Suriya prezidenti Bəşər Əsəd müharibədən sonra hakimiyyətdə qalsa belə, ədalət onu haqlayacaq. Musavat.com-un “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalın sabiq prokuroru Karla del Ponte bildirib.
“Əsəd hazırda prezidentdir. Əgər biz prezidentlə atəşkəsə nail olsaq, niyə də olmasın? Ancaq sonra ədalət istənilən halda gələcək” – deyib eks-prokuror.
Nümunə qismində o, Yuqoslaviyanın keçmiş prezidenti Slabodan Miloşeviçi nümunə gətirib: "Yadınızdadırsa, Miloşeviç prezident ola-ola sülh danışıqlarda iştirak edirdi. O, prezident kimi qaldı, ancaq haqq-ədalət də zəfər çaldı. Bu, sadəcə, yaxən keçmişdən bir misaldır”.
Xatırladaq ki, Miloşeviç 1995-ci ildə ABŞ-da 1992-95-ci il Bosniya müharibəsinin rəsmən sona çatdıran Deyton anlaşmasını imzalayanlardan biri olub. 1999-cu ildə o, BMT və NATO tərəfindən hərbi cinayətlərdə, soyqırımda və Cenevrə konvensiyasını pozmaqda ittiham edilib. Hərbi Cinayətlər üzrə Haaqa Tribunalında onun üzərində 5 ilə yaxın məhkəmə istintaqı aparılıb və Miloşeviçin ölümü ilə istintaq dayandırılıb.
2012-ci ildə BMT-nin İnsan Haqları Şurası xanım Karl del Ponteni Suriya münaqişəsinin gedişində insana haqları pozuntularının araşdırılması üzrə komissiyanın tərkibinə daxil edib.


Şərhlər