“Hər şey ölkəmiz üçün, xalqımız üçün, çevrədəki könül coğrafiyamız üçün. Xeyirli olmasını diləyirəm”. Bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gün Türkiyədə keçirilən seçkidə səs verdikdən sonrakı ilk açıqlamasında deyib.
Baş nazir seçim kampaniyasında yüksək vətəndaşlıq mövqeyi göstərən şəxslərə təşəkkür edib: “Seçki kampaniyası zamanı böyük fəallıq edən hər kəsi təbrik edirəm. Bu gün seçkiyə gedib səs vermək hər kəsin vətəndaşlıq vəzifəsidir. İndiyə qədər səsvermənin gedişində heç bir problem yaşanmayıb. Hər kəsin gülümsəyərək, salamlaşaraq, fərqli fikrə sayğı duyaraq hərəkət edəcəyinə inanıram. Xoşgörü çağırışları ilə Türkiyənin gözəl bir seçim günü yaşayacağına əminəm”.
Baş nazir, eyni zamanda hakim AKP sədri Əhməd Davudoğluna bir neçə gün öncə PKK-nın siyasi qanadı hesab edilən HDP-nin Diyarbəkir mitinqində baş verən partlayış haqqında da sual verilib. Davudoğlu hökumətin bu terroru qınadığını deyib: “Xəbəri alan kimi HDP həmsədri Selaheddin Demirtaşa zəng etdim. Hər halda çox məşğul olduğu üçün zəngimə cavab vermədi və sonra da mənə zəng etmədi. Biz vəzifəmizi yerinə yetirdik. Baş nazir olaraq da vəzifəmiz Türkiyədə seçim sürəcində baş verə biləcək problemlərin qarşısını almaqdır.
Seçki kampaniyasında bir partiyaya edilən basqını demokratiyaya təcavüz kimi qiymətləndirirəm. Vətəndaşlarımız tərəddüd etmədən səsveməyə getsin, heç bir qorxuları olmasın. Dünən Diyarbəkir olayları ilə bağlı bir nəfər saxlanıb. Həmin şəxsin bütün keçmişi araşdırılır. Gərəkli tədbirlər görülür, terroru törədənlər tapılıb cəzalandırılacaq”.


Şərhlər