"Yeni Türkiyə uğrunda bu həlledici nöqtəni birlik, bərabərlik və qardaşlığ içində uğurlu şəkildə keçəcəyik"
Türkiyə parlament seçkiləri ərəfəsindədir. Ölkə də partiyaların bir-birilə qızğın mübarizə apardığı bu seçkilərdə ekspertlər də öz rəyini verib. Mütəxəssislərə görə, hakim Ədalət və İnkişaf Partiyası son illər baş verən hadisələrdə əvvəlki nüfüzünü itirib. Amma bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan isə tamamilə başqa fikirdədir.
ANS TV-nin Türkiyə bürosunun məlumatına görə, Türkiyədə parlament seçkilərinə bir həftə qalmış, Ədalət və İnkişaf Partiyasının liderləri, o cümlədən Türkiyə prezidenti və Baş naziri minlərlə tərəfdarı qarşısında çıxış edib. İstanbulda, 1453-cü ildə Konstantinopulun fəth olunmasına həsr olunmuş tədbirdə iştirak edən prezident Rəcəb Tayib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu Türkiyə vətəndaşlarını ölkənin parlaq gələcəyi üçün hakim partiyaya səs verməyə çağırıb.
İstanbul fəthinin 562-ci ildönümü münasibətilə nitqində tarixə qısa ekskursiya edən Ərdoğan, hazırda “zülmün 1453-cü ildən etibarən başladığını deyən “xainlərə” əhəmiyyət verməməyə çağırıb və İstanbula “naməhrəm əllərin” uzanmasına icazə verməyəcəklərini bildirib.
“Yeni Türkiyə uğrunda bu həlledici nöqtəni birlik, bərabərlik və qardaşlığ içində uğurlu şəkildə keçəcəyik. İnşallah, növbəti fəthimiz 7 iyundur”, – deyə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.
İyunun 7-də on milyonlarla Türkiyə vətəndaşı seçki məntəqələrinə yollanacaq. 61 yaşlı Ərdoğan 10 ildən çox hakimiyyətdə olsa da, AKP lideri olaraq, partiyasının qələbəsində iddialıdır.
Siyasi şərhçilərə görə, Ədalət və İnkişaf Partiyası seçkilərə zəifləmiş iqtisadiyyat və yüksək işsizlik fonunda yollanır. Bir müddət əvvəl aşkarlanmış korrupsiya qalmaqalı və 2013-cü ilin “Gəzi parkı” hadisələrinin hakim partiyanın “imicinə” ciddi ziyan vurduğu bildirilir.


Şərhlər