Arseni Yasenyuk: "Şərq vilayətlərində Rusiya qoşunlarının Ukraynaya müdaxiləsinə zəmin yaratmaq üçün plan həyata keçirilir”
Ukraynada Donetsk vilayət şurası Donetsk xalq respublikasının yaradılmasını elan edib. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, müvafiq qərar Donetsk vilayət şurasının növbədənkənar toplantısında qəbul olunub.
Şura deputatları Donetsk xalq respublikasının dövlət müstəqilliyi haqda bəyanat qəbul ediblər.
Toplantı zamanı həmçinin yeni yaradılmış respublikanın Rusiya Federasiyasına qəbulu haqda qərar verilib.
Donetsk vilayət şurasının binası önündə toplaşan şəxslər bu qərarı “Putin bizə kömək et” şüarı ilə qarşılayıblar.

APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın baş naziri Arseni Yasenyuk hökumətin iclasını açarkən deyib.
O, bildirib ki, şərq vilayətlərində 1 ay əvvəl keçirilən çoxsaylı aksiyalar artıq yoxdur, ortada 1 - 1,5 min radikal qalıb: “Spesifik rus aksentli bu adamlar öz fəaliyyətlərini xarici xüsusi xidmət orqanı ilə əlaqələndirərək dünən kütləvi qarışıqlıq yaradıblar və inzibati binaları ələ keçiriblər. Biz dünən axşam fəaliyyət planı hazırlamışıq və güc strukturlarının rəhbərləri bu planı həyata keçirmək üçün həmin vilayətlərə gediblər”.
A. Yasenyuk şərq vilayətlərinin əhalisinə müraciət edib: “Hamıya aydındır ki, hazırda antidonetsk, antiluqansk, antixarkov planları reallaşdırılır. Zəmin yaradılır ki, xarici qoşunlar sərhədi keçsin və ölkəmizin ərazilərini ələ keçirsin. Biz buna imkan verməyəcəyik”.


Şərhlər