Moskva öz ölçülərinə görə Amerikanın “Nimits” sinfindən olan super aviadaşıyanlardan da böyük olacaq ən azı bir nəhəng avaidaşıyan tikmək niyyətindədir. AzPolitika.info xarici mətbuata istinadla bildirir ki, bu barədə Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) baş komandanı Viktor Çirkov məlumat verib. Onun sözlərinə görə, bu Rusiya donanmasının qlobal miqyasda güc əldə etməsinə imkan yaradacaq. Hələlik isə yeni aviadaşıyan planlaşdırmanın ilkin mərhələsindədir və ekspertlərin əksəriyyəti Rusiyanın belə bir gəmi inşa edə biləcək qabiliyyətə malik olmasına şübhə ilə yanaşırlar.
Ancaq admiral Viktor Çirkovun bəyanatı Rusiya hərbi-dəniz potensialının böyük miqyaslı gücləndirilməsi siyasəti fonunda səslənən fikirlərdir. Beləki, Rusiya HDQ yalnız bu il 50 yeni döyüş gəmisi alacaq. Rusiyanın rəsmi “İtar-TACC” məlumat agentliyinin hərbi redaktoru Viktor Litovkin məsələ ilə əlaqədar bildirib: ”Şübhəsiz ki, bu aviadaşıyan Rusiyaya lazımdır və hətta biri yox. Əsas texniki problemlərin həll edilməsinə 3-4 il vaxt gedə bilər və əlavə olaraq da onun tikintisi üçün quru tərsanə də tapmaq gərəkdir. Rusiyaya açıq okeana çıxmaq vacıbdir. Bu kimlərinsə xoşuna gəlməyə bilər, lakin biz dünyanın nəhəng dövlətiyik”.
Aviadaşıyanın planlaşdırılan tikintisi barəsində çox az məlumat var. Ancaq Sankt-Peterburqdakı “Krılovsk dövlət elmi mərkəzi”ndə layihələşdirilən həmin gəminin hazırlanmış maketinə əsasən demək olar ki, öz gövdəsində 100 təyyarə götürə biləcək bu aviadaşıyan əsl okean mastodontu olacaq (“Nimits” aviadaşıyanın gövdəsi 90 təyyarə tutur). Hazırda Rusiyanın fəaliyyətdə olan yeganə avaiadaşıyanı “Admiral Kuznetsov” 1985-ci ildə istifadəyə verilib. Sovet dövründən qalmış bu gəmi “Nimits” sinfindən olan aviadaşıyanlardan iki dəfə kiçikdir və öz gövdəsində 50 təyyarə yerləşdirə bilir.
Analitiklərin fikrinə görə, əgər Rusiya bu planın həyata keçirilməsinə başlasa, onda çox böyük çətinliklərlə üzləşəcək. Çünki Sovet İttifaqındakı aviadaşıyan kreyserlər (SSRİ-də istehsal olunan aviadaşıyan kreyserlər öz fuksiyasına görə ABŞ aviadaşıyanlarından fərqlənib) Ukraynanın Nikolayev şəhərindəki tərsanələrdə inşa edilirdi və hazırda Rusiyada həmin ölçüdə tərsanə yoxdur. Bu məsələ ilə əlaqədar olaraq, ABŞ hərbi bloqqeri Devid Eks “Röyter” ağentliyinə bildirib ki, admiral Viktor Çirkovun haqqında danışdığı həmin nəhəng gəmi çox çətin ki, nə zamansa inşa edilsin. Bəzi Rusiya ekspertləri də onun bu fikri ilə həmrəydirlər.
Bununla bağlı olaraq ”Ejednevnıy jurnal” portalının analitiki Aleksandr Qolts deyib: ”Hərçənd ki, prezident Vladimir Putin silahların yenilənməsi ilə bağlı geniş miqyaslı proqramın həyata keçirilməsinə göstəriş verib, lakin büdcədən ayrılan hərbi resurslar uğrunda mübarizədə Rusiya Hərbi Dəniz Donanması, silahlı qüvvələrin digər növlərinin payına göz dikə bilməz. Ola bilər ki, aviadaşıyan layihəsini icad etməklə, onlar siyasətçilərin diqqətini donanmaya tərəf çəkmək istəyirlər. Maliyyə qaynaqları uğrunda dava-dalaş gedir və silahlı qüvvələrin hər bir sektoru daha çox pay qoparmağa cəhd göstərir. Elə məhz buna görə də admirallar bu cür bəyanatla çıxış edirlər. Amma mahiyyət etibarı ilə bütün bunların hamısı arzuların həqiqət kimi təqdim olunmasından başqa bir şey deyil”.
Vaqif NƏSİBOV
AzPolitika.info


Şərhlər