Türkiyə gerilya müharibəsinə cəlb olunub. Ta bunun başqa adı yoxdur. Elə bir gün olmur ki, ölkənin harasındasa hərbçilərə hücum olmasın və bu hücumlar qanla bitməsin.
Söz yox, müasir dünyada bunun adı terrorizmdir. Türkiyədən uzaq və ona qeyri-dost ölkələr bu partizan müharibəsini “milli azadlıq müharibəsi” kimi qələmə versələr də, dost ölkələr onu adıyla çağırsalar da, bu gerçəkliyi dəyişmir: müharibə gedir, insanlar həlak olur, evlər dağılır, qəsəbələr viran qalır.
Avropanın bəzi ölkələrində PKK terrorizminə haqq qazandıra biləcək yeni bir arqument tapıblar, deyirlər ki, azadlıq müharibəsi aparanlar artıq yalnız hərbçiləri – polilsəri, əsgərləri hədəf alır, onlarla döyüşür, mülki və günahsız insanlara toxunmurlar.
Burada qismən həqiqət var. Gerçəkdən də artıq bir ildən çoxdur ki, Türkiyədə törədilən terror aktlarında əsasən hərbçilər hədəf seçilir. Terrorçular ağırlıqlı olaraq onları öldürmək, yaralamaq istəyirlər. Bununla belə, hərbçilərlə yanaşı, xeyli mülki insan da yol keçərkən həlak olur.
İkincisi isə 20-25 yaşlı bir gənc nəsə bir işin qulpundan yapışıbsa və hərbi strukturlarda işə düzələrək uniforma geyibsə, bu, onu avtomatik olaraq günahkara, öldürülməi vacib olan düşmənə çevirmir.
Bu baxımdan PKK-nın və onların havadarlarının terrorçuluğa haqq qazandırmaq üçün bu aktların yalnız hərbçilərə qarşı yönəldiyini iddia etmələri absurd müdafiədir.
Bir həftə öncə İstanbulun mərkəzində törədilən və 44 insanın ölümünə səbəb olan terror aktının miqyası və şiddəti göstərir ki, PKK artıq bu aktlarla kimisə qorxutmaq istəmir, artıq o ölüm-dirim savaşına başlayıb və geriyə yolu olmadığını düşünür, heç bir siyasi manevrlərə ümid etmir, atəşkəs barədə düşünmür.
İndi bu təşkilat Türkiyənin hər bir tərəfini müharibə meydanına döndərməkdə qərarlıdır.
Təbii ki, PKK xarici havadarlarının dəstəyi olmadan bu boyda böyük avantüraya getməzdi, gedə bilməzdi. 80 milyonluq bir ölkəyə, dünyanın ən qüdrətli ordularının siyahısında ilk onluğa girən bir orduya qarşı vuruşmaq asan iş deyil.
Yəqin ki, PKK və onun havadarları Türkiyə ordusunun cavab zərbələri endirəcəyini də proqnozlaşdırıb. Beşiktaşdakı terror aktından sonra onsuz da Türkiyə ordusu öz tarixi ərzində görünməmiş bir miqyasda terrorçuların üzərinə getməyi planlaşdırmışdı, Kayseri teraktı isə artıq heç bir tərəddüdə yer qoymadı.
Belə görünür ki, Ərdoğan iqtidarı Türkiyənin ikinci Suriyaya döndərilməməsi üçün əlindəki bütün imkanları səfərbər edəcək. Güman ki, terrora qarşı aparılan genişmiqyaslı əməliyyatlar təkcə ölkənin cənub-şərqini əhatə etməyəcək, Türkiyə hüdudlarından kənara aşaraq PKK-nın baş qərargahının yerləşdiyi Kandil dağlarını, Zap bölgəsini də əhatə edəcək.
AKP hakimiyyətinin “kürd açılımı” siyasətini rəsmən bitmiş, rəfə qaldırılmış saymaq olar. Kürdlərə münasibətdə böyük güzəştlər, hüquqlar, yumşalmalar, əfvlər nəzərdə tutan bu siyasət silahlı, separatçı kürdlər tərəfindən layiqincə qiymətləndirilmədi. Onlar bunu türk ordusunun təslimi kimi başa düşdülər, silahlanmaqda, bomba depolamaqda davam etdilər, bir gün yenə dövlətə diş qıcadılar və nəticəsi belə oldu.
İndi PKK terrorçularına buraxılmış meydanlar qarış-qarış geri alınacaq. Türkiyə ordusunun qətiyyətli həmlələri davam etsə, PKK-nın bütün beynəlxalq havadarları toplaşsa da, onu Türkiyə ordusunun əlindən ala bilməyəcəklər.
Hələ onların bunu istəyib-istəməyəcəyi də sual altındadır. Çünki belə böyük qovğalarda iştirakçı olan güclər özlərinə, öz maraqlarına təhlükə yarandığı halda geri çəkilir, istifadə etdikləri maşaları bir kənara tullayırlar. Tarixdə bu kimi faktlar yüzlərlədir.
Türkiyənin artıq itirəsi bir şeyi yoxdur. Avropaya yönəlik siyasəti effektli olmadı, Rusiyayla əbəs yerə gərginliklər yaşadı, ABŞ-la strateji müttəfiqliyinin səmimi olmadığı ortaya çıxdı, region dövlətlərinə nə qədər xoş davransa da, adekvat reaksiya görmədi.
İndi o, hücuma keçməlidir, ən əvvəl öz daxilindəki üsyan ocaqlarını söndürməli, öz qanayan yaralarını sarıyıb, yenidən güclü dövlət olduğunu dünyaya göstərməlidir.(musavat.com)


Şərhlər