Menu

"Bəlkə biz qrupdan çıxmayaq?"-  İspaniya-Portuqaliya matçı rusları şoka salıb

16.06.2018, 16:16
"Bəlkə biz qrupdan çıxmayaq?"-  İspaniya-Portuqaliya matçı rusları şoka salıb

Rusiyanın "Sport-Ekspress" nəşrində Dünya Çempionatının qrup mərhələsində keçirilən İspaniya-Portuqaliya qarşılaşmasını şərh edən tanınmış idman yazarı Dmitri Zelenov maraqlı nəticəyə gəlib. "Bəlkə biz qrupdan çıxmayaq?" başlıqlı yazıda müəllif hər iki komandanın fantastik oyun keçirdiyini yazaraq, buna sevinməklə bərabər, xeyli məyus olduğunu da gizlətməyib. Ona görə ki, Rusiya yığması öz qrupundan çıxsa, əvvəldən məlum olan cədvələ görə, növbəti mərhələdə bu iki komandadan biri ilə qarşılaşacaq. Rusların qrupunda 1-ci yeri tutan komanda İspaniya, Portuqaliya, Mərakeş və İranın olduğu qrupun 2-cisi, Rusiya yığmasının olduğu qrupun 2-cisi isə həmin qrupun 1-cisi ilə görüşəcək.

D.Zelenov yazır ki, 3:3 hesabı ilə bitən dünənki qarşılaşmadan və qrupda sərgilənən digər oyundan sonra İspaniya və Portuqaliyanın növbəti mərhələyə keçəcəyinə heç bir şübhə qalmayıb. Bu da Rusiya yığmasının həmin komandalardan biri ilə qarşılaşacağını dəqiqləşdirmiş oldu. Hər iki komandanın fantastik oyun göstərdiyini deyən şərhçi yazır: "Dünənki oyun bir suala cavab verməli idi - Rusiyanın bu komandaların hansı ilə görüşməsi bizim üçün daha əlverişlidir? Cavab tapıldı - heç biri ilə..."

O, daha sonra bildirir ki, rusiyalıları İspaniya və Portuqaliya futbolçuları ilə heç müqayisə etmək belə düzgün deyil. "Bəlkə heç qrupdan çıxmayaq" deyə ritorik sual verən müəllif , sonda "öləndə də musiqi ilə ölək" deyir və yenə də pley-off-da fantastik komandaya uduzmağın, qrupda qalmaqdan daha ləyaqətli sonluq olduğu qənaətinə gəlir. Və əlavə edir ki, dünən Soçidəki stadionda doğrudan da iki dahi komanda oynayırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol