Menu

3,4 milyon dolları ələ keçirməkdə təqsirləndirilənlər məhkəmə qarşısında

23.09.2016, 19:15

mehkeme hakimBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev və Tural Qasımov, Gəray Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu barədə "Report"a vəkil İlqar Əliyev məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən E.Qasımovla G.Abdullayev ifadə verib.

G.Abdullayev ifadəsində bildirib ki, hadisədə heç bir günahı yoxdur. O, özünü təqsirli bilmədiyini, cinayət işi ilə əlaqəsinin olmadığını deyib.

Məhkəmənin növbəti iclası sentyabrın 30-da davam keçiriləcək.

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2015-ci ildə baş verib. Bakı şəhər sakini Tofiq Nadir oğlu Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri nəticəsində L.Abdullayev, E.Qasımov, R.Hacıyev, P.Rzayev, F.Tağıyev, G.Abdullayev və T.Qasımov saxlanılıb.

Nərimanov Rayon Məhkəməsində F.Tağıyev, R.Hacıyev və T.Qasımov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol