“Mən Robert Cekutanı yaxından tanımıram”. Bunu AzPolitika.info-ya açıqlamasında Azərbaycanın Los-Angelesdə baş konsulu Nəsimi Ağayev ABŞ-ın Azərbaycana təyin edəcəyi səfirin namizədliyini açıqlaması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Diplomat deyib ki, Robert Cekuta ABŞ Dövlət Departamentində çalışır:
“Robert Cekuta Dövlət katibinin köməkçisinin müavinidir. Peşəkar diplomatdır və bir neçə il səfir vəzifəsində çalışıb. Robert Cekuta ilə şəxsi tanışlığım yoxdur. Məlum olduğu kimi onun namizədliyini ABŞ prezidenti Barak Obama irəli sürüb”.
Nəsimi Ağayev eyni zamanda ABŞ-ın hazırki səfiri Riçard Morninqstarın “Dağlıq Qarabağ ətrafındakı 7 rayon Azərbaycana qaytarılmalıdır” bəyanatına da münasibət bildirdi:
“Mən Ricard Morninqstarın bu bəyanatında heç də təəcüblü bir şey görmürəm. Çünki may ayının 7-də ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədri tərəfindən Vaşinqtonda keçirilən tədbirdə artıq səsləndirilib. Ümumiyyətlə, bu birmənalı olaraq, ABŞ-ın mövqeyidir. Onlar bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir və Dağlıq Qarabağ ətrafındakı rayonlar təcili olaraq, Azərbaycana qaytarılmalıdır. Hesab edirəm ki, səfir Morninqstarın bəyanatı Amerikali həmsədr Ceyms Uorlikin çıxışının davamıdır”.
Qeyd edək ki, səfir Riçard Morninqstarın səlahiyyət müddəti bu yay başa çatır və ABŞ prezidenti Barak Obama Morninqstarı əvəz etməsi üçün Robert Cekutanın namizədliyini irəli sürüb.
Ülkər Musazadə


Şərhlər