Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda, mənimsəmədə təqsirləndirilən "Dəmir Bank" ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.
Prosesdə şahidlər dindirilib.
"Dəmir Bank"da əməliyyatçı işləmiş Könül Məmmədova şahid qismində ifadə verərkən deyib: "Müştərilərin müraciəti əsasında sənədləşmə aparırıq, kassaya ödəniş edərək əmanəti qoyur və kassadan verilən sənəd əsasında müqavilə imzalanır. Hər şey sistem üzrə aparıldığı üçün biz qaydaları poza bilməzdik".
Təqsirləndirilən sabiq filial müdiri Axundovlarla bağlanan müqavilələrdən bank işçilərinin xəbəri olmadığını deyib.
Bankın mühasibi Rövşən Quliyev ifadəsində işlədiyi müddətdə heç bir qanun pozuntusuna yol vermədiyini göstərib: "Mənə qanunsuz tapşırıq verilməyib, mən də qanunu pozmamışam. Əmanətçilərin kitabçaları kassada saxlanılırdı. Kimsə pul çıxaranda bunu sistemdə də kitabçalara qeyd edirdik. Balansda hər şey aydın görünürdü. Kitabçalar "formalnı" bir şey idi, əsas müqavilə idi. Ona görə də kitabçanı kim istəsə ona verirdik".

F.Rəşadətli isə yenə də ifadə verməkdən imtina edib. Məhkəmə prosesi fevralın 8-də davam etdiriləcək.
İstintaq yolu ilə müəyyən edilib ki, Fərəh Rəşadətli “Dəmir Bank” ASC-nin Bayıl filialının müdiri vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda əmlakı ələ keçirib, dələduzluq edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədib.
O, Tural Axundovdan 395 min manat, Əzizə Axundovadan 1 milyon 155 min manat, Bəhruz Axundovdan 400 min manat, Pərvanə Əliyevadan 400 min manat, Gülnur Axundovadan 300 min manat, Sevda Xəlilovadan 300 min manat, Firəngiz Xəlilovadan 150 min dollar, Rüstəm Qasımovdan 100 min dolları əmanət kimi alaraq mənimsəyib. Qeyd edək ki, adları çəkilən şəxslər Azərbaycanın xalq şairi Xəlil Rzanın qohumlarıdır.
“Dəmir Bank”ın nümayəndəsi Firudin Quliyev mülki iddia qaldıraraq banka dəymiş maddi və mənəvi ziyana görə 100 min manat ödənilməsini tələb edib.


Şərhlər