Menu

Xəzərdə itkin düşənlərin axtarışına FHN-in helikopteri cəlb olunub

15.12.2016, 12:59
Xəzərdə itkin düşənlərin axtarışına FHN-in helikopteri cəlb olunub

Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzər dənizində baş vermiş qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində əsən güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düşmüş neftçilərin dərhal axtarışına başlanılıb.

Axtarış işlərinə FHN-in “Vixr-5” və “Vixr-8” gəmiləri, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Svetlomor-2” gəmisi, həmçinin, çətin hava şəraitinə baxmayaraq FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub.

Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

1. Zülfüqarov Güloglan - maşinist

2. Zülfüqarov Azay - operator

3. Qurbanov Vidadi - operator

4. Həsənov Elçin - mexanik

5. Hacıəliyev Həsənağa - operator

6. Qafarov İlham - operator

7. Əsədov Samir - operator

8. Bəhrəmov Cavid - operator

9. Abbasov Ramiz - maşinist

10. Rüstəmov Qorxmaz - operator

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol