Menu

Qızıl medal qazana bilməyən federasiyadan sərt etiraz - "Heç vaxt sifarişlə..."

31.05.2017, 16:57
Qızıl medal qazana bilməyən federasiyadan sərt etiraz - "Heç vaxt sifarişlə..."

Azərbaycan Uşu Federasiyası “AzPolitika.info” saytının 12 may 2017-ci il tarixli buraxılışında yayımlanmış “IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək idmançıları kim seçir?!” başlıqlı yazıya etirazını bildirib. Federasiyanın prezidenti Azər Həsənsoyun redaksiyamıza daxil olan etiraz məktubunda sözügedən yazıda əksini tapan iddiaların həqiqəti əks etdirmədiyi vurğulanır.

Xatırladaq ki, adının çəkilməsini istəməyən və uşu üzrə Milli komandanın üzvlərinin seçilməsindən narazı qalan bir idmançının məlumatları əsasında hazırlanan yazıda bildirilirdi ki, milli komanda üzvlərinin seçim prosesi obyektiv olmayıb, kənar təsirlərin ciddi rolu olub. Belə ki, federasiya prezidenti Azər Həsənsoy Uşu Federasiyasının idmançılarını kənarda saxlayaraq, onların yerinə digər idman növləri ilə məşğul olan idmançıları seçib. Məsələn, 70 kq çəki dərəcəsində, düz 2 ildir ki, bu yarışlara hazırlaşan Taleh İsayevi son anda bu yarışlardan məhrum ediblər.

Lakin Uşu Federasiyası bu iddianı rədd edib. Azər Həsənsoyun etiraz məktubunda bildirilir: “Sözügedən məqalədə Azərbaycan Uşu Federasiyasının ünvanına həqiqətə uyğun olmayan məlumatlar yer alıb. Bununla əlaqədar bildiririk ki, məqalənin dördüncü sətirindən başlayaraq sonunadək Azərbaycan Uşu Federasiyasının ünvanına heç bir jurnalist araşdırması aparılmadan, məlumatın obyektivliyi yoxlanılmadan və mənbəyi göstərilmədən, həqiqətə uyğun olmayan və qərəzli məlumatlar yayılmışdır. Bu da Azərbaycan Uşu Federasiyasının içtimaiyyətdə olan nüfuzuna xələl gətirib, IV İslam Oyunlarında iştirak edən idmançıların şərəf və ləyaqətini ləkələyib.

Qeyd edirik ki, Azərbaycan Uşu Federasiyası müstəqilliyimizin ilk illərində yaradılmış içtimi birlik (qeyri-hökumət təşkilatı), idman təşkilatı olaraq təcrübəli idmançılar yetişdirmiş və onlarla Avropa və dünya çempionatlarının medallarının ölkəmizə gətirilməsinə müvəffəq olunmuşdur.

Azərbaycan Uşu Federasiyası yarandığı tarixdən hal-hazırkı vaxtadək Beynəlxalq Uşu Təşkilatının qaydalarını və Azərbaycan Respublikasının “Bədən tərbiyəsi və İdman” haqqında qanunun tələblərini rəhbər tutaraq öz fəaliyyətini qurmuşdur.

Qeyd olunan məqalədə göstərilən böhtandan fərqli olaraq Azərbaycan Uşu Federasiyası yarandığı tarixdən hal-hazırkı vaxtadək heç zaman kənar təsirlər altında fəaliyyətini qurmamış və heç kəsin göstərişi, sifarişi ilə idmançıların yarışlarda iştirakı müəyyən edilməmişdir. Məqalədə qeyd etdiyiniz halların heç biri həqiqətə uyğun deyil və federasiya daxilində heç bir qalmaqallı hadisə baş verməmişdir”.

Federasiya prezident bütün bunları əsas gətirərək, sözügedən yazıdakı iddiaların təkzib olunmasını tələb edir.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının uşu-sanda yarışlarında 17 ölkədən idmançılar çıxış edib. Ölkəmiz bu idman növündə 7 çəki dərəcəsindən 6-da təmsil olunub. Hər 6 idmançımız mükafatçılar sırasında olub – 3 gümüş, 3 bürünc. Bu nəticəni müəyyən qədər qənaətbəxş hesab etmək olar. Lakin nəzərə alsaq ki, Azərbaycan idmançıları IV İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 75 qızıl medal qazanıblar, Uşu Federasiyasının bu yarışdakı iştirakı və xüsusən də idmançıların seçilməsi ilə bağlı mübahisə və iradlar çox da yersiz görünməməlidir. Başqa sözlə, Uşu Federasiyası IV İslam Həmrəyliyi Oyunlarını qızıl medalsız başa vuran tək-tük idman federasiyalarından biridir. Bu baxımdan seçimlərdən kənarda qalan, xüsusən də son anda yarışda iştirak etmək şansını itirən idmançılarımızın etirazlarını, lap olsun ki, açıq olmayan etirazlarını bu qədər aqressivliklə qarşılamağa heç bir ehtiyac yoxdur. Federasiya prezidenti Azər Həsənsoyun yazını qələmə alan jurnalisti sosial şəbəkə üzərindən təhqir etməsi isə ümumiyyətlə yersiz hərəkət idi və müəyyən suallar doğururdu. Uşu üzrə Milli komandanın üzvlərinin seçim prosesində ədalətsizliyə yol verildiyinə dair iddialara ən tutarlı cavab - Federasiya prezidentinin təhqirləri yox, idmançıların yarışlarda qazandıqları yüksək nəticələr ola bilərdi. Yuxarıda da qeyd etdiyimiz kimi, 6 idmançımızın hamısının medal qazanması sözsüz ki, uğurdur, lakin qızıl medalların “göydə uçuşduğu” bir yarışda Uşu Federasiyasının payına heç nə düşməməsi, mübahisələr üçün müəyyən qədər əsas sayıla bilər.

Bununla belə, IV İslam Həmrəyliyi Oyunlarında uşu yarışlarında uğur qazanan idmançılarımızı bir daha təbrik edir, istər bu yarışlarda iştirak edən, istərsə də seçimlərdə kənarda qalan idmançılarımıza növbəti yarışlarda daha böyük uğurlar qazanmağı arzu edirik. Məqsədimiz görülən işlərə, çəkilən zəhmətlərə kölgə salmaq deyil, əksinə, böyük uğurların ilk növbədə ədalətli rəqabət şəraitində qazanıldığını bir daha xatırlatmaqdan ibarət olub. Uşu üzrə Milli komanda üzvlərimizin seçimi prosesi nə dərəcədə ədalətli rəqabət şəraitində keçib, bununla bağlı bizim hər hansı hökm verməyimiz, yəni sözügedən məlumatları təkzib edib-etməməyimiz heç nəyi dəyişmir. Əsas ortaya qoyulan nəticə və narazı qalan idmançıların mövqeyidir.

“AzPolitika”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol