Hazırkı zoopark və sirk Bakıya heç yaraşmır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elmira Axundova komitənin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, uşaqların sevimli yerləri olan zoopark və sirk pis vəziyyətdədir: “Mövcud zoopark heç bir parametrə sığmır, heyvanlar çox baxımsız vəziyyətdədir. Sirkdə də eyni vəziyyətdir. Bundan başqa, açıq havada olan əyləncə parkları da müasir səviyyədə deyil. Biz bununla bağlı - kütləvi tamaşa yerləri ilə bağlı qanun layihəsi hazırlaya bilərik. Mən bu layihəni hazırlamağa hazıram”.
Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov belə bir layihənin hazırlanmasının əleyhinə olmadığını söyləyib. O təklif edib ki, kütləvi tamaşa yerləri ilə bağlı layihə hazırlanarkən yalnız uşaqları deyil, gənclər auditoriyasını da nəzərə almaq olar.


Şərhlər
Torpaqlarımızın,məcburi köçkün həyatı yaşayan bir qurup millətimizin ağrıları olan yerdə zoopark və sirk dərdi çəkmək nə dərəcədə doğrudur?Hiss olunur ki,bu deputatları həmin əraziləri tezliklə boşaldıb göydələnlər tikmək istəyən milyonerlər danışdırır.Onların çıxışı yadıma "Kəlilə və dimnə" əsərində aşağıda əjdahanın dayanmış olduğöu quyuya düşən, son anda belə gözünə sataşan bala barmağını batırıb yalayan zavallı birisinin hekayəsi düşdü..