Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü 20-ci gününə daxil olub. Bu günlər ərzində Yəməndə ölənlərin sayı 2500-ə çatıb. SalamNews-un "Al Maseera" televiziya kanalına istinadla verdiyi xəbərə görə, bu barədə Yəmən ordusunun təmsilçisi, general-polkovnik Şəraf Qalib Loğman ötən gün paytaxt Sanada keçirdiyi mətbuat konfransında son 20 gün ərzində ölkə ərazisinə endirilən hava zərbələrinin fəsadlarını açıqlayarkən məlumat verib: “Səudiyyə Ərəbistanının Yəmənə hücumundan sonra 40 min ailə evindən didərgin düşüb. 330 yaşayış massivi hədəfə alınıb, hava zərbələri nəticəsində 2265 mənzil dağıdılıb. 1200 obyekt və 72 təlim-tədris müəssisəsi dağıdılıb. Hava zərbələri altı yanacaq obyektinin tamamilə yanmağına səbəb olub.”
Yeri gəlmişkən, Səudiyyə Ərəbistanının hücumları ötən gün ərzində də davam edib. Dünənki aviazərbələr Sana daxil olmaqla, bir neçə əyaləti işıqsız qoyub.
Ölkənin Mərib əyalətində husilər və ordu qüvvələri "əl-Qaidə" terror şəbəkəsi ilə döyüşlərdə irəliləyiblər. Ədən şəhəri yenə qarşıdurmaların şahidi olub.
Səudiyyə Ərəbistanı Səda əyaləti ilə sərhədə əlavə hərbi qüvvələr göndərib.


Şərhlər