Türkiyədə iyulun 15-də Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi zamanı Marmarisdə prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı oteldə dövlət başçısına sui-qəsd etmək istəyən hərbçilərdən 11-i Muğla vilayətinin Ula bölgəsində yaxalanıb.
"Anadolu" agentliyi xəbər verir ki, Şirinköy məhəlləsinin vətəndaşı tərəfindən hərbçilərin yeri barədə məlumat daxil olduqdan sonra jandarma qrupu xüsusi əməliyyat keçirib.
Əməliyyat zamanı jandarma qrupu ilə hərbçilər arasında atışma baş verib, nəticədə hərbçilər təslim olublar.
Məlumata görə, Ərdoğanın Marmarisdə qaldığı otelə hücum təşkil etdikdən sonra qaçan qiyamçı əsgərlərdən 9-u gecə saatlarında Muğlanın Ula rayonunda, 2 fərari əsgər isə bu sabah ələ keçirilib.
Beləliklə, tutulan fərari əsgərlərin sayı 11-ə çatıb. Ələ keçməyən sonuncu fərari əsgər Burkay Qaratəpənin isə 11 nəfərlik qrupdan ayrı hərəkət etdiyi və başqa bir bölgədə gizləndiyi iddia edilir.
Həbs olunan əsgərlər artıq paytaxt Ankaraya gətirilib və onların istintaqa cəlb olunacağı gözlənilir.


Şərhlər