Ucar rayonu Oğuz küçəsi, Dəmir Yolu yaşayış Evi bina 3, mənzil 8 də yaşayan Şamilov Əlirza Qərib oğlu tərəfindən "AzPolitika.info"ya şikayət məktubu göndərilib. Sabunçu rayonunda yerləşən 148 saylı Mənzil İstismar Sahəsinin rəisindən şikayət edən Əlirza Şamilov məktubuna onunla şöhbətinin videoçəkilişini də əlavə edib. Həmin məktubu qısa ixtisarla və videoçəkilişlə təqdim edirik:
"Sabunçu rayonunda yerləşən 148 saylı Mənzil İstismar Sahəsinin rəisi Mirzə Hacıyev özü kimilərlə əlbir olub, aldatma yolu ilə vətəndaşların pulunu mənimsəməklə məşğuldur. Mirzə Hacıyev bu ilin fevral ayı tarixində mənə bildirdi ki, 148 saylı Mənzil İstismar Sahəsinə məxsus ucuz 1 otaqlı ev var. Dedi ki, həmin evi bacısı oğlu Akif 8000 manata satır. Özünü Mirzə Hacıyevin bacısı oğlu kimi təqdim edən Akif adlı şəxs də 148 saylı MİS-nin balansında olan evi 8000 manata satdığını mənə bildirdi.
Mən həmin Akif adlı şəxslə danışıb razılaşıb 6000 manat pulu ona, 1900 manatını isə sənədləşdirmə adı ilə Mirzə Hacıyevə verdim. Bundan sonra bu fırıldaqçılar bu gün-sabah deyə-deyə, məni get-gələ salıb aldatdılar.
Mənə sonra məlum oldu ki, onlar beləcə əlbir olub avam insanları aldadıb, pullarını mənimsəməklə məşğuldular. Buna görə də, onlarla görüşüb videoçəkiliş apardım.
Həmin video görüntülərdə 148 saylı MİS-in rəisi aldığı pulu etiraf edir ki, onun bu hərəkəti cınayət əməlidir. Video çəkilişdə 148 saylı MİS rəisinin qanundan, qanunçuluqdan danışması dələduzluqdur ki, guya bu adam qanun tərəfdarıdır.
Pulumu bunlardan ala biləcəyimin mümkünsüz olduğunu görüb, Sabunçu prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdim. Şikayətimə baxan Sabunçu rayon prokurorluğunun Malik adlı müstəntiqi heç bir qanuni tədbir görmədi.
Baxmayaraq ki, 148 saylı Mənzil İstismar Sahəsinin rəisi Mirzə Hacıyevin məndən saxtakarlıqla pul almasını təsdiq edən videoçəkiliş olan diski müstəntiqə təqdim etmişdim. Həmin diski mətbuat vasitəsi ilə ictimaiyyətə təqdim edirəm, baxılsın, bəlkə hüquq-mühafizə orqanı rəhbərləri bu MİS rəisi barədə tədbir görələr. Bunu da ona görə edirəm ki, gələcəkdə mənim kimi avam insanlar belə vəzifəli şəxslərin toruna düşməsinlər".




Şərhlər