Xəbər verildiyi kimi, oktyabrın 3-də Bakının Nizami rayonunda yerləşən "Laçın" Ticarət Mərkəzinin qarşısında etiraz aksiyası keçirilib. Aksiyanı keçirənlər bu mərkəzdə alverlə məşğul olan ticarətçilər olub. Onlar, Dövlət Yol Polisinin (DYP) ticarət mərkəzinin qarşısında avtomobil saxlamağa qoyduğu qadağanın götürülməsini tələb ediblər. Belə bir qadağa təxminən 1 ay əvvəl tətbiq olunub.
Bu qadağadan əvvəl isə Bakı Şəhər İcra Hakimiyyəti illərdir qanunsuz dayanacaq kimi istifadə olunan əraziyə parkomat quraşdırmağa cəhd edib. Lakin TM rəhbərliyi buna imkan verməyib. Çünki illərdir dayanacaqdan gələn gəlir bazar rəhbərliyinə qalır. Bu zaman bazar rəhbərliyi ilə DYP arasında mübahisə yaranıb.
AzPolitika.info-ya verilən məlumata görə, bu mübahisədən sonra BDYP rəisi Nuşirəvan Səfərov ərazinin tamamilə boşaldılması, piyada zolağı üzərində qurulmuş dayanacağın ləğv olunması, üstəlik marşrut avtobuslarının yolun bu hissəsində dayanmasının qadağan olunması barədə göstəriş verib və əraziyə 2 DYP maşını təhkim edib. 20 gündən çox Ticarət Mərkəzinin qarşısında avtomobil saxlanmasına və avtobusların durmasına imkan verilməyib. Belə olduqda, “Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyev ticarətçiləri etiraz aksiyasına və yolu bağlamağa təhrik edib. Yəni DYP rəisinin onun maraqlarını təhdid edən qisasçı qərarlarına bu vasitə ilə müqavimət göstərib. Belə görünür ki, məqsədinə də nail olub. Oktyabrın 3-də keçirilən aksiyadan sonra 20 gündən artıqdır ərazidə keşik çəkən DYP avtomobilləri yoxa çıxıb.

Başqa bir maraqlı məqam. Məlumdur ki, oktyabrın 3-də aksiya keçirilən zaman əraziyə Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və rayonun polis rəisi də gəliblər. Onlar aksiyaçılarla danışaraq, problemin həll olunacağını vəd ediblər. Hadisələrin içində olmuş mənbənin dediyinə görə, icra başçısı və polis rəisi aksiyaçılarla görüşən zaman, TM-nin sahibi Məsud Vəliyev də hadisə yerinə dəvət olunub. Lakin o, “sözləri varsa, yuxarı qalxsınlar” deyə, icra başçısının yanına getməkdən imtina edib. Başçı və polis rəisi isə etirazçılarla danışdıqdan sonra ərazini tərk ediblər. Nəticədə, DYP rəisi Nuşirəvan Səfərov sonadək prinsipiallıq göstərə bilməyib və Ticarət Mərkəzinin sahibinin qarşısından geri çəkilib. Yuxarıda da qeyd etdiyimiz kimi, artıq 3 gündür piyada səkisinin üstündə qanunsuz dayanacaq yenidən fəaliyyətə başlayıb.
Mənbə DYP rəisini kütləvi aksiya ilə təhdid edib geri oturdan, icra başçısı ilə görüşməyən Məsud Vəliyevin kimə arxalandığı, hansı qüdrətli dairənin himayəsi altında olduğu barədə məlumatlara malik deyil. Lakin şübhəsiz ki, onun arxasında çox qüdrətli hamayədarları var.
Vaqif NƏSİBOV
AzPolitika.info


Şərhlər