Menu

Dövlət dəfnin xərcini çəkir, daha nəyə etiraz edirsiz?..- Hakimiyyətin münasibəti

29.12.2013, 12:24
Dövlət dəfnin xərcini çəkir, daha nəyə etiraz edirsiz?..- Hakimiyyətin münasibəti

Azərbaycan hakimiyyəti II qrup Qarabağ əlili Zaur Həsənovun ölümündən narahat olub. Ancaq ona görə yox ki, bir günahsız insan, həm də vətən uğrunda döyüşlərdə sağlamlığını itirən biri bu VƏTƏNDƏ YAŞAMASINA İMKAN VERİLMƏDİYİ üçün özünü öldürdü. Ona görə ki, bu hadisəyə etiraz olaraq kimlərsə aksiyaya keçirə, haqsızlıqlara etiraz edə bilər. Diqət edin, həm Daxili İşlər Nazirliyindən, həm YAP-dan verilən bəyanat oxşar tezislər üzərində qurulub. Təxminən belə: dövlət dəfnin xərcini çəkir, daha nə aksiya...

"Ötən gün dünyasını dəyişən Zaur Həsənovun vəfatı ilə bağlı qanunsuz aksiyaya çağırış edənlər, qanunla məsuliyyət daşıyırlar. Belə çağırışlar yolverilməzdir. Ona görə də, bu aksiyanın qarşısı alınacaq”. Bunu AzNews.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Sadiq Gözəlov deyib.

S. Gözəlov bildirib ki, Zaur Həsənovun dəfni ilə bağlı dövlət tərəfindən bütün tədbirlər görülür: “Mərhum bu gün saat 14.30-da Bibiheybət qəbristanlığında dəfn olunacaq. Bütün xərcləri rayon icra hakimiyyəti öz üzərinə götürüb. Bir insan kimi Qarabağ qazisinin vəfatı xəbəri bizim hər birimizi kədərləndirir. Onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk və Allah rəhmət eləsin deyirik!

Təəssüf ki, Z. Həsənovun vəfatından istifadə edib, bəzi müxalifət təşkilatları qanunsuz aksiyaların keçrilməsi ilə bağlı bəzi çağırışlar edirlər, amma buna imkan verilməyəcək”.

"Azərbaycan müxalifəti insan faciəsindən özlərinə divident qazanmaq istəyir”. Bunu isə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib: “Qarabağ qazisi Zaur Həsənov dünyasını dəyişib və onun dəfni və digər məsələlərlə bağlı dövlət bütün lazım olan tədbirləri həyata keçirir. Azərbaycanın bəzi müxalifət qurumlarından daim hər şeydən istifadə etmək cəhdi var. Bu da o cəhdlərdən biridir”.

YAP funksioneri qeyd edib ki, bütün baş verənlər ölkə qanunları çərçivəsində həll olunmalıdır: “Bir faciə baş verib. Ölkə rəhbərliyi də bu məsələyə xüsusi diqqət yetirib. Aidiyyəti qurumlar da lazım olan addımları atır. Bütün bunlar olduğu halda Azərbaycan müxalifəti nə istəyir, mən bilmirəm. Nəyə etiraz edir? Və bu etirazların məsələyə nə xeyri var?”

Vallah, müxalifət və ya başqa bir təşkilat aksiya keçirəcək, ya keçirməyəcəık bunu bilmirik. Ancaq Siyavuş Novruzovun diqqətinə çatdıraq ki, bu ölkədə ETİRAZ etməli o qədər məsələ var ki saymaqla qurtamaz. Haqsızlıq, ədalətsizlik, talançılıq, məmur özbaşnalığı, harınlığı və sair. Son hadisə də bunun bir göstəricisidir. Zaur Həsənov dözməyib özünü yandırdı. Ancaq müxtəlif səbəblərdən bu addımı atmaqdan çəkinən, ancaq özünü YANDIRMAQ HƏDDİNDƏ olan nə qədər insan var, bilirsinizmi. Bir gün onların hamısı bu addımı atarsa, Azərbayan od tutar.

Murad

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol