Bakının Qaraçuxur qəsəbəsində yerləşən vəhhabi məscidində təftiş başlayıb. Axar.az-a daxil olan məlumatda deyilir ki, hüquq-mühafizə orqanları “Aşurbəy” və Badamdardakı sələfi ibadət evlərinin ardınca Qaraçuxurda da əməliyyat planlaşdırır.Artıq bu barədə xəbərdarlıq edildiyi bildirilir. Xəbərdə əməliyyat tədbirlərinin intensivləşdirilməsinin nəzərdə tutulduğu iddia olunur. Qaraçuxurdakı məscid “Əbu-Bəkr”dən sonra vəhhabilərin ən çox toplaşdığı ikinci məscid hesab olunur.
Müşahidələrə əsasən, hər gün ibadət vaxtı məscidin içində və qarşısında izdiham yaşanır. Vaxtilə “Əbu-Bəkr” məscidi önündəki qələbəlik indi Qaraçuxurda müşahidə olunur.
“Aşurbəy” (“Ləzgi məscidi” də adlanır) ibadət evində məhdudiyyətdən sonra Qaraçuxura axın daha da artıb. Məlumatlara görə, məscidin ətrafındakı ticarət köşkləri, iaşə obyektlərinin əksəriyyəti sələfilərə məxsusdur.
Paytaxtda sələfilərin ibadət mərkəzlərinin nəzarət altına götürülməsi, şübhəsiz, “İraq Şam İslam Dövləti” (İŞİD) terrorçu təşkilatının İraqdakı hücumları, hörgüt rəhbərliyinin verdiyi son hədələyici bəyanatlar və həmin bəyanatlarda Türkiyə və Azərbaycanın da hədəf göstərilməsi ilə birbaşa əlaqəlidir.
Həmçinin, artıq təsdiqlənmiş informasiyalara görə, İŞİD-in sıralarında yüzlərlə azərbaycanlı silahlı döyüşür ki, bu da operativ əməliyyat tədbirlərinin zəruriliyini xeyli artıran başqa mühüm faktordur. Çünki İŞİD-ə qoşulan radikal dinçilər əsasən bu cərəyana mənsub olanlardır.
Onu da qeyd edək ki, təhlükəsizlik sahəsində azərbaycanlı ekspertlər Milli Təhlükəsizlik Nazirliyinin son tədbirlərini müsbət qiymətləndirmiş, hətta belə addımları daha da intensivləşdirməyin zəruriliyini vurğulamışdılar. Sahə mütəxəssislərinin qənaətincə, hətta mümkün təhlükənin görüntüsünü yaratmaq da işin xeyrinə olardı, çünki İŞİD-lə iş birliyində olan və ya olmaq istəyən qüvvələr özlərini indidən yığışdırmış olardılar.
Söhbət həm də ondan gedir ki, İraqda Mosulu və bir neçə iri yaşayış məntəqəsini tutan İŞİD-çilər böyük məbləğdə maliyyə vəsaiti (təxminən yarım milyard dollar) ələ keçiriblər.
Bu isə qonşu regionlarda, o cümlədən Türkiyə və Azərbaycanda gənc sələfiləri şirnikləndirmək, “verbovka” eləmək baxımından olduqca ciddi amil rolunda çıxış edə bilər. Yəni paytaxtda aparılan əməliyyat tədbirləri təkcə profilaktik mahiyyət daşımaya bilər.
Göründüyü kimi, Azərbaycana və Türkiyəyə İŞİD təhlükəsi azalmayıb, bəlkə də artıb. Dünən isə məlumat yayıldı ki, terrorçu hörgüt artıq Türkiyə sərhədinə yaxınlaşıb. Belə ki, basqınçıların qardaş ölkə ilə sərhəddə yerləşən hava limanına hücum etdiyi bildirilirdi. Xəbərə görə, İŞİD Suriyanın Kamışlı adlanan bölgəsində yerləşən və Bəşər Əsəd hökumətinə məxsus hava limanına raketlər zərbələri endiriblər. Türkiyə tərəfi isə həmin ərazinin yaxınlığında olan hərbi güclərinin sayını artırıb. Hadisə zamanı ölən və yaralananların olması barəsində məlumat verilmir. Kamışlı adlanan bölgə Türkiyənin Mardin vilayəti ilə həmsərhəddir.
Artıq Türkiyədə də təhlükənin ciddiliyini nəzərə alıb real kontur-tədbirlər hazırlanır, əməliyyatlar həyata keçirilir. Ümumi təhlükənin dəf edilməsində isə iki qardaş ölkə yəqin ki, həm də ortaq işbirliyindədir. Bu yöndə gizli xidmətlərin informasiya mübadiləsi xüsusilə kara gələ bilərdi...(musavat.com)


Şərhlər