Menu

Yol polisindən piyada zolaqları açıqlaması...

24.06.2015, 17:35
Yol polisindən piyada zolaqları açıqlaması...

Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev virtualaz.org saytında yayımlanan “Bakının ölüm zolaqları...” adlı məqaləyə münasibət açıqlayıb.

K.Əliyev virtualaz.org saytına açıqlamasında bildirib ki, BDYPİ hərəkətin təşkili ilə bağlı KİV-dən, eləcə də ayrı-ayrı vətəndaşlardan daxil olan müraciətlərə diqqətlə yanaşır və hər bir müraciət üzrə müvafiq təhlillər aparılır: “Sözsüz ki, hər hansı nöqsan və ya qüsur aşkar ediləcəyi təqdirdə onların operativ şəkildə aradan qaldırılmasına həmişə hazır olmuşuq. Bu səbəbdən hərəkətin təşkili ilə bağlı işlərin görülməməsində yol polisinin ünvanına iradların səsləndirilməsini bir qədər ədalətsiz hesab edirik. Hüseyn Cavid parkının qarşısında həqiqətən də 4 piyada keçidi var. Bunlar nizamlanmayan piyada keçidləri olduğu üçün hər birinin qarşısında məlumatverici 5.16.2 (piyada keçidi) və 50 metr əvvəldə 1.20 (piyada keçidi) xəbərdarlıq nişanları qoyulub. Nişanların quraşdırılma tarixni bilmək üçün əraziyə diqqətlə baxmaq yetərlidir. 35 ilin taksi sürücüsü hansı sürətlə hərəkət edir ki, döngədən 50-60 metr irəlidəki piyada keçidini və piyadanı görmür? Əgər görmürsə, bu, keçidin düzgün təşkil edilməməsi deyil, sürücünün məsuliyyətsizliyi və intizamsızlığıdır”.

K.Əliyev deyir ki, digər ərazilərdə həmin keçidlər məhz nizamlanan yolayrıcılarında olduqları üçün əlavə nişanların qoyulmasına zərurət yoxdur: “Təəssüf ki, bəzi piyadalarımız yol hərəkəti qaydalarını hələ də yaxşı bilmir və bu qədər maarifləndirici, təbliğat işlərinin aparılmasına baxmayaraq öyrənmək də istəmir. Əfsuslar olsun ki, bu istəyin olmaması bəzən onların elə öz həyatları bahasına başa gəlir”.

Qurumun sözçüsü bildirdi ki, yol hərəkəti qaydalarını pozan istər sürücü, istər sərnişin, istərsə də piyadanı məsuliyyətə cəlb etməkdə polisin məqsədi heç də onları cərimələmək deyil, əsas məqsəd hərəkət iştirakçılarını bu pis vərdişlərdən daşındırmaqdır. Bütün tədbirlər onların öz həyatlarının, sağlamlıqlarının qoruması naminə görülür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol