Menu

Ərdoğan və Putin Türkiyədə ilk Atom Elektrik Stansiyasının təməli qoydu

03.04.2018, 20:32
Ərdoğan və Putin Türkiyədə ilk Atom Elektrik Stansiyasının təməli qoydu

Türkiyədə ilk Atom Elektrik Stansiyasının (AES) təməli qoyulub.“Report” xəbər verir ki, stansiya ölkənin Mersin əyalətinin Akkuyu bölgəsində inşa olunacaq.

AES-in təməlqoyma mərasiminə video-konfrans vasitəsi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla hazırda Ankarada səfərdə olan Rusiya prezidenti Vladimir Putin də qatılıb. Dövlət başçıları təməlqoymanın rəmzi olan düyməni basıblar.

R.T.Ərdoğan təməlqoyma mərasimində bildirib ki, Akkuyu AES-in ilk reaktorunu 2023-cü ildə istismara verməyi planlaşdırırlar. Stansiyanın tikintisinin 20 milyard dollara başa gələcəyi gözlənilir. Bu maliyyə vəsaitinin hamısını Rusiyanın dövlət qurumları ödəyəcək.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə ikigünlük rəsmi səfəri başlayıb.Putini Əsənboğa hava limanında Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız, Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov və digər rəsmi şəxslər qarşılayıb.  Rəsmi qarşılamadan sonra Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün prezident iqamətgahına yollanıb. Rəcəb Tayyib Ərdoğan Vladimir Putini qarşılayıb.

Türkiyədə AES-in tikilməsi məsələsi 1955-ci ildə gündəmə gəlib. Bu istiqamətdə ilk konkret addım 2010-cu il mayın 12-də atılıb.

Xatırladaq ki, hazırda dünyanın 31 dövlətində 192 Atom Elektrik Stansiyası fəaliyyət göstərir. 16 ölkədə isə 55 AES tikilir. Pakistan, Qazaxıstan və İrandan sonra Türkiyə AES-ə malik olacaq 4-cü müsəlman dövlətidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol