"Prezident uşaq bağçalarına gedir, hansısa tədbirlərdə iştirak edir. Bəs bizim uşaqlarımız haqda fikirləşir? Onlar neynəməlidirlər?"
Ermənistanın Tavuş rayonunun Berdavan kənd sakinləri təlaş içindədirlər.
Azadlıq Radiosunun Ermənistan xidmətinin hazırladığı videoreportajda onlar deyirlər ki, 1992-ci ildən bəri atəş səsləri bu kənddən əskik olmayıb və buna artıq öyrəşiblər.
Atəş səsi altında əkin-biçinlə məşğul olur, uşaqlarını dərsə yola salır, toy edirlər.
Lakin son dəfəki atışma kimi güclüsünü xatırlamırlar. Atışma zamanı kəndin 2 sakini- 94 yaşlı Şuşan Asatryan və 41 yaşlı Sone Revazyan öldürülüb.
“Əvvəl də atırdılar amma ölən olmurdu. İndi isə minaatanlardan vurmağa başlayıblar, bu dəhşətdir” - kənd sakinlərindən biri deyir.
Arpik Maralçyanın 94 yaşlı anası öz evində ölüb. Mərmi onun evini tamamilə uçurdub. Yaşlı anasına xidmət edən Arpik də qəlpə yarası alıb. Deyir sağ qalmağı möcüzədir:
“Biz heç nə hiss eləmədik, hər şey birdən başladı. Tüstüdən hər yer qaraldı”.
Onun qardaşı Avak qonşu evdə qalır və hər şey onun gözü qarşısında baş verib. Deyir baş verənlərdən dəhşətə gəlib:
“Mən çölə çıxdım və gördüm ki, bacım yaralıdır, ağlayır, dedim bəsdir özünə gəl, get gör ana necədir. Getdi, gördü ki anamız ölüb”.
Kənd rəhbərliyi 3500 nəfərlik kəndə dəymiş ziyanı hesablayıb. 2 ölü və 2 yaralıdan başqa kənddə bəzi tikililər də dağılıb. 10 evə ziyan dəyib. Həmçinin kəndin mərkəzi də atəşə tutulub. Mədəniyyət evi, musiqi məktəbi və məişət evinin şüşələri qırılıb divarları çartlayıb.
Məktəbin və çoxuşaqlı ailələrin yaşadıqları evlərin qapıları artıq bağlanıb. Kəndlilər deyirlər ki, təhlükəli olduğundan uşaqları kənddən çıxarıblar.
“Hə biz deyirik ki, qalıb kəndimizi qoruyacağıq, amma nə vaxta qədər? Biz yaşlı adamlarıq, ölməyimiz ya qalmağımız bir o qədər vacib deyil. Bəs uşaqlar? Atəş altında onlar bilirsiniz nə stress keçirirlər? Prezident uşaq bağçalarına gedir, hansısa tədbirlərdə iştirak edir. Bəs bizim uşaqlarımız haqda fikirləşir? Onlar neynəməlidirlər?”
Berdavanda camaat əsasən üzümçülüklə məşğul olur. İntensiv atəşə görə indi məhsul yığımına getmirlər. Yeri gəlmişkən sonuncu atəş vaxtı kənd təsərrüfatı naziri Berdavanda idi. Şərab zavodunun yanında üzümün qiymətini müzakirə edirdi. Kənd sakinləri deyir ki, atəş səsləri eşidilən kimi söhbəti yarımçıq qoyub qaçıb:.
“Zavoda gəlmişdi ki, bizə üzüm qəbulunun qaydaları haqda məlumat versin, amma güllə səslərini eşidən kimi çönüb qaçdı”.
Kəndlilər deyirlər ki, atəşə görə üzümlüyə heç kim girmir, qorxurlar. Məhsul isə çürüyür.
Son dövrlərdə Azərbaycanın da sərhədyanı kəndləri atəşə tutulub, dinc əhali arasında ölən və yaralanan olub.


Şərhlər