Ötən ilin son günlərində hər kəsi sarsıdan bir faciə baş verdi. Vətən torpaqları uğrunda döyüşüb əlil olmuş Zaur Həsənov ona qarşı edilən haqsızlıqlara dözməyib özünü yandırdı. Onun ölümü bütün cəmiyyəti silkələdi və hər kəs ona qarşı edilən haqsızlığı qınadı.
Bununla bağlı dekabrın 29-da müstəqil gənclər, siyasi partiya təmsilçiləri və Qarabağ müharibəsi veteranları Bakının Fəvvarələr meydanında dinc etiraz aksiyası keçirdilər. Aksiya amansızlıqla dağıdıldı, iştirakçıların bir çoxuna həbs cəzası verildi. Gənclərin və Qarabağ müharibəsi veteranlarının bəzilərinə isə ağlasığmaz dərəcədə yüksək məbləğdə cərimələr kəsildi. Milli Şura həmin gün həbs olunanlara hüquqi yardım etmək niyyətindədir, eyni zamanda cərimələri ödəməyə çətinlik çəkən bu mübariz insanlara dəstək üçün yardım marafonu keçirməyə qərar verilib.
Marafon 4 fevral 2014-cü ildə, yəni bu gün AXCP-nin qərargahında (Bakı şəhəri, Tələt Şıxəliyev küçəsi, 8 ünvanında) saat 12:00-da başlayacaq və davam edəcək. Hər kəs imkanı daxilində yardım edərək bu aksiyaya qoşula bilər.(azadliq.info)


Şərhlər