“Bu iki qurumdan olan onlarla nümayəndə heç bir iş görmür”
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçki qərargahında səlahiyyətli nümayəndə və vəkillərlə bağlı narazılıq yaranıb. Belə ki, ACP və EL hərəkatı imzatoplama kampaniyası dövründə “küsərək” prosesdən kənarda qalsalar da, C.Həsənlinin səlahiyyətli nümayəndələrinin və vəkillərinin seçim prosesinə qoşulmağa qərar veriblər.
Hər iki qurum səlahiyyətli nümayəndə və vəkil “əldə etmək” üçün yarışa çıxıb. Nəticədə xeyli sayda dairələrdə namizədin kampaniyasının normal aparılmasına təhlükə yaranıb.
Prosesdə iştirak edən bir neçə səlahiyyətli şəxsin bildirdiyinə görə, ACP və EL-in təmsilçilərinin hərəkətsizliyi və fəaliyyətsizliyi uğursuzluğun başlanğıcıdır. Çünki həmin şəxslər məsul olduqları dairələrdə heç bir iş görmür və faktiki olaraq dairələrdə Milli Şuranın namizədinin məğlubiyyəti üçün zəmin hazırlayırlar. Həmin səlahiyyətli nümayəndə və vəkillərin sayı da az deyil. İki qurumun azı 40-a yaxın dairəyə iddia etdiyi bildirilir. EL hərəkatının rəhbəri Eldar Namazov iki gün ərzində telefonu açmasa da, qurumun üzvü Eldəniz Quliyev suallarımızı cavablandırmağa çalışdı. O bildirdi ki, C.Həsənlinin vəkillərindən altısı EL-in üzvüdür: “Səlahiyyətli nümayəndələr də çoxdur, dəqiq bilmirik. Müraciət edənlər, səlahiyyətli nümayəndə kimi fəaliyyət göstərmək istəyənlər çoxdur. Bu, bir prosesdir və biz də qatılmışıq. Bəzilərinin sənədləri artıq qərargah tərəfindən MSK-ya göndərilib, bəziləri hazırlanır”.
Onun sözlərinə görə, səlahiyyətli nümayəndənin proseslə bağlı laqeydlik sərgiləməsi böyük uğursuzluğa səbəb ola bilər. Bunu prosesə qoşulan hər kəs bilir və bilməlidir. Bizim səlahiyyətli nümayəndələrimizin heç bir iş görmədiyini demək insafsızlıqdır. Səlahiyyətli nümayəndənin fəaliyyəti MSK-nın təlimatı ilə nizamlanır. Bizim payımıza düşən dairələrdə iş gedir".
ACP sədri Sülhəddin Əkbər isə “Yeni Müsavat”ın suallarını cavablandırmaq istəmədi: “Vaxtım yoxdur, çox məşğulam”.
C.Həsənlinin seçki qərargahının üzvü, Müsavat başqanının müavini Gülağa Aslanlı isə bildirdi ki, qərargah hər bir səlahiyyətli nümayəndə və vəkilə müəyyən məsələləri tapşırıb və iş gedir: “Onların özlərinin rəhbərləri var, hər biri öz işləri ilə məşğuldurlar. Kiminsə ona verilən, üzərinə düşən tapşırığı yerinə yetirməməsi barədə qərargaha məlumat daxil olmayıb”.
C.Həsənlinin səlahiyyətli nümayəndəsi və Seçki Qərargahının üzvü Gözəl Bayramlı isə qeyd etdi ki, ACP 10, El 6, KXCP də 20 səlahiyyətli nümayəndə ilə təmsil olunur: “Yerdə qalanlar AXCP və Müsavatın təmsilçiləridir. Əslində məsələ belədir. Biz - Müsavat və AXCP əksər dairələrdə səlahiyyətli nümayəndə təyin etmişik, yəni əksər dairələrdə nümayəndəmiz var və normal şəkildə də iş gedir. Səlahiyyətli nümayəndəni və vəkili seçki qərargahı seçmir. Bunu bizim həll etmək hüququmuz yoxdur. Məsələni Cəmil Həsənli bu cür həll edib, o, belə istəyib. Vəkil və səlahiyyətli nümayəndələrin seçilməsi namizədin istəyindən asılıdır və Cəmil müəllim də belə istəyib. O istəyib ki, Milli Şuradakı qüvvələr hamısı təmsil olunsun, hər şey də onun istəyindən asılıdır. Biz də bir şey deyə bilmirik. Ancaq seçki qərargahının rəhbərləri Müsavat və AXCP-dəndir, nümayəndələri, üzvləri də həmçinin”.(musavat.com)


Şərhlər