Menu

“Oqtay Əsədov özünü icra hakimiyyətinin vəkili kimi aparır” - "Ədalət"dən spikerə sərt cavab

15.03.2014, 13:41
“Oqtay Əsədov özünü icra hakimiyyətinin vəkili kimi aparır” - "Ədalət"dən spikerə sərt cavab

"Spiker bununla icra hakimiyyətinə bir növ yarınmaq istəyib"

Ötən gün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin illik hesabatının müzakirəsi zamanı Milli Məclisin deputatı İlyas İsmayılovla spiker Oqtay Əsədov arasında mübahisə yaranıb. Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli bununla bağlı fikirlərini açıqlayıb. Partiya yetkilisi deyib:

“Ədalət Partiyasının sədri İlyas İsmayılov çıxışı zamanı faktlara əsaslanaraq Nazirlər Kabinetinin illik fəaliyyətini təhlil etmiş və bununla bağlı təkliflərini vermişdir. Lakin spiker Oqtay Əsədov özünü Milli Məclisin sədri kimi deyil, hökumətin nümayəndəsi kimi aparmışdır. Bu isə anlaşılmır və dövlətçiliyin əsas sütununu təşkil edən hakimiyyət bölgüsü prinsiplərinin spiker tərəfindən düzgün dərk olunmadığını göstərir. O, icra hakimiyyətinin qanunvericilik hakimiyyəti qarşısında cavabdehlik daşıdığını nümayiş etdirməkdənsə, əks mövqe tutmağa çalışmışdır. Bununla da icra hakimiyyətinə bir növ yarınmaq istəyib."

Mütəllim Rəhimlinin fikrincə, spikerin davranışları göstərir ki, onun dövlətçilik təfəkkürü də yoxdur. "Ümumiyyətlə isə Milli Məclisdəki hərəkətləri ilə yalnız gərginlik yaradır. Halbuki cəmiyyətdə yaranmış narazılıqların MM-də müzakirə olunaraq azaldılması və aradan qaldırılması tələb olunur.

İlyas müəllimin çıxışına gəldikdə isə onun kifayət qədər arqumentləri olmuşdur. O, iqtisadiyyatda olan problemlərdən başqa məmur özbaşınalığına, bürokratiyaya da toxunmuş buna aydınlıq gətirilməsini istəmişdir. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı İlyas müəllimin üç müraciətinə cavab verməmişdir. Həmçinin MSK sədri, eləcə də MM-in sədri O.Əsədov icra hakimiyyətində çalışan 20-dən artıq deputatın mandatından məhrum edilməsi barədə İlyas müəllimin sorğularına biganə yanaşmaqdadırlar."

Partiya sədrinin müavini vurğulayıb ki, Oqtay Əsədovun özündən razı, qeyri-qanuni davranışları ilə barışmaq niyyətləri yoxdur. "Ədalət partiyasının üzvləri bununla bağlı etiraz aksiyalarına başlamaq qərarına gəliblər.

“Ömrü boyu su və kanalizasiya xəttlərinin çəkilməsi kimi bir idarəyə rəhbərlik edən O.Əsədovun hüquq elmləri doktoru, zəngin dövlətçilik təcrübəsinə malik İlyas İsmayılova irad tutmaq cəhdləri onun havadarları tərəfindən mütləq qiymətləndirilməlidir”– deyən M.Rəhimli fikrini yekunlaşdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol