Menu

İKİBAŞLI UKRAYNA HÖKUMƏTİNİN YENİ SINAĞI – Üç cəbhədə müharibə və enerji böhranı

16.09.2015, 14:07
İKİBAŞLI UKRAYNA HÖKUMƏTİNİN YENİ SINAĞI – Üç cəbhədə müharibə və enerji böhranı

Poroşenko qışqabağı əhalini necə razı salacaq?

Ukrayna energetikası infarktöncəsi vəziyyətdədir, hökumət isə situasiyaya nəzarəti itirib. Bunu Ukraynanın baş nazir müavini Valeriy Voşevskiy bəyan edib. O, qarşıdan gələn fəlakətin səbəbi kimi, Poroşenko və Yatsenyuk arasındakı siyasi çəkişmələri göstərib. Hökumətdə “islahatlar” uğrunda mübarizə çox davam etdikcə, əhalinin sosial problemləri daha çox qabarır və “gözdən qaçan” məqamlar həm hökumət, həm də prezident administrasiyası üçün artıq başağrıya çevrilir.

Hökumətdaxili böhran

Ukrayna qış öncəsi öz enerji ehtiyatını möhkəm tutmalıdır, bu məsələdə isə Rusiya ilə, eləcə də separatçılarla dil tapmaq lazım gələcək.

“Təxminən 4 ay mən enerji üzrə anti-böhran qərargahına rəhbərlik etmişəm. Təəssüf ki, Ukrayna energetikası bu gün infarktöncəsi vəviyyətini yaşayır. Sizə daha çox deyim, hökumət enerji ilə bağlı situasiyaya nəzarət eləmir”, - deyə istefa üçün müraciət edən (amma istefası qəbul olunmayan) V.Boşevskiy Ali Radada çıxışında deyib.

Onun sözlərinə görə, energetika naziri Vladimir Demçişin baş nazir və baş nazirin müavini tərəfindən verilən təlimatları ciddiyə almır, çünki o, birbaşa prezident administrasiyası ilə əlaqəlidir: “Hakimiyyətin iki başçısı arasındakı ziddiyyətlər o qədər ciddidir ki, təkcə energetikanı yox, bütün Ukraynanı sarsıdır. Hökumət adlanan lokomotivin iki maşinisti var – biri Bankovayada (Prezident Administrasiyası yerləşən ərazi), digəri isə Qruşevskidə (Nazirlər Kabinetinin ünvanı) oturur”.

Bundan əvvəl Odessa qubernatoru Mixail Saakaşvilinin baş nazirə ünvanlanan tənqidləri də gündəmə gəlmiş, prezident isə onu dəstəkləmişdi. Son proseslər onu göstərir ki, həm daxili siyasi çəkişmələr, həm Donbass böhranı, həm Rusiya ilə borclar və qazın qiymətində sövdələşə bilməmələri, həm də Donetskin kömür şaxtalarına nəzarət edən separatçılar tərəfindən kömürə “daha münasib qiymət” tələb olunması rəsmi Kiyevi böyük bir burulğanın içinə atıb.

Avropa liderləri isə Putinə xahiş etməkdən başqa, Kiyevə başqa cür kömək edə bilməzlər, çünki Avropanın özü də enerji çətinlikləri yaşayır.

Keçən qış “fəlakət”dən nisbətən isti hava və Rusiyadan qaz təchizatı hesabına qaça bilən Ukrayna son aylarda Rusiya ilə sövdələşmələrdə elə də uğurlu addımlar ata bilməyib.

Kömür ehtiyatı tükənmiş Ukraynanın qaz tələbatı 19-20 milyard kubmetr təşkil edir ki, lazım olan enerjinin əldə olunması üçün vəsaitin də olmadığı barədə məlumatlar verilir. Minsk müqaviləsinin də müddəaları davamlı pozulur və separatçı rejimlə danışıqlar yaxşı vəziyyətdə deyil. Belə olduğu halda Poroşenko hökumətlə intriqalarını kənara qoymalı və ortaq çıxış yolu barədə düşünməli olacaq.

Çıxış yolu nədir? Əlavə kreditlər götürmək, Rusiya və separatçıların tələblərinə uyğunlaşmaq?

Kiyev separatçıları bəsləmək istəmir

Hələ avqust ayında Kiyev vətəndaşları kredit götürərək, öz evlərini qızdırmaq çağırışı etmişdi. Onsuz da Ukrayna vətəndaşlarının çoxu qənaət rejiminə keçib. İES-lərə gündəlik kömür təchizatı 90 min ton olduğu halda, real göstərici 77 min tondur. Noyabrın 1-nə qədər energetika naziri anbarlarda 3 milyon ton kömür ehtiyatı toplamalıdır ki, hazırda ancaq 1,5 milyon tön kömür var. Qalan 1,5 milyon ton kömürü isə baha qiymətə separatçılardan və Rusiyadan almaq lazım gələcək...

Rusiyanın energetika naziri Aleksandr Novak Ukraynaya “endirimlə qaz nəqlinə davam edəcəklərini” deyib.

Ukrayna separatçılara əlavə pul vermək, onlara daha çox silah almaq üçün şərait yaratmaq istəmir, lakin Rusiya ilə də sövdələşməyə çarəsizlikdən gedir.

Rusiya qazın min kubmetrini 252 dollara təklif edir. Ukrayna isə bunun bazar qiyməti olmadığını deyərək, rus qazını 220 dollardan alacağını bildirir.

Bu ilin üçüncü rübündə “Qazprom” Ukraynaya qaz nəqlini dayandırmışdı, lakin 4-cü rübdə “əməkdaşlığın mümkün” olacağı deyilir. Kiyev isə hər min kubmetrə görə 32 dolların tranzit üçün nəzərə alınmasını tələb edir.

Kiyev və Moskva arasındakı qaz alqı-satqısı 2009-cu ildə (o vaxt Ukraynanın baş naziri Yuliya Timoşenko idi) imzalanmış müqavilə əsasında həyata keçirilir. Kiyev bu müqaviləni təzələmək istəyir, Moskva isə razılaşmır.

Bundan başqa, dövlət şaxtaları iflic vəziyyətə gətirilib, bilərəkdən və ya bilməyərəkdən bu müəssisələrdə kömür hasilatı yanvar ayından bəri 70 faiz azalıb.

Oliqarxları küsdürmək

Ukraynanın ən mühüm özəl kömür və enerji təchizatçılarından biri də DTEK-dir (Renat Axmetovun sahibi olduğu şirkət). Dövlət Rinat Axmetova 6 milyard qrivnadan çox pul borcludur.

Poroşenko və Saakaşvili tərəfindən Rinat Axmetova və onun əlbir olduğu oliqarxlara qarşı yönələn hücumlar isə onları qəzəbləndirməmiş deyil.

Belə olduğu halda, oliqarxları hakimiyyəti sınağa çəkməyə çalışacaqlar.

Ukraynanın köməyinə müəyyən qədər Avropa İttifaqı çatıb. Vyanada “Qazprom”la Avropanın maliyyə institutları arasında əldə olunan razılığa görə, Ukraynaya qış üçün 500 milyon avro kredit ayrılacaq və çox güman ki, bu vəsait birbaşa “Qazprom”a göndəriləcək – 2 milyard kubmetr qaz üçün.

Bu halda Kiyev yenə də qazı Moskvanın şərtləri ilə almalı, əlavə də kredit ödəməli olacaq.

Digər tərəfdən, Ukrayna avtomatik olaraq atəşkəs şərtləri və separatçıları defakto tanımaq tələbi ilə üz-üzə qalır. Separatçılar, Kreml, bu tərəfdən isə yerli oliqarxlar...

Ukraynanı xilas etməyə söz verən Poroşenko kredit istəməkdən başqa nə etməlidir?

Hər nə etməlidirsə, açıq-aydın görünür ki, oliqarxlarla və hökumətlə münaqişədən qaçmalı olacaq... Bir az bədii desək, prezident fakt qarşısında yox, qış qarşısında qalıb.

Beləliklə, növbəti yaza qədər Donbass cəbhəsində ehtiyatlı, Rusiya ilə münasibətlərdə isə daha mülayim davranmaq lazım gələcək.

Rüfət Əhmədzadə

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol