"Nargilə" kafesinin yaxınlığında yerləşən binalardan birində güclü yanğı baş verib. Güclü külək nəticəsinsə, Bakının Nobel prospektində yerləşən həmin binanı tamamilə alov alib.
Yanğınsöndürmə briqadaları bunanın söndürülməsinə cəlb olunublar. Yanğının əhatə dairəsi həddindən artıq geniş olduğundan və güclü külək əsdiyindən yanğını söndürmək çətinlik törədib.
Binanın sakinləri təxliyə olunsa da, xəsarət alanlar da olub. Yaxınlıqdakı binaların sakinləri də təşviş keçiriblər. Yanğının baş verdiyi əraziyə polis qüvvələri da cəlb olunub.
Yalnız axşam saatlarında güclü yanğını söndürmək mümkün olub.
APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev deyib ki, yanğın binanın fasadından başlayıb: "Hava küləkli olduğundan qısa müddət ərzində geniş ərazini əhatə edib. Binanın fasad hissəsi tamamilə, iki mənzil və prospektə baxan hissədəki bir neçə eyvan yanıb"
R. Xudiyevin sözlərinə görə, yanğınsöndürənlər 3 nəfəri xilas ediblər: "Onlara ilkin tibbi yardım göstərilib. Yanğının qarşısı tamamilə alınıb. Hazırda mənzillərdə yanğın kəşfiyyatı işləri aparılır".
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov deyib ki, binada 107 mənzil var: "Burda 408 nəfər yaşayır. Hazırda neçə mənzilə ziyan dəydiyi dəqiqləşməyib. Bu dəqiqləşmə aparılandan sonra kompensasiya məsələsinə də baxılacaq".
"Azpolitika.info"nunu məlumatına görə, yanğına səbəb binaya çəkilən yeni üzlüklərin alışması olub. Üzlüklərə odun isə elektrik naqillərindən düşdüyü bildirilir. Binada 107 mənzilin əksəriyyəti yanğından zərər görüb. Ailələr evsiz qlıb, hara gedəcəklərini bilmirlər.
“Evim-eşiyim yandı, evdən bir çöp belə olsun çıxara bilmədim, hamısı yandı. Yanğın baş verən zaman hamı kimi mən də mənzildə idim. Yanğın ani olaraq baş verdi və bütün binanı cənginə aldı. Yanğın yerinə gələn yangınsöndürənlər isə susuz gəlirlər”, – deyə bina sakini Habil İsmayılov ANS-ə bildirib.
“Evdən heç nə çıxara bilmədim, qalmışam paltarsız. Yanğın baş verməmişdən əvvəl evdə oturub istirahət edirdim. Yanğın nəticəsində evdə olan bütün əşyalar yanıb külə döndü", – deyə bina sakini Rafael Rüstəmov bildirdi.
Sakinlərə yanğın nəticəsində ciddi maddi ziyanın dəydiyi də deyilir. Alovlar binanın fasad hissəsindən başladığı üçün tez bir zamanda mənzilllərin küçəyə baxan otaqlarını bürüyüb.
Bir çox sakinlər cidd-cəhdlə mənzillərinə girməyə çalışsa da, ərazidə xidmət aparan RPİ-nin əməkdaşları və FHN-in nümayəndələri tərəfindən təhlükəsizlik baxımından buna imkan verilməyib.
Hadisənin baş verməsi barədə müxtəlif versiyalar irəli sürülsə də, FHN-in rəsmiləri konkret bir fikir bildirməyin hələ tez olduğunu da bildirib. Əsas səbəb kimi isə hələlik sakinlər binanın fasadına vurulan plastik örtüyün təmir-tikinti vaxtı yol verilmiş ehtiyatsızlıqdan yanmasını göstərir.
Bina sakini Fərrux Səmədov deyir ki, yanğın məhz burada çalışan fəhlələrin səhlənkarlığı nətricəsində baş verib: “Belə ki, fəhlələr elektirik naqillərinin nəzarətsiz qoyub gedirlər. Buna bir kimsə nəzarət etmir. Bir neçə gün olar ki, evi təmir etdirmişdim. Sırağa gün isə evimə köçmüşəm”.
Zərərçəkənlərin sözlərinə görə, binada 50-dən artıq mənzil qismən yanıb. Binanın ön hissəsində olan eyvan və mənzillər yararsız vəziyyətə düşüb.
Hadisənin baş verməsi haqqında danışan sakinlər deyir ki, əvvəlcə həyətdəki səs-küy diqqətlərini çəkib: "Bayıra baxanda binanın alışdığını gördük. Yanğın dəhşətli sürətlə, bir göz qırpımında yayıldı. O anda keçirdiyimiz hissləri təsəvvür etmək mümkün deyil. Evdəki balaca uşaqları güclə çıxartdıq. Tüstüdən zəhərlənənlər oldu. Hərə başını götürüb bir tərəfə qaçdı".
Musavat.com-a danışan zərərçəkən Fazil Əsgərov pul və qiymətli əşyalarının yandığını bildirdi: "3 min manat pulum, ailəmizin bütün sənədləri yanıb. Gəlinimin hələ istifadə etmədiyi cehizlər yararsız vəziyyətə düşüb. Bunun kompensasiyasını kim verəcək bilmirik? Yenicə təmirdən çıxmış ev indi görün nə vəziyyətdədir?!"

























Şərhlər