Misir şiə təmayüllü Husi qüvvələri ilə döyüşmək üçün ilk quru qüvvələrini Yəmənə göndərib.
AzPolitika.info-nun “Debka”ya istinadən verdiyi məlumata görə, 800 Misir əsgəri zirehli texnika və tanklarla birlikdə bu gün Yəmənə yola düşüb.
Həmçinin Səudiyyə Krallığının rəhbərlik etdiyi koalisiyada İranın dəstəklədiyi husilərlə müharibədə dəstək verən başqa bir ərəb monarxiyası – Qətərin 1000 əsgərdən ibarət qoşunları ötən gün Yəmənə enib.
Həmçinin İordaniya, Mərakeş, Sudan və Küveytin də Yəmənə qoşun göndərəcəyi gözlənilir.
Ötən gecədən səhərə qədər Yəmən paytaxtı Səna koalisiya qüvvələri tərəfindən aramsız bomba yağışına tutulub. Husi liderlərinin yaşadığı evlər, hərbi bazalar və həmçinin çox sayda mülki binalar darmadağın olub.
Ölən və xəsarət alanların dəqiq sayı bilinmir. Həkimlərin “Reuters”ə dediyinə görə, altı mülki şəxs hava zərbələri nəticəsində həlak olub.

Şərhlər