ABŞ-ın mövqeyində dəyişiklik müşahidə edilir, Vaşinqton bölgədə böyük müharibənin alovlanmasından ehtiyatlanmağa başlayıb
Şimali İraq Kürd Muxtariyyətinin (ŞİKM) müstəqillik referendumunu keçirməkdə inad etməsi bölgədə gərginliyi artırmaqdadır. 25 sentyabr tarixi yaxınlaşdıqca təkcə İraqda deyil, onun ətrafında, böyük bir bölgədə də yeni müharibə küləkləri əsməyə başlayıb.
ABŞ-ın referendumu təxirə salmaq təklifi etməsi kürdlərin referendumu təxirə saldıqlarını elan edəcəkləri ehtimalını yaratmışdı. Lakin iki gün əvvəl İsrailin baş naziri Benyamin Netanyahunun kürdlərin müstəqillik arzusunu dəstəkləyən bəyanat verməsindən sonra ŞİKM lideri Məsud Bərzani bir qədər də arxayınlaşaraq referendum keçirməkdə qərarlı olduqlarını və buna haqlarının olduğunu bəyan edib.
Yayılan məlumatlara görə, Kürd Muxtariyyətinin rəhbərliyinin nəzərinə çatdırılıb ki, mövcud beynəlxalq normalara əsasən, bu cür ayrılma referendumları birtərəfli qaydada reallaşa bilməz və mütləq etnik azlığın yaşadığı dövlətin ümumi razılığı ilə həyata keçməlidir. Əks halda, o, legitim sayılmayacaq. Bu gün beynəlxalq hüquq normaları nə qədər çeynənsə də, ölkələrin ərazi bütövlüyü, hər halda, öndə tutulur, ərazi bütövlüyünün zorla dəyişdirilməsi məqbul sayılmır.
Bununla belə, M.Bərzani nəyin bahasına olur-olsun referendumu keçirəcəklərini az qala gər gün bəyan edir.
Lakin ekspertlər hesab edirlər ki, Vaşinqton ortaya ciddi mövqe qoysa, Kürdüstanın müstəqillik referendumu ertələnə bilər. Böyük ehtimalla elə bu cür də olacaq. Çünki hazırda Bağdad-Ərbil və Bağdad-Vaşinqton arasında gizli diplomatik danışıqlar gedir. ABŞ-ın dövlət katibi Tillerson muxtariyyətin başçısı Bərzani ilə telefon danışığında referendumun təxirə salınmasını xahiş edib. Çox güman ki, İraqda vəziyyətin daha da mürəkkəbləşəcəyindən ehtiyat edən ABŞ referendumu ertələmək niyyətindədir. Amma Şimali İraqda referendum keçirilməsi ABŞ-ın regionda strateji planıdır. Buna baxmayaraq, Bərzani nə qədər referendumda israr etsə də, ABŞ-ın sözündən heç vaxt çıxa bilməz.
ABŞ referendum daha da ciddi problemlərə yol aça biləcəyini fərq etməyə başlayıb. Hesab edilir ki, əgər, Şimali İraq Kürd muxtariyyətinin referendum təşəbbüsü baş tutarsa, ilk növbədə İraqın parçalanmasına səbəb olacaq, ölkə daxili çaxnaşmaya sürüklənəcək. Nəticədə siyasi və təhlükəsizlik sahəsində ciddi problemlər ortaya çıxacaq. İraqın parçalanması, kürd dövlətinin yaradılması İran və Türkiyənin suverenliyini və ərazi bütövlüyünü təhdid edəcək ki, bu iki iri dövlət əlini-qolunu sallayıb gözləməyəcklər.
Bir sıra ekspertlər isə hesab edir ki, Kürd dövlətinin yaradılmasında məqsəd Türkiyə və İrana ciddi təzyiq etməkdir. Bu fikirdə olanlar Türkiyə ilə yanaşı Azərbaycanın bəzi əraziləri üçün də təhlükənin mövcud olduğunu düşünürlər. Onların fikrincə, birbaşa Türkiyənin cənub-Şərq hissəsinə və İranın Qərb hissəsinə ərazi iddiaları gündəmə gələcək. Həmçinin PKK və PJK-ın güclənməsi üçün rəsmi Ərbil hərbi-siyasi dəstək verəcək.
Bəzi siyasi təhlilçilər isə hesab edir ki, Yaxın Şərq regionunda davam edən müharibə və siyasi xaos sərhədlərin dəyişməsinə hesablanıb.
Kürd məsələsinin Azərbaycana təsirinə gəldikdə isə, bu əsasən Cənubi Azərbaycanla bağlıdır. Kürdlərin Urmiya tərəfinə ərazi iddiaları var. Türkiyənin Cənubi-Şərq hissəsi ilə birgə Naxçıvan da bu təhlükə ilə üzləşə bilər. Hazırda vəziyyət öz ciddiyyətini qoruyur(musavat.com).


Şərhlər