Menu

Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı şərhə DÜZƏLİŞ - VİDEO (Yenilənib)

22.04.2016, 12:10
Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı şərhə DÜZƏLİŞ - VİDEO (Yenilənib)

ABŞ Dövlət Departamentinin saytında qurumun mətbuat katibi Con Kirbinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı verdiyi şərhdə düzəliş edilib.

APA-nın xəbərinə görə, əvvəlki versiyada bildirilirdi ki, “Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiya və Fransadan olan həmsədrlərlə birlikdə regiona səfər edib və birmənalı olaraq danışıqlar prosesinə dönüşün vacibliyini qeyd edib. Biz BMT vasitəsilə hər iki tərəflə uzunmüddətli sülhə nail olmaq üçün işləməyə sadiqik”.

Düzəlişdən sonra BMT sözü ATƏT sözü ilə əvəz edilib.

Qeyd edək ki, əvvəlki versiyada C. Kirbi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin BMT prosesi çərçivəsində həllini dəstəklədiyini demişdi.* * *

 

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanat yayıb. Anspress-in məlumatına görə, Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib ki, biz birmənalı olaraq tezliklə danışıqlar prosesinin bərpasını arzu edirik.

ABŞ əvvəllər münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində nizama salınmalı olduğunu deyirdi. Bu dəfə BMT çərçivəsində nizamlanma prosesini dəstəklədiyini qeyd edib.

Con Kirbi bildirib ki, Amerika Birləşmiş Ştatları BMT-nin həll prosesini dəstəkləməyə davam edir. “Bu, münaqişənin nizamlanmasının ən yaxşı variantıdır. Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri  regiona səfər ediblər. Onlar birmənalı olaraq bildiriblər ki, tezliklə danışıqlar prosesinə qayıdışı arzu edirlər. Biz BMT-yə və tərəflərin uzunmüddətli sülhə nail olması istiqamətində fəaliyyətə möhkəm sadiqik", - deyə Kirbi bildirib.

Con Kirbinin mətbuat konfransı

Cəbhə xəttində vəziyyət gərginləşdikdən sonra dünyanın bir çox nüfuzlu dövlətləri, o cümlədən ABŞ tərəfləri sülhə çağırdı. Həmin vaxt ABŞ-ın dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında 2 dəfə telefon danışığı olub.

Onlar hər iki danışıq zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Birinci telefon danışığından sonra yayılan təfərrüatlarda bildirilirdi ki, ATƏT-in Minsk qrupu həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransanın səylərinin artırılması barədə razılıq əldə olunub.

Lavrov və Kerri müxtəlif “xarici oyunçuların” Qarabağ ətrafında qarşıdurmanı qızışdırmaq cəhdlərini qınayıblar. Amma ikinci telefon danışığının təfərrüatları açıqlanmayıb.

ABŞ və Rusiya cəbhə xəttində atəşkəsin əldə olunmasını alqışlayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol