Dələduzluqda təqsirləndirilən şirkət rəhbəri, Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşı Mahir Kərimovun istintaqa verdiyi ifadəsi bəlli olub.
Lent.az-ın məlumatına görə, təqsirləndirilən şəxs qismində ifadə verən Mahir Kərimov bildirib ki, 30 ilə yaxın tikinti sahəsində işləyib, 1987-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Baş Təmir Tikinti İdarəsində işləyərkən orada taxta sexinin rəisi olan Ələsgər Ömərovla tanış olub: “2005-ci ildə Ələsgər dedi ki, yüksək mərtəbəli bina tikintisi ilə məşğul olmaq üçün “Fateh-N” adlı şirkət açacaq. Mənə də direktor olmağı təklif etdi. Buna səbəb Ələsgərin başqa bir neçə şirkətin təsisçisi və sədri olması idi. Onu çoxdan tanıdığım üçün təklifinə razı oldum. Şirkətin təsisçisi Nəsir İsayev, direktoru isə mən oldum”.
Hakimin qardaşı deyib ki, 2007-ci ildə Ələsgərin tapşırığı ilə Nəsir İsayev təsisçilikdən çıxıb, bütün paylarını ona verib: “Ondan sonra həm təsisçi, həm də direktor oldum. 2005-ci ildə Neapol küçəsi 26 A ünvanı 11 mərtəbəli, 5 bloklu, 290 mənzilli binanın tikintisinə başlanıldı, özül qazılan andan mənzillərin satılmasına start verildi. Satışı birbaşa Ələsgərin özü tənzimləyirdi, müştərilərlə görüşürdü, pulu da mənim iştirakım olmadan alırdı. 2010-cu ilə qədər mənzillərin 99 faizi satıldı, həmin il binanın tikintisində problemlər yarandı. Çünki müştərilərdən alınan pullar bu binaya deyil, onun yanındakı ikinci binanın tikintisinə xərclənirdi. Buna görə də həmin bina üçün tikinti avadanlıqlarının alınmasında, işçilərin maaşlarının verilməsində çətinlik yarandı. Bu da tikintinin dayanmasına gətirib çıxartdı”.
Mahir Kərimov deyib ki, 2012-ci ildə Ələsgər Ömərov ürəktutmasından vəfat edib: “Bundan sonra mən binanın tikintisini öz gücümə davam etdirməyə çalışdım. Lakin maliyyə imkanlarım məhdud olduğu üçün başa çatdıra bilmədim”.
Qeyd edək ki, Ələsgər Ömərov İTV-nin sabiq rəhbəri İsmayıl Ömərovun qardaşıdır.
Zərərçəkənlər Fikrət Cəfərli, Namiq Qaraşov, Şahin Yusifov və Asif Yusifovla bağlı ifadə verən Mahir Kərimov bildirib ki, Namiq və Şahin binada molyar işlərini görüblər: “Nağd pul olmadığı üçün işlərin müqabilində onlara binadan qeyri-yaşayış sahəsi verməyə razılaşdıq. Aramızda müqavilə olmasa da, şifahi formada anlaşmışdıq. Asif isə bizim binadan bacısı üçün ev almışdı”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2014-cü ildə Fikrət Asiflə birlikdə onun yanına gəlib və deyiblər ki, Namiqin binadakı obyekti ona məxsusdur, Namiq onlardan 12 min dollar alaraq gizlənib: “Bundan sonra Namiq dedi ki, Şahin Yusifovun adına rəsmiləşdirdiyim həmin obyekti Fikrətə verəcəm. Mən də dedim ki, razılıq ərizəsi və müqaviləni gətirin, sənədləşdirək. Bir müddət sonra Namiq başqa təkliflə yanıma gəldi. Onun istəyi ilə 2016-cı ilin aprelində gördüyü işlərin müqabilində ona verəcəyimiz 425 kvadratlıq obyektin 60 kvadratını Fikrətin adına girov kimi keçirtdik. Bu dəfə isə Fikrət həmin yeri istəmədiyini dedi. Namiqlə Fikrət arasında baş verənlərdən sonra xəbər tutdum. Şahin öz adına olan 30 kvadrat obyekti başqa adama satıbmış. Hansı ki, həmin obyekti Namiq də Fikrətə satıb. Bundan sonra Fikrət şikayətlər yazmağa başladı, Namiqi də tapmaq olmurdu. Mən də 9 min dollar pulu Namiqdən alıb Fikrətə verəcəyim barədə qəbz yazdım, amma Namiqdən pulu ala bilmədim”.
İttihama görə, Mahir Kərimov Fateh-N MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən, bir mənzili bir neçə nəfərə satıb.
O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işində adı keçən şəxslərdən biri – Ramil Şükürov başqa cinayət işi üzrə istintaqa cəlb olunub. Zərərçəkənlər pulu birbaşa Ramil Şükürova veriblər. Bu barədə onlar cinayət işi üzrə ifadə versələr də, müstəntiq Ramil Şükürovu dindirməyib.
Mahir Kərimovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrlik etdiyi kollegiyada araşdırılır.


Şərhlər