Dmitri Nazarov Azərbaycan yığmasının tarixinə düşdü
Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov ölkə futbolu tarixinə düşüb. 29 yaşlı hücumçu dördqat dünya çempionlarına və Avropanın ən titullu yığmaları İtaliya və Almaniyaya qol vuran ilk azərbaycanlı futbolçu olub.
Almaniyanın "Aue" klubunun futbolçusu ilk dəfə 2016-cı il oktyabrın 10-da Bakıda Avro-2016-nın seçmə qrup oyunu zamanı İtaliyanın qapısına yol tapıb. Martın 26-da isə Tofiq Bəhramov adına Respublika stadionunda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniyanı məyus edib. Nazarov hər iki görüşdə komandasının bərabərlik qolunun müəllifi olsa da, yekunda Azərbaycan yığması müvafiq olaraq, 1:2 və 1:4 hesabı ilə uduzub.
Qeyd edək ki, hazırda Nazarovun aktivində 6 qol var. Onlardan 4-ü rəsmi matçlarda vurulub. O, ötən tskildə Bakıda Bolqarıstan və Maltanı məyus edib. Digər 2 qol isə yoldaşlıq görüşlərinə təsadüf edib. /"Report"
“Yaşadığın ölkənin yığmasına qol vurmaq inanılmaz hissdi”
“Dünya çempionuna, ailəmlə birlikdə yaşadığımız ölkənin yığmasına qarşı oynamaq və qol vurmaq inanılmaz hissdi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov deyib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya yığmasını qəbul edən millimiz 1:4 hesabı ilə uduzub.
Matçdan sonra alman mətbuatına açıqlama verən Nazarov oyunla bağlı fikirlərini bildirib. II Bundesliqa təmsilçisi “Aue”nin üzvü olan yarımmüdafiəçi bunları deyib: “Qrupda Almaniyaya heç kim qol vura bilmirdi. Stadion azarkeşlərlə tam dolmuşdu. Bu, azərbaycanlıların oyuna olan marağını göstərirdi. Hesabı bərabərləşdirdikdən sonra dərhal qol buraxdıq və bu, bizi şoka saldı. Vəziyyəti dəyişmək artıq çətin idi”.
Nazarov artıq diqqətini klubunun çıxışına yönəldəcəyini qeyd edib: “Bir gün istirahət etdikdən sonra “Aue”nin heyətində məşqlərə başlayacağam. Həftənin ikinci günündən etibarən “Sankt-Pauli” ilə matçın hazırlığına start verəcəyəm. Düşünürəm ki, Almaniyaya qol vurduqdan sonra baş məşqçi bu görüşdə məni oynadacaq”.

Şərhlər