Menu

Türkiyənin “dərin dövlət” diplomatı Bakıya nəyə gəlir? – Sinirlioğlu vasitəçi rolunda

14.09.2015, 19:51
Türkiyənin “dərin dövlət” diplomatı Bakıya nəyə gəlir? – Sinirlioğlu vasitəçi rolunda

Türkiyənin müvəqqəti seçki hökumətinin xarici işlər naziri Feridun Sinirlioğlu sentyabrın 15-16-da Azərbaycanda səfərdə olacaq. Sinirlioğlu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.

Türkiyə XİN-in açıqlamasına görə, görüşdə iki ölkə arasında gündəmə dair məsələlər, regionda və dünyada baş verən hadisələr, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olacaq. Türkiyə XİN başçısının Prezident İlham Əliyev və baş nazir Artur Rəsizadə ilə görüşü də nəzərdə tutulur.

Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların “sabit ağır” vəziyyətdə qaldığını, həmçinin Türkiyənin gündəminin terror olduğunu, Ankaranı hazırda daha çox bunun narahat etdiyini nəzərə alsaq, Sinirlioğlunun Bakı səfərinin məqsədləri və müzakirə ediləcək, toxunulacaq məqamlar haqda daha geniş danışmaq lazım gələcək. Təbii ki, Türkiyə XİN başçısının Bakıda Qarabağdan danışacağı, vacib məqamlara toxunacağı şübhə doğurmur, amma bu barədə bir az sonra...

Feridun Sinirlioğlu Türkiyən ən təcrübəli və nüfuzlu diplomatlarından hesab olunur və hətta onu yarızarafat-yarıciddi “dərin dövlət xadimi” adlandıranlar da var.

Sinirlioğlu uzun illər Ərdoğan və Davudoğlu hökumətində müşavir vəzifəsində çalışıb, hətta prezident müşaviri olub.

Ankaranın ən mühüm danışıqlarında nazirin, baş nazirin və ya prezidentin ən yaxınında görünən bir adam kimi, mətbuatda xüsusi diqqət çəkib. Bir müddət Tel-Əvivdə 2008-ci ildə Suriya və İsrail arasında danışıqlarda vasitəçi olan Sinirlioğlu ağır xarakterli və “istədiyini qoparan bir diplomat” kimi tanınır.

ABŞ və Aİ-nin də diplomatik dairələrində yetərincə nüfuzu olan, dəfələrlə Ankara-Vaşinqton və Ankara-Brüssel münasibətlərindəki gərginlik dövrlərində çevik manevrlər etmiş Sinirlioğlu, Yaxın Şərqdə ən yaxşı “kölgə diplomatı” sayılır və onun müvəqqəti hökumətdə “üzə çıxarılması” heç də təsadüfi deyil. 2010-cu ilin aprelində Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması təşəbbüsləri ortaya çıxan zaman, o vaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğanın xüsusi elçisi kimi İrəvana səfər edən, baş nazirin məktubunu Ermənistan prezidentinə çatdıran da məhz Sinirlioğlu idi.

Yaxşı, bəs Bakı səfəri ilə bağlı “Yaxın Şərqin ən mahir diplomatı” necə bir “portfel” hazırlayıb və Ankaradan Bakıya hansı mesajla, hansı təşəbbüslə gəlir?

Azərbaycan və Türkiyə regionda ən yaxın müttəfiqlər hesab olunur və hazırda Türkiyənin əsas gündəm maddəsi olan terror məsələsində Bakı Ankaraya müxtəlif səviyyələrdə dəstəyini ifadə edib. Lakin istisna olunmur ki, Ankara Bakıdan daha çox şey gözləyir. Məsələn, PKK-nın Azərbaycandakı müxtəlif dairələr və ya ayrı-ayrı şəxslərlə əlaqəsi, hətta “paralel quruluşlar” mövzusu belə gündəmə gətirilə bilər.

Təbii ki, terrorçuların axtarışı və zərərsizləşdirilməsi məsələsində əksər hallarda Azərbaycan və Türkiyənin ortaq addımları, hətta ortaq siyahısı olub – desək, çox da şişirtmiş olmarıq. Bu tərəfdaşlıq növbəti mərhələdə özünü necə göstərəcək – bu da Sinirlioğlunun Bakı səfərindən sonra məlum olacaq.

Eyni zamanda Qarabağ cəbhəsində son zamanlar gərginliyin və müharibə ritorikasının artması Ankaranın diqqətindən qaçmayıb və çox güman ki, türkiyəli nazir azərbaycanlı müttəfiqlərə “bu aralar bir az təmkinli olmağı” tövsiyə edəcək.

Yəqin ki, BMT-nin Nyu-York Assambleyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan XİN başçısının qarşısına qoymaq üçün Ankaranın fərqli və yeni təklifləri var, yaxud da bütün ehtimalları və variantları birlikdə müzakirə etmək, məsləhətləşmək lazım gələcək...

Yeni nazir həm baş nazirin, həm də prezidentin təlimatları ilə Bakıya gəlir. Eyni zamanda, beynəlxalq diplomatik münasibətlərdə vasitəçilik və “incik tərəfə dostun daha yaxşı təsir etməsi” kimi amillər mühüm rol oynayır.

Güman ki, öz rəhbərliyinin təlimatlarından başqa, Sinirlioğlu öz “səfər çantası”na ABŞ diplomatları və NATO dairələrinin Azərbaycanla və Cənubi Qafqazdakı vəziyyətlə bağlı müəyyən xahiş və tövsiyələrini də daxil edib.

Türkiyə Azərbaycanı yenidən Qərbə sarı çəkəcək?

Xatırladaq ki, Azərbaycanın Qərbə əsas körpüsü məhz Türkiyə olub. SSRİ-nin dağılmasından sonra qərblilərlə, xüsusilə də amerikalılarla işgüzar münasibətlərin formalaşmasında Ankara amili mühüm rol oynayıb. Ankaranın özünün də Qərblə münasibətləri sabit və artan temp ilə inkişaf etməsə də, qardaş ölkə NATO üzvlüyündə qalmaqda davam edir və regionda ABŞ liderliyi ilə qurulan anti-İŞİD koalisiyasında yer alır.

Türkiyə həmçinin Avropanın, xüsusilə də Qərbi Balkan ölkələrinin enerji təchizatında xüsusi rol oynayır. Avropa İttifaqı “Şərqi Avropa” cəbhəsində Rusiya ilə münasibətləri gərgin saxlasa da, Aİ ailəsinin “perspektivli üzvlərinin” çoxluq təşkil etdiyi, Yunanıstan və Makedoniya kimi zəif üzv-ölkələrin yerləşdiyi Balkan regionunda Rusiyanın enerji resurslarından imtina etmək istəmir. Burda vasitəli əməkdaşlıqdan söz gedə bilər ki, vasitəçi rolunda Türkiyə çıxış edir və Brüsseldə “Türk axını” layihəsi ətrafındakı prosesləri təmkinlə izləyirlər.

Digər tərəfdən, Azərbaycanla olan TANAP və TAP kimi layihələrin reallaşması Balkan regionu üçün böyük əhəmiyyət daşıyır. Bu və ya digər layihələrin reallaşmasında problem yaranacağı halda isə Aİ liderləri kiçik qardaşların giley-güzarı ilə üzləşəcək.

Lakin demək olmaz ki, Brüssel Azərbaycan qazına görə, xahiş edəcək, xəbərdarlıqlar isə arxa planda qalacaq.

Avropa Parlamentinin sentyabrın 10-da qəbul etdiyi son qətnamə rəsmi Bakının qəzəbinə səbəb olub.

Şübhəsiz ki, Azərbaycanın Aİ ilə strateji tərəfdaşlıq üzrə danışıqları dondurması, Avropa Komissiyası üzvlərinin Bakı səfərinin təxirə salınması, Azərbaycanın Avropadan Rusiyaya doğru “getmək” ehtimallarının artması Sinirlioğlunun Azərbaycan rəsmiləri ilə danışıqlarında müzakirə olunacaq.

O da şübhə doğurmur ki, Bakı vaxtaşırı Avropaya qəzəbli reaksiyalar verməsinə baxmayaraq, birdəfəlik Avropadan uzaqlaşmağa ürək etmir, çünki bu, Azərbaycanın iqtisadi maraqlarına da cavab vermir.

Siyasi maraqlara qaldıqda isə, uzlaşdırıcı tədbirlərə ehtiyac qalır ki, məhz Bakı da bu istiqamətdə Türkiyədən vasitəçilik gözləyə bilər.

Beləliklə, Türkiyənin məşhur vasitəçi diplomatı həm ABŞ-Azərbaycan, həm də Aİ-Azərbaycan münasibətlərində buzu qırmaq, ya da gərginliyi bir qədər azaltmaq üçün mühüm addımlar atmalı olacaq. Ən azından ona görə ki, Azərbaycanın Qərbdən çox uzaqlaşması heç Türkiyənin də maraqlarına cavab vermir.

Rüfət Əhmədzadə

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol