Menu

İcra hakimiyyəti Zəhranın ailəsini aldadıb? – "Kimləri kreslodan yıxacağımı bilirəm"

28.08.2017, 14:38
İcra hakimiyyəti Zəhranın ailəsini aldadıb? – "Kimləri kreslodan yıxacağımı bilirəm"

Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan 18 aylıq Zəhranın ailəsi Füzuli rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aldadılması barədə məlumatlar yayılıb.

Yenicag.az saytının xəbərinə görə, rayon icra hakimiyyətinin "Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş” şöbəsinin müdiri Qənimət Əliyev Zəhranın anasının savadsızlığından istifadə edərək, ərizəyə qol çəkdirib. Həmin ərizədə guya ailənin onlara təklif olunan ev və digər məsələlərdən imtina etdiyi qeyd olunur.

Məsələ ilə bağlı şəhid balamızın atası Elnur Quliyevlə əlaqə saxlanılıb. E.Quliyev, məlumatı təsdiqləsə də, bu barədə ətraflı danışmaq istəmədiyini dedi:

“Bu məsələni özüm həll edəcəm. Xahiş edirəm, heç kim qarışmasın. Özüm Prezident Aparatının qarşısına çıxacam. Mən kimləri kreslodan yıxacağımı bilirəm”.

Məsələ ilə bağlı BakuPost.az açıqlama verən Füzuli rayon İcra Hakimiyyəti məsul şəxsi Bayram Niftəliyev bildirib ki, yayılan məlumat tamamilə yalnışdır:

"Bildiyiniz kimi, 18 aylıq Zəhra balamız və onun nənəsi şəhid olduqdan sonra ölkə başçısı, ölkə ictimaiyyəti bu cinayəti qınadı. Bu hadisə baş verən ilk gündən etibarən Zəhra Quliyevanın ailəsinin yanında oldu, onlara maddi və mənəvi dəstək göstərdi. Yas mərasimləri icra hakimiyyəti tərəfindən qarşılandı. O cümlədən, Zəhra balamızın atası Elnur Quliyev və anası Nərmin Quliyeva icra başçısı tərəfindən işlə təmin olundular. Burada yaranan məsələ nədir. Deməli, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı Zəhranın ailəsi ilə görüşüb. Görüşdükdən sonra bu xanım Zəhranın ailəsinin adından ölkə başçısına müraciət ünvanlayıb. Müraciətdə nə Zəhra Quliyevanın atası Elnur Quliyev və anası Nərmin Quliyevanın imzası yoxdur. Onların imzası olmadan prezidentə evlə bağlı müraciət olunub. Bundan sonra icra hakimiyyətinin nümayəndəsi Qənimət Əliyev Zəhra Quliyevanın ailəsi ilə görüşüb. Zəhranın valideynləri görüş zamanı bildiriblər ki, bu müraciətdən onların xəbəri yoxdur. Digər tərəfdən xəbər yayılıb ki, guya, Zəhra Quliyevanın ailəsinə ev verilib. Lakin icra başçısı buna mane olub. Hansı vicdanlı adam deyə bilər ki, bu ailəyə mənzil verilməsin. Görünür, bəzi adamların öz məqsədləri var. Əgər Zəhra Quliyevanın ailəsinə mənzil verilərsə, icra hakimiyyəti bunu sevə-sevə icra edəcək. Çox xahiş edirəm ki, bu cür ucuz sensasion xəbərlər yaymaqla insanları aldatmasınlar. Özü də bu ailənin hələ də acısı təzədir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol