Menu

«Rusiya Mariupola hücum hazırlayır» - Avroparlamentin vitse-spikeri

13.06.2015, 12:40
«Rusiya Mariupola hücum hazırlayır» - Avroparlamentin vitse-spikeri

Xarici KİV-in yaydığı məlumata görə, Avropa Parlamentinin vitse-spikeri Rişard Çarnetski bəyan edib ki, Rusiya Mariupola hücum və Krıma dəhliz açmaq planlarından imtina etməyib, əksinə, bunun üçün əlverişli məqam gözləyir (Rosbalt).

«Ukrinform» Çarnetskidən sitat gətirərək, xəbər verir: «Rusiya Mariupola hücum hazırlayır və Krıma dəhliz açmaq istəyir. Çünki bu, Rusiya üçün həm iqtisadi, həm də hərbi-strateji nöqteyi-nəzərdən çox əhəmiyyətlidir. Rusiya liderlərinin başında indi «Mariupola zərbə endirmək və irəli getmək» fikri yox, «bunu nə vaxt etmək?» sualı dolaşır...».

Vitse-spikerin sözlərinə görə, Avropa İttifaqı hadisələrin bu cür inkişafına, əlində «B» planı tutmaqla, hazır olmalıdır. Çarnetski əmindir ki, Moskvanı bu planlardan çəkindirmək üçün onu «profilaktik vasitələr»lə hədələmək lazımdır.

Belə «profilaktik» vasitələrdən biri kimi avropalı siyasətçi özünün ötənilki təşəbbüsünü - Rusiyanın bank sistemini SWIFT sistemindən təcrid etmək barədəki təklifini önə çəkib. O, deyib: «Aydındır ki, bu tədbir Rusiya üçün daha ağrılı zərbə olardı, nəinki Putinin ətrafında olan oliqarxlara və məmurlara yönəlik personal sanksiyalar...».

Çarnetski qeyd edib ki, indi, «Rusiyanın bütün aqressiv hərəkətlərindən sonra» sanksiyaların genişləndirilməsi üçün imkanlar kifayət qədərdir: «İndi sanksiyaların gücləndirilməsi üçün siyasi «iqlim» əlverişlidir, bu mənada ki, Rusiya Mariupola növbəti hücuma (və ya digər istiqamətlərdə hücuma) cürət edə bilməsin...».

Xatırladaq ki, Rusiyanın SWIFT sistemindən təcrid olunması barədə təklif Avroparlamentin 18 sentyabr 2014-cü il tarixli bəyannaməsində yer alıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol