Mürvət HƏSƏNLİ
Aslan İsmayılov xalqı onun yolunda inqilaba səsləyir. Səsinə səs verməyənləri azadlığa layiq olmamaqda ittiham edir. Ona qoşulub onun sevmədiyi adamlara onun üçün savaşmadıqlarını irad tutur. Sən demə, bu “haqsızlığa savaş” açmış yeni “azadlıq carçısı” tənha mübariz imiş.
Mən buna inana bilərdim, əgər adamın tərcümeyi-halı ortalıqda olmasaydı, son iki ildə iç üzünü görməsəydim. Bizdə belə bir misal var: “Soruşurlar qardaşın necə adamdır, deyir dostluq etməmişəm”. Mən isə Aslan İsmayılovla iki ildir dartışıram. Bu dartışmada onu çox gözəl öyrəndim və çox insanlar gördüyüm bu yaşımda təəccüblənməkdə davam edirəm.
Qarşımda uzun illər insanları şantaj etmək, hədə-qorxu gəlmək, hüquqi müstəvidə uduzanda məsələni siyasiləşdirib hədəfdən yayındırmaq, mövcud olmayan faktlara istinad etmək və çoxdan ölmüş adamları şahid kimi göstərməklə özünə lazım olan emosional atmosferi yaradıb situasiyanı udmağa çalışan bir şantajçı var. Məsələn, konkret olaraq son hadisəni götürək. Özünü hüquqşünas adlandıran Aslan İsmayılov feysbukdakı çıxışında Prezidentdən başlamış administrasiyanın iki şöbə müdirini, daxili işlər və ədliyyə nazirini, Baş Prokuroru və bir rayon polis idarəsi rəisini təhqirlərə və hədələrə məruz qoyur, xalqı passivlikdə ittiham edir. Elə görünə bilər ki, hansısa bir qanunsuz hadisə, zorakılıq baş verib. Amma, yox sadəcə məhkəmənin çağırışana əməl etməmiş vətəndaşın evinə qanuna uyğun olaraq polis gəlib və bildirib ki, vətəndaş Aslan İsmayılovun məhkəməyə gəlməsi vacibdir. Vəssalam! Burada qeyri-qanuni, qeyri-insani, məzəmmət olunası nə var axı? Polis tərəfindən heç nə. Amma Aslan İsmayılovun məhkəməni saymaması məzəmmət olunası haldır. İndi bu adam “mənim qapıma polis göndəriblər” kimi Məşədi İbad arqumentləri ilə şivən qoparıb saxta emosional fon yaradır. Əslində isə “qapıma polis göndəriblər” arqumenti bir hüquqşünas deyil, kənd lotusunun arqumentidir. Ay psevdohüquqşünas, qanuna görə məhkəmənin çağırışına gəlməyənləri polis göndərib məhkəməyə dəvət edirlər! Niyə axı bu bütün vətəndaşlar üçün keçərli, amma Aslan İsmayılov üçün qəbuledilməzdir? Ölkədə qanunsuzluqla mübarizə apardığını iddia edən bu min dona girən məxluqun polisin qanuni hərəkətinə bu reaksiyasının səbəbi nədir? İsterika qaldırıb situasiyanı fərqli rəngdə təqdim etmək türklər demiş “duyğu sömürgəçiliyi yapıb” özünə rəğbət qazanmaq. Bax bu Aslansayağı qaşıqda fırtına yaratmaq məharətinə parlaq bir misaldır.
Onun 19 dəqiqəlik “duyğu sömürgəçilyinin” daha bir aslansayağı ənənəvi priyomu: şahidi olmayan, sübutu mümkünsüz iddialar! Bu Aslanın ən sevimli gedişidir. O bir qayda olaraq özünü qorumaq üçün itmiş sənədlərə istinad edir (Batırdığı Sumqayıt işində olduğu kimi), ölmüş adamları şahid kimi göstərir, sənədi sübutu olmayan iddialarla çıxış edir. Sonuncu hal Fuad Ələsgərovla bağlıdır. A.İsmayılov iddia edir ki, guya F.Ələsgərov ona zəng edib Eynulla Fətullayevin əleyhinə yazı yazmasını xahiş edib, A.İsmayılov da bundan imtina edib. Ortada nə sənəd, nə də bir başqa sübut var. Özünə hörmət edən şəxsiyyət, hüquqşünas dövlət strukturunda yüksək vəzifə tutan bir şəxs haqqında sübut edə bilməyəcəyi iddianı irəli sürərmi? Sürməz, təbii. Amma Aslan üçün faktlar əhəmiyyət kəsb etmir, onun üçün emosional fon maraqlıdır. Bu emosional fonun yalan və ya doğru sözlərlə yaradılması isə onun üçün artıq əhəmiyyətsizdir.
Amma “Eynulla Fətullayev Azərbaycana qarşı” başlığı ilə Avropa İnsan Haqları məhkəməsində açılmış işi tərcümə edərək KİV-lərə yayan məhz Aslan İsmayılov olmuşdu. Təbii ki, hakimiyyətə xoş gəlmək üçün. Amma Aslan İsmayılovun Fuad Ələsgərova zəng edib prezidentlə görüşmək müqabilində E.Fətullayevin əleyhinə yazı yazmağı təklif etməsinə, amma rədd cavabı almasına, indi isə həmin faktı 180 dərəcə çevirib təqdim etməsinə bütün varlığımla inanıram. Bax, bu, əsl Aslan İsmayılovsayağıdır! Bu odur! Özüdür ki, var! Aslan İsmayılovdur!
İnanıram ki, o Fuad Ələsgərovu şantaj edir ki, onu ədalət məhkəməsinin əlindən alsın. Bu aslansayağıdır. Bu odur, özüdür!
İndi qayıdaq Aslansayağı inqilab və azadlıq aşiqliyinə.
Azərbaycanda ən böyük inqilab, azadlıq hərəkatı, xalq hərəkatı, müstəqillik hərəkatı 1988-1993-cü illərdə olub. İnsanlar döyülür, həbs edilir, öldürülür, amma meydanlardan çəkilmir, azadlıq və müstəqillik istəyirdilər. Bəs indi insanları ona qoşulmamaqda ittiham edən və xalqı qınayan Aslan İsmayılov o dövrdə harada idi? Bəlkə o da bizimlə Azadlıq meydanında müstəqillik tələb edir, 20 yanvar meydanında tankların qarşısına çıxır, ermənilərə havadarlıq edən Sov İKP MK-ya və Sumqayıt hadisələrini tərtib edib, sonra da ermənilərin iştirakını ört-basdır edən DTK-ya, SSRİ Prokurorluğuna etiraz edirdi? Yox, yox, yox! Aslan İsmayılov onda - 1989-93-cü illərdə Respublika Prokurorluğunda məhkəmələrə nəzarət üzrə prokuror çalışırdı. Yəni sovet prokuroru kimi məhkəmələrə nəzarət edirdi ki, xalq hərəkatının fəallarını daha sərt cəza versinlər. O, sovet repressiya maşınının mexanizmlərindən biri olan sovet prokuroru kimi sovet sisteminə qarşı çıxan azərbaycanlılara qarşı sovet dövlət sisteminin keşiyində idi. Sumqayıt hadisələrinin təşkilatçılarını ört-basdır etmək işini Sumqayıt məhkəməsində üzərinə götürmüş adam məhz odur. İndi adamları etiraza səsləyən Aslan, bəs niyə o zaman bu milli xəyanətə etiraz etmədiniz? Bəs niyə Mənsur İbayev bu cəsarəti özündə tapdı, həm də sizin şahidlərdən fərqli olaraq indi də sağdır? Əgər etiraz və inqilab müqəddəs işdirsə, milli marağa görə niyə etiraz etmədiniz? Yoxsa sizin şəxsi iddialarınıza görə etiraz milli maraqlara etiraz qədər müqəddəs deyil?
1989-92-ci illərdə sizə bir nəfər meydanda etiraz edən, müstəqillik tələb edərkən görüb? Amma lütfən dünyasını dəyişmiş və guya “adını xatırlamadığınız” şahidlərin ruhunu incitməyin. Heç olmasa onları özünüzə şərik çıxarmayın.
Müstəqillik və antikommunist etirazlarında, müstəmləkəyə xalq hərəkatında sovet respublikasının prokurorluğunda anti - xalq repressiyaları rahatca müşahidə edən birisi indi “qapıma polis göndəriblər” deyib xalqı küçələrə səsləyir. Bərakallah! Bu nə mübarizlik, bu nə vətən və azadlıq sevgisi, bu nə qanunpərəstlik! Məntiq də ki, yeri –göyü lərzəyə gətirir. Axı o nə az, nə çox, Kuban Universitetinin məzunudur, Zelençuk stansiyasında məhkəmənin keçmiş sədridir. O az qala Kamilovdur!
Onun qapısına polis gəlməsi qanuna zidd deyil. Amma Aslan İsmayılovun özünün uydurduğu hansısa kodeksə zidd imiş. Polisin də bu kodeksdən xəbəri olmadığı üçün onun evinə gedib və bildirib ki, vətəndaş Aslan İsmayılovun məhkəməyə gəlməsi xahiş olunur. İndi də bu məsləyə görə Aslanın FB –də qaldırdığı isterikanı izləyin. Baş vermiş hadisə ilə ona verilən reaksiyanı müqayisə edin və bu adamın nə dərəcədə adekvat olduğuna şahidlik edin. Fuad Ələsgərov, Əli Həsənov, Fikrət Məmmədov, Zakir Qaralov, passiv xalq və daha kimlər pis imişlər! Hamı küçəyə çıxıb məhkəməyə gedib Aslanın müdafiəsinə qalxmalıdır! Niyə? Ona görə ki, Binəqədi polisindən bir nəfər gəlib məhkəməyə çağırışı çatdırıb və çıxıb gedib. Deməli, adam adekvat deyil! Bəs haqsızlığa etiraz edən Aslan İsmayılov 20 yanvar hadisəsindən sonra etiraz olaraq sovet prokurorluğundan istefa etdimi? Yaxud hansısa bir formada etirazını bildirdimi? 20 yanvar günü Şəhidlər xiyabanında qəbir qazdımı? Respublika xəstəxanasına küçələrdən yaralı daşıdımı? Xeyr! Etmədi! O hadisələr şəxsən ona toxunmurdu, ona görə! İndi sual edirsiniz ki, xalq niyə sizə küçəyə çıxıb müdafiə etmir. Ona görə ki, bu xalq müqəddəs iş üçün küçədə olanda siz prokurorluqda gizlənir və cəza aparatına nəzarət funksiyasını həyata keçirirdiniz. Sovet cəza aparatına etiraz etmədiniz. Məgər sovet cəza aparatı humanist idi? Azərbaycan xalqı çətin mübarizədən keçib, çox inqilab edib. Sadəcə siz onunla olmamısınız. Azərbaycan xalqı dünyanın ən böyük imperiyası ilə savaşanda siz ona qoşulmadınız. Əksinə, “Sumqayıt işi”ndə onu arxadan vurdunuz. İndi arxadan vurduğunuz xalqdan imdad istəyirsiniz. Sizin simanızda hər kəsə görk olmalıdır ki, xalqı satmaq və onu aldatmaq qısa müddətdə sərfəli ola bilər.
Azadlıq, qanun, haqq -ədalət terminləri ilə janqlyorluq etdiyiniz kifayətdir! Artıq ifşa olunmusunuz və sizin mahiyyətiniz bəllidir: şantajçı, demoqoq, manipulyator! Ancaq, dünyanın işi belədir ki, hər şeyin bir sonu var! Növbəti isterik çıxışınızda belə bir söz işlədirsiniz: “hər şeyin bir sonu var!” Bax bu fikrinizlə razıyam. Sonra deməyin ki, sizə qarşı qərəzliyəm. Razılaşdığım məqamlar da var: hər şeyin sonu var! “Sumqayıt işi”ndə xəyanət etdiyiniz Azərbaycan xalqının bir yaxşı atalar sözü də var. Şübhə etmirəm ki, siz də razılaşarsınız mənimlə. Daha doğrusu Azərbaycan xalqı ilə: “Su çanağı suda sınar”!


Şərhlər
YAXWI BES,SEN ...HARADAYDIN,YEQIN ...,,XEMSE,,TIKIRDIN...
Artıq sizin bu barədə yazılarınız ..... Heç oxumuram da belə yazılarınızı... Siz də tarixin ələyində ələnib gedəcəksiniz, zamanı var, sadəcə.
Mürvət HƏSƏNLİ bu yazısına görə hansı imtiyazlar alır görəsən