Menu

Köhnə və təzə mozaikanın insanlar barədə söhbəti

18.05.2017, 11:30
Köhnə və təzə mozaikanın insanlar barədə söhbəti

Hadisə Slavyan Universitetində vaqe olur. Bu universitetə yeni təyin olunmuş rektor Universitetin simvolu olan mozaikanı sökdü. Elə söküntü başa çatan kimi Təhsil naziri ona töhmət verdi. Töhmətdən sonra Yeni mozaika quraşdırıldı. Köhnə mozaikanın qırıntıları Təzə mozaikaya “xoşgəldin” etdikdən sonra onların arasında maraqlı dialoq baş verdi:

Köhnə mozaika: Mən sənə baxanda daha cazibədar və gözəl idim. Rafiqlə Telmanın əziz canı üçün. Yeni rektor supermüasir düşüncəli olmasa idi, indi mən yerimdə qalmışdım.

Təzə mozaika: Vallah, mənim materialımı xaricdən gətirdilər. Mən bu universitetin indiki vəziyyətini bilmirdim. Bilsəydim, heç gəlməzdim. Bir də ki, sən Rafiqlə Telman adını çəkdin. Onlar kimdir ki?

KM: Bir azdan görəcəksən kimdir onlar. Prorektorlardır. Onlara halal etmirəm, illərlə kölgəmdən keçib universitetə daxil oldular. Sonra məni dağıdanda ikisi də qıraqda durub zövq alırdı.

TM: Belə çıxır ki, sənin heç bir günahın olmayıb. Sadəcə, köhnə adı ilə söküblər. Telman, nə bilim Rafiq dedin, nə dedin, yəni bunlar köhnə abidələrin dəyərini bilməyən adamlardır hə?

bsumozaika

KM: Nəinki abidələrin, heç onlara yaxşılıq edənlərin də qədrini bilməyən adamlardır.

TM: Nə qəribə adamlardır bunlar. Canıma üşütmə düşdü. Belə çıxır ki, təmir zərurəti yaransa, məni də sökəcəklər? Gör mən hara gəlmişəm?

KM: Bilirsən, mən nə qədər bura böyük adamların gəlişinin şahidi olmuşam. Kənardan baxıb görürəm ki, indi bura böyük adamlar daha gəlmir. Məni sökəndən sonra eşitdim ki, bir Milli Qəhrəman gəlibmiş, onu da qovublar.

TM: Vay-vay. Gör mən hara gəlmişəm. İxtiyarım olsa, Telmanla Rafiqi içəri buraxmaram.

KM: Mən də onların dönüklüyünü bilməmişəm. Bilsəydim, onları daşlayardım. Ancaq mən taleyimdən narazı deyiləm. Buranı əsl universitet olanda bəzəmişəm. Sən isə kollecə gəlmisən.

TM: Başa düşmədim. Nə kollec, altımda “universitet” yazılıb axı.

KM: Deyim bil... Bura rektor təyin olunan xanım əvvəl kollec müdiri olub. Oradan xeyli adamlar gətirib bura. Yəni onlar demək olar ki, buranı kollecə çeviriblər. Gördün, sənə heç açılış də eləmədilər.

TM: Düz deyirsən. Bəs burda işləyən müəllimlər sənin sökülməyinə etiraz eləmədilər? Belə çıxır ki, nə vaxtsa mənim də sökülməyimə susacaqlar?

KM: Susacaqlar. Telmanla Rafiq kimi adamlardan imdad gözləmə. Onlar heç olmasa mənim tariximə və məndə əks olunan klassiklərə hörmət etməli idilər. Məni qoy bir qırağa, vəzifə hərisliyi gözlərini elə tutub ki, onlara tapşırıq verilsəydi, əllərinə çəkic götürüb məni özləri sökərdi

TM: Məni quraşdıranda eşidirdim bəzi şeyləri. Səni tərifləyirdilər. Möhtəşəm və böyük sahə tutmağın barədə danışırdılar. Ancaq nə etməli, reallıq budur. Yaxşı, sağ ol, deyəsən rəhbərlik gəldi. Sonra danışarıq.

KM: Buna baxın e! Gəldiyi 3 gündür, rəhbərlikdən qorxur.

TM: Əşi, sən məni neynirsən, sən bu qədər tələbəni, müəllimi düşün, qoy onlar qorxsunlar abidəni sökəndən, Milli Qəhrəmanı qapıdan qovandan. Qoy valideynlər qorxsunlar uşaqlarına görə. Qoy Təhsil Nazirliyi qorxsun universitetin kollecləşməsindən. Məndən keçib, onsuz da mənə baxıb keçənlərin çoxu səni arzulayıb ötürlər.

Toğrul Hüseynbəyli

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol