Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rüfət Səfərovun vəkili Bəhruz Bayramov müdafiə nitqi etmək üçün məhkəmədən on gün vaxt istəyib.
Amma hakim bunu nəzərə almayıb və prosesi qəsdən uzatmaq istəyinin olduğunu deyib. Bundan sonra prosesdə fasilə elan olunub. Fasilədən sonra vəkil çıxış edərək müdafiə etdiyi şəxsin təqsirsiz olduğunu deyib.
Daha sonra prosesdə çıxış üçün R. Səfərova söz verilib. R. Səfərov çıxışa hazır olmadığını, ona bir həftə vaxt verilməsini istəyib.
Məhkəmə vəsatəti təmin etməyib və ona çıxışa hazırlaşmaq üçün 15 dəqiqə vaxt verib. Fasilədən sonra R. Səfərov çıxışa hazır olmadığını deyib və yenidən məhkəmədən vaxt istəyib. Məhkəmə bunu çıxışdan imtina kimi dəyərləndirib.
Məhkəmədə yenidən fasilə elan edilib. Fasilədən sonra hökm elan olunub. Məhkəmə R. Səfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
R. Səfərov məhkəmə zalında həbs olunub.
Xatırladaq ki, prokuror çıxış edərək məhkəmədən R. Səfərova 10 il həbs cəzası verilməsini istəmişdi.
***
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilib.
"Report”un məlumatına görə, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prosesdə R.Səfərovun vəkili Bəhruz Bayramov məhkəmədən müdafiə çıxışı üçün vaxt istəyib.
Vəkil onun Lənkəranda və ətraf yaxın ərazilərdə ofisi və ya qalacağı yer olmadığına görə, o müdafiə çıxışı hazırlaya bilmədiyini deyib.
Vəsatət təmin edilməyib və hakim vəkilin barəsində məhkəməni qəsdən uzatması barədə xüsusi qərardad çıxarıb.
Prosesdə fasilə elan olunub.
Xatırladaq ki, ötən posesdə dövlət ittihamçısı R.Səfərovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.
Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasına baxıb və iddia təmin olunub. R.Səfərov onun barəsində irəli sürülən ittihamla razı olmadığını bildirib.
Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.


Şərhlər