Reynders: "NATO-da Azərbaycanla faydalı əməkdaşlıq qurulub"
"NATO çərçivəsində Əfqanıstanda Belçika və Azərbaycan arasında faydalı əməkdaşlıq qurulub. Belçika əsgərləri Azərbaycanın hava limanından istifadə edərək Əfqanıstana keçirlər. Azərbaycan bütün imkanlardan istifadə edərək, Belçika əsgərlərinin Əfqanıstana keçərkən və ya qayıdarkən rahatlığını təmin etməyə çalışır." Anspress xəbər verir ki, bu, xarici işlər naziri Elmar Məmmədyarov ilə Bakıda səfərdə olan Avropa Şurası Nazirlər Kabinetinin sədri, Belçika Krallığının baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didiye Reyndersin birgə mətbuat konfransında bildirilib.
D.Reynders deyib ki, Belçika şirkətləri Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda çox maraqlıdır. Cənubi Qaz Dəhlizi ilə bağlı bəzi şirkətlər hazırda danışıqlar mərhələsindədir. Hazırda Belçikanı təmsil edən 60-dan çox şirkətin Azərbaycanda olması çox böyük önəm kəsb edir və bu şirkətlərin bəziləri ölkəmizdə fəaliyyət göstərir.
Məlumat verilib ki, humanitar sahədə əməkdaşlıq baxımından hər iki ölkədə müxtəlif mədəniyyət tədbirləri keçirilib. Belçikanı təmsil edəcək 160 idmançı Azərbaycanda keçiriləcək Birinci Avropa oyunlarında iştirak edəcək.


Şərhlər