«Səudiyyə Ərəbistanı və Qətərlə münasibətə yenidən baxılmalıdır»
Fransa, terrorizmi maliyyələşdirən Səudiyyə Ərəbistanı və Qətərlə münasibətlərə yenidən baxmalıdır. Bu fikri dünən Parisin Opera meydanında keçirilən və ölkənin milli qadın qəhrəmanı Janna Darkın xatirəsinə həsr olunmuş mitinqdə Milli cəbhənin lideri Marin Le Pen səsləndirib:
«Ölkə rəhbərliyi terrorizmi maliyyəşdirən ölkələr olaraq, Səudiyyə Ərəbistanı və Qətərlə münasibətlərə yenidən baxmalıdır. Əksinə, fundamentalizmlə mübarizə aparan ölkələrlə - Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Misirlə əlaqələri möhkəmləndirmək lazımdır...» (İTAR TASS).
Milli cəbhə liderinin fikrincə, ölkədə fundamentalizm ideyalarını dəstəkləyən mədəni və dini qurumların xarici dövlətlər tərəfindən maliyyələşdirilməsini, o cümlədən, xaricdən maliyyələşdirmə şərtləri müəyyən edilənə qədər məscid tikintisini qadağan etmək lazımdır. Bundan başqa, ayırd etmək lazımdır ki, müxtəlif investisiya fondları Paris ətrafında hansı işlərlə məşğul olurlar.
Marin Le Pen ölkəsində İslam ekstremizmi ideyalarını təbliğ edən bütün əcnəbiləri ölkədən çıxarmağa, başqa ölkələrdə cihadda iştirak etmiş və Fransaya qayıtmış şəxsləri vətəndaşlıqdan məhrum etməyə çağırıb: «Ölkə sərhədlərinə nəzarəti bərpa etmək gərəkdir. Fransa öz daxilinə kimləri buraxdığını bilmək hüququna malikdir...»
Milli cəbhə lideri hesab edir ki, Fransa xüsusi xidmət orqanlarının saxlanmasına və silahlı qüvvələrə yönəlik maliyyəni artırmaq lazımdır. O, Nikola Sarkozinin və Fransua Ollandın emiqrasiya siyasətini tənqid edib və Qərbi, xüsusilə də ABŞ və Fransanı İslam fundamentalizminə «göz yummaq»da suçlayıb.
AzPolitika.info


Şərhlər