. Yoldaşımı həbsə aldılar. 2 ay yoldaşımı heç bir günahı olmadığı halda həbsdə saxlatdırdı. Teleqramlarıma, məktublarıma reaksiya vermirdilər. ABŞ səfirliyinə, Elçin Behbudova, Elmira Süleymanovaya yazdım. Özümü şərlədilər. Məni incidirdilər. Deyirdilər ki, niyə vəkil tutub özünü, yaxınlarını müdafiə edirsən. Aslan bu gün də etdiklərinə görə cəzasız qalıb. Ona deyən lazımdır ki, vaxtında uşağının qarşısını alardın, özünü və camaatı da bədbəxt etməzdin. Vüqarın günahı yox idi. Ona Aslanın oğlu ilişirdi. Vüqarın işlədiyi dükanın qabağından o yan-bu yana maşınla keçib söz atırdı. Aslangil Şəmkirdə neçə adamın ölümünə bais oldu. Həmin ölümləri bu gün də araşdırmayıblar. ”Lal Nazim"i, Aybənizi vurub öldürüblər. Qoyublar başqalarının üstünə. Bu məsələləri də, bizə qarşı etdikləri cinayətləri də araşdırsınlar".(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar