İspaniyanın baş prokuroru Xose Manual Masa xəbərdarlıq edib ki, Kataloniyanın müstəqilliyinin elan olunması regionun lideri Karles Puçdemonun həbsi ilə nəticələnə bilər.
"Azərtac" xəbər verir ki, Antena3 telekanalının bu gün yaydığı məlumata görə, prokurorluq Kataloniyanın İspaniyanın tərkibindən çıxmasını elan edəcəyi təqdirdə Puçdemona qarşı iddia hazırlayıb. Region liderini qiyamda ittiham edə bilərlər. İspaniya qanunvericiliyinə əsasən, bu cinayətə görə muxtariyyət başçısını 30 ilə qədər həbs cəzası gözləyir.
Xatırladaq ki, oktyabrın 21-də krallıq hökumətinin başçısı Mariano Rahoy konstitusiyanın indiyə qədər istifadə olunmayan 155-ci maddəsinin işə salınacağını bildirmişdi. Həmin maddə Madridə Puçdemonu və Kataloniya hökumətinin üzvlərini vəzifədən kənarlaşdırmaq hüququ verir. Bundan əlavə, mərkəzi hökumət muxtar regionda ən geci yarım il sonra seçkilər keçirmək niyyətindədir.


Şərhlər